Heydər Əliyevin ayaqları altında ölmək istəyən adam

Bu gün Qurban bayramıdır.
Düşündüm, dostlarımı, oxucularımı bu gün necə şad edə bilərəm.
Əlbəttə, könül istərdi, bir cöngə kəsil dostlara paylasın, ancaq bilirsiz, buna gücüm çatmaz.
Qələm adamınınkı yazıdır, mən onu sizə hədiyyə edirəm. Bu yazı Heydər Əliyevlə Çoban Xanışın dialoqudur. Keçən əsrdə yetkinlik yaşına çatanlar bu çıxışı dinləyib, təbrizlilər demiş, betər keyf aparıblar. İndi siz də oxuyun kefinin kökəlsin.
Yazıda ən diqqət ediləcək yer, qırmızı ilə işarə etdiyim yerdən aşağıda baş verənlərdi.
Heydər Əliyevə "Sizin kimi kişinin ayağı altında ölüm", sizi görməklə elə bil ki, gedib Kərbəlanı ziyarət edirəm" mədhiyyəsin söyləyən Xanış bircə kəlmə deyir ki, camaatın dolanışıqda bəzi çətinliyi var!
NƏƏƏƏ! Çətilik! 
Heydər Əliyev onun üzərində hücum çəkir. Və Xanışı çox incə yerindən vurur. Bilir ki, Xanış qanunsuz olaraq rayon islahat komissiyasına sədrlik edir və başlayır ordan onu vurmağa. Oxuyaq :)
Heydər Əliyevin Qurban Bayramı günü Lerikli fermer Xanış Şahıyevlə görüşdə çıxışı
 18 aprel 1997-ci il

Heydər Əliyev: Səni və Lerik camaatını Qurban bayramı münasibətilə təbrik edirəm. Qurban bayramı xalqımızın, millətimizin milli, dini bayramıdır, əziz bayramımızdır. Bu gün bütün xalqımız bayram edir. Bir zəhmət adamı, əsl
Azərbaycan vətəndaşı kimi bu bayramı həm öz evində qeyd etmisən, həm də qurban kəsib gətirmisən ki, onu səninlə birlikdə paylayaq, camaatın bu bayramı yaxşı keçirməsinə kömək edək. Çox sağ ol, təşəkkür edirəm.
Səninlə artıq birinci dəfə deyil ki, görüşürük. Sən mənim dostumsan, mən də sənin dostunam. 
Mən həmişə dostluğa sədaqətli olmuşam. Həmişə arzu etmişəm ki, mənimlə dostluq edən adamlar sədaqətli olsunlar. Düzdür, həyatımda sədaqətsizliyə də rast gəlmişəm. Ancaq bu böyük, uzunmüddətli həyatımda mən xalqın sədaqətini həmişə hiss etmişəm və ona yüksək qiymət vermişəm. Bu ağır dövrlərdə məni yaşadan, bütün bu çətinliklərin öhdəsindən gəlməyimə imkan verən xalqın sədaqəti, xalqın zəhmətimə verdiyi qiymət olubdur. Mənim ən böyük dayağım xalqdır.
Xalqın da ən görkəmli nümayəndələrindən biri sənsən.
Lerik Azərbaycanın dağ, ucqar rayonudur. İndi sən dedin ki, Lerikdə 64 min əhali yaşayır. Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Bu qəhrəmanlardan biri də sənsən və doğrudan da nümunəsən. Həm əməkdə, həm həyatda, həm də Vətənə sədaqətində qəhrəmansan. Oğlun şəhid olubdur, övladların ölkəmizə sədaqətlə xidmət edirlər. Məni sevindirən odur ki, indi sən bildirdin, iki oğlunu orduya xidmətə göndərmisən. Gördüyün işlər, zəhmətin, qazandığın hörmət ailənlə birlikdə sənin xalqa, millətimizə göstərdiyin böyük xidməti sübut edir. Ona görə də mən sənə təşəkkür edirəm. Xahiş edirəm, mənim salamımı, bayram təbriklərimi bütün Lerik camaatına çatdırasınız. Mən leriklilərlə əbədi dostam. Bu dostluq çox böyük sınaqlardan keçibdir. Bu dostluğun ən gözəl nümunəsi isə mənim səninlə dostluğumdur. Bu gün sən gözəl sözlər danışdın. 
Bilirsiniz, mən keçən dəfə də demişəm, alimlərimiz, yazıçılarımız, şairlərimiz, mədəniyyət xadimlərimiz hesab edirlər ki, dəyərli sözləri onlar deyə bilərlər. Ancaq xalqımızın çoxəsrlik tarixində dəyərli, müdrik sözləri müdrik insanlar deyiblər. Müdriklik təkcə o insanların elmi biliyi, təhsili ilə bağlı deyildir. Müdriklik insanın fıtri istedadıdır, müdriklik həm də insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir. Sən dağda yaşayan, təsərrüfatla, heyvandarlıqla məşğul olan bir şəxssən. Azərbaycanın xarici siyasəti haqqında nə gözəl, ağıllı, dəyərli sözlər deyirsən. Lissabon Zirvə görüşündə dünyanın 54 dövlətinin başçılarının toplandığı mötəbər beynəlxalq tədbirdə Azərbaycan Respublikasının siyasətinin əldə etdiyi nailiyyəti, qələbəni tamamilə doğru, düzgün qiymətləndirirsən, bu qələbəyə sən qurban kəsmisən.
Xanış Şahıyev: Cənab prezident, bayaq da dedim, mən Sizin keçirdiyiniz bütün tədbirlərə, səfərlərinizə televiziya vasitəsilə çox böyük maraqla tamaşa edirəm. Bu gün mən buraya 155- dən çox qurban kəsib gətirmişəm. Mənim üçün Sizinlə dostluq etməkdən böyük xoşbəxtlik yoxdur. Siz mənim gözəl prezidentimsiniz. Bu, gözəl arvadımdır, bu da mənim nəvəmdir. Kişi gərək kişinin ayağı altında ölsün, namərdin yox. Mən Allahdan həmişə arzu edirəm ki, Sizin kimi kişinin ayağı altında ölüm. Bu, mənim üçün bəsdir. Elə bil ki, gedib Kərbəlanı ziyarət edirəm. Lissabonda dünyanın bütün ölkələrinin başçıları Sizin sözünüzü eşitdi. Siz bu qələbəni əldə etdiniz. Qoy xalq da bilsin ki, əgər Siz hər hansı bir işdə mənə kömək etsəniz, mən dostluğu pozaram. Bu mənə bəsdir ki, mən Heydər Əliyev kimi böyük bir şəxsiyyətlə dostluq edirəm. Mən tamahkar adam deyiləm. Adam var ki, vəzifə dostudur, adam var, ehtiyac dostudur. Amma mən ürək dostuyam, bir gün də məktəbə getməmişəm.
Heydər Əliyev: Sən vəzifəli adam deyilsən. Amma nə qədər böyük məktəblər qurtarandan da çox ağıllı sözlər danışırsan.
Xanış Şahıyev: Mən uşaq deyiləm ki, prezidentin dostuyam.
Heydər Əliyev: Prezidentin dostu olmaqla yanaşı sənin əməllərin, həyatın var.
Xanış Şahıyev: Mən boş-boş danışan adamları sülhə, prezidentin ətrafında birləşməyə çağırıram. Cənab prezident, rayonumuzda işlər çox yaxşı gedir. Əkin də yaxşı gedir. İndi yaylaqdan Lerikə yeni su kəməri çəkilir. Bu su yayda gəlib Lerikə çatacaqdır. Yaxşı işə Siz də, biz də qiymət veririk.
Heydər Əliyev: Müdriklik insanın kökündə, əməllərindədir. Mən də səni öz dostum, müdrik bir adam kimi qəbul edirəm. Müdrik, ağıllı adamsan. Sənin bu təşəbbüsün Azərbaycanda bütün zəhmət adamları, saf, pak insanlar üçün böyük nümunədir. Çox sağ ol. Təşəkkür edirəm. Sən bu qədər qoyun kəsib gətirirsən. Lerikdə camaat yaxşı yaşayır, yoxsa yox?
Xanış Şahıyev: Mən prezidentə yalan danışa bilmərəm, çətinlik var. Amma Allahın köməyi ilə ötən il payız Lerikdə çox yaxşı keçdi. Camaat necə lazımdır, elə də əkib. Allahın köməyi ilə gələn il leriklilər taxıl satacaqlar.
Heydər Əliyev: Mən Lerikdə gedən islahat haqqında soruşmaq istəyirəm.
Xanış Şahıyev: Mənə elə gəlir ki, heç bir rayonda Lerikdəki kimi islahat getmir. Lerikdə malqara, qoyun nəzarət altında camaata verildi. Rayonda islahatlar çox yaxşı gedir.
Heydər Əliyev: Biz islahatların gedişi vəziyyəti haqqında müşavirə keçirdik. Sən ona qulaq asdm?
Xanış Şahıyev: Sizin tədbiriniz olanda mən işimi-gücümü atıb həmin gün televizorun qarşısında oturub bunlara qulaq asıram.
Heydər Əliyev: Sən müşavirədə gedən müzakirələri bəyəndinmi? Demək istəyirəm ki,islahatlarla əlaqədar görülən işlər doğru-düzgün işlərdimi?
Xanış Şahıyev: Bəli, bunlar çox düzgün işlərdir. Xalq bütün bünları çox yaxşı qarşılayır. Fəhlə onsuz da fəhlədir, qoy o boş-boş danışanlar da işə qoşulsunlar.
Heydər Əliyev: Biz istəyirik ki, camaatın malı, mülkü olsun, adamlar sahibkar olsunlar, hərə öz mülkünün sahibi olsun.
Xanış Şahıyev: Bunlar mənim ata-babamdan qalma malımdır. Əgər təsərrüfatım yaxşı olmasaydı, bunları bura gətirə bilməzdim. Gərək camaat da çalışsın, işləsin, öz xüsusi malına, əkininə yaxşı baxsın.
Heydər Əliyev: Lerikdə torpaq camaata paylanıbdırmı? Camaat bundan razıdırmı?
Xanış Şahıyev: Bəli, paylanıb, camaat da bundan çox razıdır. Ağsaqqal olduğuma görə məni islahat komissiyasının sədri təyin ediblər. Hər iş razılıqla görülür, hamı bu təşəbbüsü bəyənir.
Heydər Əliyev: Çox sağ ol. Mən sənə təşəkkür edirəm, səni təbrik edirəm. Çox yaxşı ki, bu dəfə xanımını da gətirmisən. De görüm, bu sənə neçə övlad bəxş edibdir?

Xanış Şahıyev: 17 uşaq anasıdır. Onların 16-sı oğlandır. Bu uşaqlardan ikisi şəhid olubdur. Hörmətli prezident! Mənim ailə üzvlərim ilə mehribanlıqla görüşdüyünüzə görə Sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm.