Qurban Məmmədovun üç rəngli bayraqla bağlı vacib bir
xatirəsini bilirsinizmi?
Sizə bir böyük sirri açmaq istəyirəm. Bu, hardasa bir “cinayət etirafı” da sayıla bilər.
Hüqonun “Səfillər”indəki Jan Valjanın onun əvəzinə başqa birini həbs etmək istəyərkən
keçirdiyi daxili təbəllüatlarını xatırlayırsınızmı? Həbsxanadan qaçan Jan
Valjan bir gün eşidir ki, onun yerinə başqa bir oxşarını tutub mühakimə edirlər.
Həyat bu insanın qarşısına ağır sınaq qoyur; nə etməli, bunu yanlış bir həyat
uğuru sayıb susmalı, yoxsa, uca mənsəbini atıb gedib hər şeyi danışmalı?
Vicdan Jan
Valjanı ikinci yolu tutmağa vadar edir və o, ağır cəzalanacağını dərk etsə də,
günahsız bir nəfərin həbsə düşməsinə imkan vermir. Məhkəməyə gedib hər şeyi
danışır.
***
Başa düşürəm ki,
edəcəyim müqayisə mənim xeyrimə çox şişirdilmiş olacaq. Ancaq yazacaqlarım da
elə belə məsələ deyil. Bilin: bu gün həbsdə günahsız yerə yatan “NIDA”çıların və
tanınmış vəkil Qurban Məmmədovun həbs vəsiləsi mən və Qurban Məmmədovun özüdür.
Bəli, oxuduqlarınızı səhv qavramadınız: Qurban Məmmədov və mən.
Ancaq “Səfillər”dəki
vəziyyətlə fərq ondadır ki, indi yazacağımı sabah gedib məhkəmədə etiraf etsəm,
nə məni tutan olacaq, nə də “NIDA”çı gəncləri azad edən.
***
Yanvarın soyuq
günləri idi. Işdən evə gec və yorğun gəlmişdim. Təzəcə toxdayırdım ki, Qurban Məmmədovdan
zəng gəldi: “Natiq, Xırdalana bir əsgərimizin meyiti gəlib. Uşağı döyüb
öldürüblər. Dur get, onu çək. Dərhal get!”
Nə qədər acı
olsa da, yazmalıyam. Bu bədbəxt hadisədə xəbər yükü görmədim. Əsgər ölümləri
bizim üçün çoxdan adiləşmişdi. Az qala, o vaxt da, elə indi də “daha bir əsgərimiz
şəhid öldü” xəbərlərindən “hava sabah yağışlı olacaq” xəbəri qədər həyəcanlana,
təsirlənə bilirdik.
Qurban bəyin
israrının qarşısında kompramisə belə gəldik: sabah tezdən gedib reportaj edəcəyəm.
Səhər “Azərbaycan
saatı”ın operatoru Xalid Qarayevlə deyilən ünvana getdik. Deyilən ünvan bu ilin
hadisəsi sayılan əsgər Ceyhun Qubatovgilin həyəti idi. Bəli, o ürək parçalayan
foto və videoları orada çəkdik. Işə qayıtdıq, materialı internetə yerləşdirdik.
Və bu günə qədər görünməyən oxunma rekordu yarandı - bu gün üçün həmin xəbərin
oxunma sayı 330 mindən artıqdı. Ictimai ajiotaj yarandı və sonrası bəllidir.
Gəncliyin
ardıcıl dinc aksiyaları başladı, qalxınmadan narahat olan hökumət fəalların bir
qismini şərləyib həbsə atdı.
Qətiyyən belə rəy
yaranmasın ki, Qubatovun ölümü ilə başlayan aksiyalar olmasaydı, həbslər baş
verməyəcəkdi. Xeyr, gec-tez bu olacaqdı. Amma təkrar edirəm, Qurban bəylə bizim
iş vəsilə oldu.
Bu baxımdan mən
“NIDA”çı dostlarla Qurban Məmmədovun həbsində üzvü bağlılıq, vəhdət görürəm.
Bu, mənim
etirafım idi. Indi söz səndədir, yoldaş hakim!
***
Etiraf bitdi,
indi isə keçək ondan da az əhəmiyyətli olmayan faktlara. Bilirsiniz ki, Qurban
Məmmədov gülünc bir ittihamla şərlənərək, zindana atılıb. Bu, onun üçüncü
siyasi məhbus həyatıdır. Qurban Məmmədov ilk dəfə Sovet Azərbaycanında, sonra
Heydər Əliyevin zamanında, bir də indi tutulub.
Son məhkəmə
zamanı bəlkə də çoxlarınızın şablon saydığınız bir fikir işlətdi Qurban bəy: “Mən
vaxtilə Azərbaycan bayrağını ilk dəfə dalğalandırmağıma görə ittiham olunanda
indi filan-filan yerlərdə olanlar həmin vaxt məni dalğalandırdığım bayrağın
altında yalan ifadələrlə, qurama istintaqla şərləyərək ittiham edirdilər”.
Qurban Məmmədovun
dedikləri nə qədər obrazlı ifadə olsa da, eyni zamanda da faktolojidir, hərfi
baxımdan doğrudur. Sizə təqdim edəcəyim faktlar ilk dəfə mətbuata yol tapır.
Onları bir-bir incələyin və qərar verin: bu ölkədə Bayraq Günü elan edənlərin, ən
uca bayraq dirəyi ucaldanların əməyi, qəhrəmanlığı, üç rəngli qumaşa aidiyyatı
daha çoxdu, yoxsa Qurban bəyin?!
Bələdçimiz həmin
vaxtda aparılan istintaq materiallarıdır - məhkəmə hökmü və ittihamnamə:
“Istintaq orqanı
müttəhim Qurban Məmmədovu yuxarıdakı maddələrlə müqəssirliyə ona görə cəlb
etmişdir ki, o, AXC Ali Məclisinin üzvü, AXC Sabirabad şöbəsinin əlaqələndiricisi
olaraq, tabeliyində olan dəstənin üzvləri ilə 1989-cu ilin sentyabr-dekabr və
1990-cı ilin yanvarının ayrı-ayrı günlərində Sabirabad şəhərinin Lenin
meydanında ictimai qaydanı kobud surətdə pozaraq, idarə, müəssisə və təşkilatların
işinə mane olan mitinq keçirilməsini təşkil etmiş, həmçinin bu mitinqlərdə fəal
iştirak etmişdir.
25 noyabr
1989-ci ildə qanunsuz keçirdiyi mitinqdə Sabirabad rayon Xalq Deputatları
Sovetinin binası üzərindəki Azərbaycan
SSRI-nin bayrağı barədə təhqiredici hərəkətlər etməyə başçılıq
etmişdir..."
Şahid ifadələrindən:
“Qurban Məmmədov çıxışında XDS binası üzərindəki bayrağı göstərərək dedi ki, bu
bayraq bizim bayraq deyil. Bu, xalqın qanı ilə yoğrulmuş bayraqdır. Bu, faşist
bayrağıdır. Bu bayraq bizə lazım deyil, çıxarın onu atın, yerinə AXC bayrağını,
bizim bayrağı asın. Bu vaxt orada olanların əlində üç rəngli bayraq vardı.
...Onlar Azərbaycan
SSRI-nin bayrağını çıxarıb yerə tulladı, yerinə üçrəngli bayrağı asdılar. Azərbaycan
bayrağı yerə düşəndən sonra Qurban Məmmədovla gələn azğınlaşmış adamlar onu
cıraraq tapdaladılar".
Sabirabad rayon
prokurorluğunun AXC Idarə Heyətinin sədri Əbülfəz Elçibəyə məktubundan: “...Sabirabad
şəhər mərkəzində Qurban Məmmədovun təşəbbüsü ilə partiya biletləri yığılmış, Azərbaycan
KP MK-nin binasına çoxyüzlü yürüş təşkil edilmiş, yürüşdə məqsəd birinci
katibin istefasını tələb etmək olmuş, nəhayət buna nail olmuşlar.
Bundan sonra
Qurban Məmmədov mitinqlərdən birində partiya biletini yandırmaqla, digərlərini
də buna sövq etmiş, ona baxıb partiya biletlərini cıranlar da olmuşdu".
Bunlar hələ qurbannamədən kiçik hissələr idi. Ancaq
təkcə bu detal, kimin kim olduğunu müəyyən etməyə kifayət edir.