Baş (!?) prokururluq və pronoqrafiya

Jurnalist Natiq Ədilova xəbərdarlıq bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi, tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə və KİV-də yaydığı əxlaqa və etika normalarına sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib. Bu barədə “Trend”ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
E.Sultanov bildirib ki, qanun pozuntusundan çəkindirmək məqsədi ilə N.Ədilova edilən xəbərdarlıq tam qanun çərçivəsində həyata keçirilib.
“Hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən Natiq Ədilov da bilməlidir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir”, - deyə o bildirib.
Xatırladaq ki, "Azadlıq" qəzetinin əməkdaşı Natiq Ədilov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və şəhər prokuroru Əziz Seyidovun imzası ilə ona yazılı xəbərdarlıq edilib. Xəbərdarlıq jurnalistin sosial şəbəkələrdə yazdıqları ilə bağlıdır. Xəbərdarlıqda qeyd edilir ki, Natiq Ədilov sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində "iqtisadi islahatların mahiyyətini və əsl gerçəkliyi əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər" səsləndirib və görüntülər yerləşdirib. Həmin yazı və görüntülərin, eyni zamanda pozuntuların nədən ibarət olduğu açıqlanmayıb.

Baş Prokurorluğun bu xəbərdarlıqla bağlı açıqlamasına Natiq Ədliov münasibət bildirib. O, facebook səhifəsində paylaşdığı cavabda bildirib ki, bu, açıq-aşkar davadır: “Böyük və əzazil dövlət aparatı üstümə hücuma keçib. Baş Prokurorluğun açıqlaması onu hazırlayanların necə cahil və savadsız olduğuna nümunədir. Açıqlamanı oxuyanda özümə sual verdim: Əcaba, burda heç olmaya bir cümlənı başın (beynin) məhsulu saymaq olarmı? Qətiyyən yox.
Bəla da bax burdadır.
Rüstəm İbrahimbəyov hökumətin qəzəbinə gələn ilk müsahibəsində bu problemə toxunmuşdu. O yazmışdı ki, elitanın təbii formalaşma mexanizmi bizim ölkədə yoxa çıxardılıb. Ona görə baş yerinə çox zaman ayağın hökm etdiyi ilə üzləşirsən.
Azərbaycan hakimiyyəti böyük çaşqınlıq içindədir. Bu çaşqınlıq onu hər gün daha ağır səhvlər etməyə vadar edir. Necə deyərələr, bir yalanı ört-basdır etmək üçün yeddisini uydururlar.
Bu baxımdan baş verənləri təmkinlə, gülərək izləyirəm. Mənim şüurlu ömrüm müxalifətdə keçib, tutduğum yolu düz və ədalətli sayıram. Bəşəriyyəti zirvələrə aparacaq yollardan olan bu haqq yolu üçün Natiq Ədilov öz miskin canını çoxdan qurban deyib. Yəni, yoldaşlar, hədə qorxunuzun ən yüksəyi nədir, mustafanı yığışdırın, onu götürün gəlin, mən hazıram.
Azərbaycan hakimiyyəti nəhayət başa düşməlidir ki, ayrı-ayrı etirazçı insanları hədəfə almaq onu rüsvayçı sonluqdan heç cürə qurtara bilməyəcək. Heç bir prokuror, polis, hakim İlham Əliyevin xalqa etdiyi sitəmin unudulmasına məlhəm ola bilməz.
Yazdığımız, danışdığımız sözlər böhtan deyil, həyatın, günümüzün özüdür. Xalqdan aralı düşmüsünüz, qılafınızı sındırın, bir görün çöldə insanlar sizdən nələr danışır.
Problem Natiq, Məmməd, Vəli deyil. Etiraz var, onu yatırmaq istəyirsizsə, səbəbi aradan qaldırın, ədalətli olun, insnanların ləyaqətli həyat sürməsinə imkan verin, qanunları qoruyun”.