Bizə kömək et

Bu gün mən çox qəzəbliyəm.
Qəzəbim fərdi problemlərimlə bağlıdır.
Bu gün yenə maaşımı ala bilmədim, belə getsə onu alacağıma ümidlər də çox azdır. Onsuz da bir dərdə dərman olmayan bu az maaş hansısa bazar arvadına ( qəsdən belə acı yazıram) görə verilmir.
Bəli, vəziyyəti az-çox siz də bilirsiniz, “Azadlıq” qəzetinin hesabına həbs qoyulub. “Binə” bazarının bazarkomu Kəbirə qəzeti 32 min manat cərmələdib deyə. Gələn pullar ona gedir.
Dərd tək bu deyil ki...
“Azadlıq” qəzeti bir o qədər pulu da dişi-dırnağı ilə qazanıb hər ay metro Tağıya ödəyir.
Amma o zəhləmgetmiş reklamda deyildiyi kimi, bu da son deyil: qəzeti satan dövlət şirkəti bizə borcu olan 50 min manatı da ödəmir.
Bu azmış kimi “Metroyayım” şirkəti hər gün satdığı 1500 nüxsədən imtia edib.
Vəziyyət belə faciəlidir.
Qasim bəy Zakir nə gözəl demişdi
“Vilayəti viran eylədi yaxşi,
Bir qafili-piyan, bir mayili-kart”.
Biz qumarbaz və əyyaşların kaprizlərinə qurban olmuşuq.
Bir bazar arvadına ölkədə “Azadlıq” qurban verilir, lənət olsun!
Yaxşı indi, siz ey böyük ölkənin  şanlı insanları, nə fikirdəsiz?
Bu bazar arvadlarına təslim olaq ya yox?
Mən hayasızlığıma salıb sizdən soruşmaq istəyirəm: siz öküz döyüşünə zada baxmırsız ki? “Azadlıq” qəzeti bu vəhşi hökumətlə ən qansız riskləri boynuna götürərək dava aparır, nolar siz də bir kömək edin də.
Nə edə bilərsiz? Çox şey.
Məsələn,  qəzetin aylıq abunəsi 12 manatdır, ona yazıla bilməzsiniz? Çox rahat bilərsiniz. Sadəcə istəmirsiniz.
Mən sizdən kömək umuram. Bunu açıq və utanmadan deyirəm.
Bizi bazar arvadlarının ayağına verməyin.
Siz deyəcəksiniz, bezdik, daha nə qədər imdad olar. Bəli, haqlısız, “Azadlıq” az qala hər ay belə problemlə üzbəüzdü. Ancaq, neynəyək bizi düz danışdığımıza görə cəzalandırırlar.
İki yol var: yalançıları səlahiyyətdən məhrum etməliyik, ya da özümüz susmalıyıq.