27.2.13

İlham Əliyev və Yezid












Gedənlər Hüseyin kimi etdilər,
Qalanlarsa Zeynəb kmi etməlidirlər,
Əks halda Yezid kimi ediblər!

 (Əli Şəriəti)

 Biz tez-tez öz yazılarımızda, çıxışlarımızda haqlı olaraq İlham Əliyevi tiran, diktator, avtoritar, kral adlandırırıq. Çoxlarının bu sözləri demədiyi bir vəziyyətdə belə ifadələr seçmək cəsarət işdir. Buna heç kim şübhə etməz amma...
Bu sözlər İlham Əliyev üçün təhlükəli deyil. Hə, əlbəttə o istərdi ki,  demokratik lider və buna oxşar ifadələrlə dillərə düşsün, lakin bu yoxdursa nə qəm...
Yuxarıdakı ifadələr İlham Əliyev və onun sistemi üçün ona görə qorxulu deyil ki, çoxluq bizdə hələ o sözlərin müasir dövrüdə bir siyasətçi üçün söyüş olduğunu saymır.
Bəs nə etməli?
Edəcəyimiz birinci iş, rejimi adı ilə çağırmaqdır. Özü də xalqın başa düşəcəyi adla. Avtoritar, anti-demokratik, sülalə hakimiyyəti yox, Yezid hakimiyyəti! Bəli, bəli Yezid hakimiyyəti.
Çətin olacaq, amma bu istilanın tədavülə buraxılması Əliyevi ölümcül yaralayacaq.
İnanmırsınız? Xatırlayın; İslam Partiyasının sədri Mövsüm Səmədova niyə 12 il iş verildi? Yadınıza düşdümü, o İlham Əliyevi Yezid İnb Müaviyə ilə müqayisə etmişdi.
İndi bir anlığa düşünək; Məsələni təhlil etsək, İlham Əliyev Yezidlə müqayisəninə neyçün belə əsəbiləşməliydi?
Və ya niyə onu anti-demokratik adlandıranları yox, Yezidə bənzər deyənləri 12 il həbsə atır. Axı belə götürəndə Yezid də hökumdar idi, şeir filan yazırdı, incə duyğuları vardı, musiqi, rəqs kimi şeylərə alışqan idi, bəzi mənbələrdə onu boy buxunlu, yaraşılıq kişi olduğu da qeyd edilir.
Aha, sirr buradır. İlham Əliyev bilir ( və ya ətrafındakılar bilir) ki, bir insanın üzərinə Yezid ayamasının qonması seçicisinin çoxu Hüseyn aşiqi olan və su içəndə belə Yezidi lənətləyənlərdən ibarət olan cəmiyyətdə o insanın həlakına bərabərdir.
İlham Əliyevin hakimiyyəti qəsb etməsi eynən Yezidinki kimi olub, burda mübahisə yoxdur. O, bunu hamımızdan yaxşı bilir və buna görə də qorxur.
Onun qarşısına qorxuduğu silahla çıxmaq lazımdır, yoldaşlar!

23.2.13

Pulsuz pendir məsəli


Bayaq yenə metrodan çıxanda cavan uşaqlar mənə əlvan qəzet verdilər. Pulsuz. Qəlblərini qırmayıb aldım, az keçmədi tulladım getdi.
Bu qəzet hökumətin iki namərd niyyəti üçün çıxarılır.
1. Qəzet vasitəsi ilə çirkli pul yuyurlar
2. Həqiqəti pərdələyirlər, hökumətdən başqa yaxşı yoxdur təbliğatı aparırlar.
Bu qəzeti çıxaranlar onun ideya generatorları görünür puldan başqa bir şey düşünə bilmirlər. Elə bilirlər ki, qəzet pulsuz çıxarsa, əhaliyə paylanırsa vəssalam, hamı onların yazdığı ilə oturub duracaq.
Prosesləri azca zəka süzgəcindən keçirərək düşünmək olardı ki, ən güclü təbliğat vasitəsi-televiziyalar hökümətin əlindədir. O televiziyalar da evlərə al-əlvan formada, pulsuz girir. Amma onlara baxan varmı? Binaların damlarından boylanan peyk anntenaları, kabel televiziyaları şəhadət gətirir ki, yox, baxmırlar.
Beləliklə, oxucunu, tamaşaçını qazanmağın, onun yanında etibarlı olmağın yolu aydın görünmürmü? Bunun üçün həqiqəti deməlisən, dürüst olmalısan, problemləri öz adı ilə deməlisən.

18.2.13

Ürəyimi partladan iki səbəb


      "Qurumuş budaqdan sallanan sonuncu yarpaq olmağın necə çətin olduğunu heç kim bilmir"
İran müğənnisi Ququş

Azərbaycandakı sosial ədalətsizlik, dəhşətli təbəqələşmə mənim ürəyimi parçalayır.
Bəli, mən qəbul edirəm ki, insanların hamısı eyni qabiliyyətdə, bacarıqda deyil.
Biri zirəkdir, biri tənbəl.
Amma siz də insafla danışın; bu gün yüzminlik avtomobil sürənlər, milyon manat dəyərində mülki olanlar onlara qabiliyyətləri hesabınamı çatıb?
Yoxsa, bu gün dərmanlarına pul tapa bilməyən, kasıblıqdan öz övladına normal geyim ala bilməyən yüzminlərin səfalətli aqibəti qabiliyyətsizliyinə görədir?
Sosial ədalətsizlikdən daha çox məni yandıran isə "sosialist Azərbaycanın" yetirməsi olan insanların bu hallara süküt etməsidir.

17.2.13

Boris Yelsinin içki alüdəçiliyi


Rusiyanın keçmiş prezidenti Boris Yelsin babat içən idi. "Youtube"dən onun sərxoş videolarına baxıb doyunca gülə bilərsiniz.
Rusların çoxu vodkaya biganə deyil. Amma mən Yelsinin bir xatirə kitabını oxuyanda deyəsən onun meyxoşluğunun əsl səbəbini tapdım.
O, kitabında yazır ki anadan olduğu yerdə ildə 1-2 dəfə uşaqları xaç suyuna çəkmə mərasimi olurmuş.
Belədə də keşişin işi çox olurmuş; uşaq çox, o tək.
Ənənəyə görə xaç suyuna salınan hər uşağın valideyni buna görə keşişə içməyə bir qədəh vodka, pivə və bu qəbldən nəsə verirmiş.
Borisin suya salınması günortadan sonraya düşür. Bu vaxta qədər keşiş təbii olaraq "babat"laşır.
Keşiş uşağı suya salır, amma kefləndiyindən onu sudan çıxarmağı unudur. Bunu ilk duyan uşağın anası olur, qışqırıb keşişi özünə gətirir və Borisi sudan çıxarırlar.
Keşiş də deyir ki, bu uşaq ki belə fərasətli çıxdı, ölmədi qoy elə adı özünə uyğun olsun-Boris; yəni, mübarizə aparan. döyüşən :)
Beləliklə, biz görürük ki, Yelsinin bizim adətlə desək göbəyi araqla kəsilib. O çox da günahkar deyilmiş.

16.2.13

Sadə həqiqətlər

Bu gün bir taksidəykən adətimə xilaf çıxmayıb rejimdən, ölkədəki qururğanlıqdan şikayətlənirdim.
Sürücünün də dərdli adama olduğunu görüb "vaxtımı saxlayıb" sözü ona verdim.
O, ölkədəki söz azadlığının bərbad durumundan, neft gəlirlərinin talan olunmasından, İlham Əliyevin yəhudi lobbisinə lakeylik etməsindən yox, tam başa şeylərdən danışdı.
Danışdı və mən başımı iki əlimlə qucaqladım. Hər nə qədər ölkədəki reallıqları bildiyimizi desək də, faciəmizin miqyasını az dərk etmişik, dostlar.
Vəziyyət çox dəhşətli dərəcədə ağırdır. İnsanlarımız çox adi, məişət problemlərində ilişib qalıb, çabalayırlar.
O sürücünün mənə dediklərindən bunu anladım.
Bəs o nə dedi?
Dedi ki, bu günlərdə Bakıda bir əzizi rəhmətə gedib. Heç demə, Bakıda hüzr mərasimi bir yana, ölünü basdırmaq ciddi problem imiş. Mərkəzdəki qəbrstanlıqda bir qəbrin yeri 2 min manat filan edir. Bir az ucuz qiymətə qəbir yeri tapmaq üçün xüsusi maklerlər varmış.
2 min manat! Bu pulu bizim ölkədə qazanmaq bilirsinzi nə qədər çətindir. Mən dərhal dəfn mərasimin başqa xərclərini bu məbləğin üstünə gəldim və dedim ki, qələt edərəm bir də həyatımla zarafat etmərəm; ehtiyatlı olmaq lazımdır, ilin günün bu vaxtında ölüb yaxınları zibilə salmaq olmaz.
Bunları qoyduq bir kənara.
İndi mənim sözüm siyasilərədir. Xüsusən, ölkədə dəyişiklik etmək istəyənlərə.
Başa düşürəm ciddi və savadlı görünmək üçün çıxışlarda NATO, Avropa İttifaqından, pentaqondan filandan danışmaq lazımdır. Ancaq xalqın qəlbinə yolu belə şeylərdən danışmaqla tapmaq olmaz.
Sadə, kasıb və məzlum xalqı narahat edən, riqqətləndirən problemlər dilə gətirilməlidir. Özü də sadə, onların başa düşəcəyi dildə.
Azərbaycanda dəyişiklik kasıb və məzlub xalqın əli ilə olacaqdır. Müştəxor, qorxaq, fürsətcil və hələ sümükləri bərkiməmiş "orta təbəqə", sahibkar ordusundan gözünüzü çəkin.
Azərbaycan kimi avtoritar rejimdə müxalifətə sahibkarlardan yar olmaz.
Üzümüzü ölüsünü basdıra bilməyən məzlumlara tərəfə çevirməliyik.

Bu İlham Əliyevin bahalı saatı deyil


Dost sarıdan problemi olmayan insanam.
Mən həmişə insanların "indiki zəmanədə dost yoxdur", "dostluq boş söhbətdir" fikirlərinə qəribə baxmışam.
Dost var, sadəcə bizim adamlar dostu nəsə fövqəlbəşər bir şey kimi başa düşürlər. Dost da insandır. Sənin kimi, mənim kimi.
Onun da başı ağrıya bilir, pulu qurtara bilir, çətinliyə düşə, ayağı burxıla bilir. Xülasə, dost odda yanmaz, suda batmaz məxluq deyil.
Bunları öz dostlarıma rahat müraciət etmk üçün yazdım.
Əziz dostlar, yoldaşlar...
Sizə ciddi bir ehtiyacım yaranıb.
Sizin əksəriniz elə mən gündə olan adamlarsınız. Lap o ifadədəki kimi, kasıb amma vüqarlı.
Mən hər dəfə sizlə görüşəndə, zəngləşəndə qayğı görürəm, eşidirəm.
Demək olar hər gün sizdən "Bəy, sənə nə kömək edə bilərəm". "Bəy, nə çətinlik var", "Bəy, nə qulluq edim",  "Bəy, bir problem varsa de həllinə kömək edək", "Bəy, cibxərcliyin var?", "Bəy, sənə qonaqlıq vermək istəyirəm, imkan yarat" təklifləri alıram.
Onların çoxunu reallaşdıra bilmirəm. Bəzisinə iş rejimi imkan vermir, bəzisinə abır, bəzisinə həyat tərzim.
İndi sizi də məni də xoşhal edəcək məqam yaranıb.
Mənim çalışdığım və düşünürəm ki Azərbaycan xalqının informasiya blokadasının yaraılmasında əvəzsiz rol oynayan "Azərbaycan Saatı" proqramı çətin günlərini yaşayır.
Bu proqram sözün əsl mənasında dişimiz-dırnağımız hesabına yayımlanırdı. Amma indi gücümüz yetmir. Bu ağır işin altına siz də əlinizi qoyun.
Xahiş edirəm, mənə göstərəcəyiniz lütfkarlığı bu proqram üçün edin.
Aşağıda bir hesab nömrəsi təqdim edirəm, ora nə kiçik yatrımınız ölkədə söz azadlığının müdafiəsi üçün atacağınız ən təsirli addımdır.
"Azərbaycan saatı" İlham Əliyevin qoluna taxdığı milyon manatlıq bahalı saat deyil. O, Azərbaycan tarixi inkişafdan saxlayan, ölkədə gerçək zaman axınını dayandırmaq istəyənləri ifşa edən bir SAATdır.
IBAN: TR840006400000242992350181
swift kodu: ISBKTRIS
Türkiye İş Bankası 
Dollar Hesabı 
Aydın Taş adına

15.2.13

Dişsiz insanlar


Azərbaycanlıların əksərində sağlamlıqlarına qarşı biganəlik var.
Ancaq bunun səbəbini tam çözmüşükmü?
Məsələn, biri ürək, böyrək və s ciddi orqanın ucbatından həyatını itirəndə deyirik: zalımın balası bir dəfə özünü yoxlatsaydı, filan dərdi üzə çıxar əcəli yubadardı.
Prinsipcə etiraz ediləsi fikir deyil.
Mən hər gün küçədə, bayırda, toyda-yasda onlarla, yüzlərlə adam görürəm. Onların dişləri yoxdur. Və ya diş var amma çox bərbad halda korlanıb, təmir olunmalıdır.
Bu adamlara ki renten, uzi, canım sənə desin, maqnit rezonans aparatı lazım deyil ki?
Fakt-problem  göz qabağındadır.
Bəs bu insanlar niyə sağlamlıqlarının qeydinə qalmaq üçün təşəbbüs göstərmir. Axı dişsizlik, çürük diş sağlamlıqla yanaşı həm də qeyri-estetikadır?
Bununçün mənə elə gəlir ki, insanlarızı tibbdən qaçıran kasıblıqdır. Bəli, kasıblıq.
Mən bir dəfə məhrəm bir adama dedim, niyə dişlərini düzətdirmirsən.
O, dedi: dişimi düzəltsəm gərək bir ay ac qalam (yəni, gəlirim o qədər azdır, dişə pul versəm çörəyə verməyə pul tapmayacam)

İlham Əliyev işdən niyə adam çıxarır?


İsmayıllının icra başçısı niyə işdən çıxarılıb?
Niyə buna rəsmi izah verilmir?
Səbəb niyə göstərilmir?
Bu necə şəffaf idarə etmədir?
Niyə xalqı tapmaca tapmağa vadar edirlər. Bəyəm, işdən çıxarılma sərəncamında göstərilə bilməzdi ki, adamı qabiliyyətsizliyinə, xalqın qayğısına qala bilmədiyinə görə vəzifədən kənarlaşdırıram.
Bu işdən çıxarma mənə Heydər Babayevin nazir postundan uzaqlaşdırılmasını xatırladır. Onu elə bir vaxt işdən çıxardılar ki, rəsmən Azərbaycan iqtisadiyyatı zirvələri fəth edirdi. Ağıllı adamlar o zaman çox təəccübləndirlər: iqtiadiyyat belə çiçəklənirsə bəs onun nazirini niyə cəzalandırırlar?
İndi də başçı çıxırılıbsa, izahat verilməsə də demək o işinin ödhəsindən gəlməyib, xalqda əsaslı etiraz, narazılıq yatadıb. Çox yaxşı, anladıq.
Bəs bu "işini bacarmayan", "qudurğan övlad yiyəsi" günahkardırsa, ona qarşı çıxanların günahı nədir. Niyə başçıya etiraz edən İsmayılılar və İlqar Məmmədov, Tofiq Yaqublu həbsə atılır?
Bütün bunlar onu göstərir ki, İlham Əliyevin atdığı addımlar emosiyalara söykənir, onların arasında xalqın mənafeyini güdən məqsəd axtarmaq sadəlövhlükdür.
PS. O zaman qəzetlər yazırdı ki, Heydər Babayev ad günündə həyat yoldaşını İlham Əliyevdən çox təriflədiyinə görə işdən qovulub