"Azadlıq" qəzeti satılıb?

Bayramı yola verdik, bu günlərdə xoşagəlməz söhbətlər çox oldu.
Onlardan biri bu: "Azadlıq" qəzeti dövlətdən neyçün 95 min manat pul alıb?
Mən "Azadlıq" qəzetinin əməkdaşıyam. Həyatımın önəmli hissəsi bu qəzetə bağlıdır. Qəzetin məhrumiyyətləri, necə ağır durumda olduğunu sizə xüsusən anlatmağa gərək yoxdur. İl boyu başımıza gələnləri bilirsiniz. Bunlar heç. Gələk narahatlıq kimi göstərilən məqamlara. Qəzet niyə dövlətdən pul alıb? Bu satılmaqdırmı? Bu dönüklükdümü, bu pul qəzetin həqiqətlərdən yan keçib İlham Əliyev həzrətlərinə üz tutmasına vəsilə, səbəb olacaqmı?
Birinci məqam ondan ibarətdir ki, verilən bu pulun 60 mini layihə əsasında (qrant kimi) alınıb. Yəni, bu birinci hal deyil, neçə ildir əksər qəzetlər, eləcə də "Azadlıq" layihələrlə dövlətdən pul alır. Və əsas sual budur- bu layihələr "Azadlıq" qəzetinin dəsti-xəttinə əsaslı da demirəm, zərrə qədər xələl gətiribmi? Mən "qətiyyən" yazmıram, təklif edirəm ki, kim bu barədə şübhəlidirsə, buyursun arxivə gedək, hakimiyyətin dəyirmanına su tökən bir məqaləni qəzetdə tapsın, ondan sonra mən "pas". Əksinə, bu layihələr başlayandan "Azadlıq"da İlham Əliyevi ifşa edən silsilə yazılar başlayıb: Turqut Ərin kitabından tutmuş, Ramin Nağıyevin MTN daxili məqalələrinə qədər, daha sonra Elşad Abdullayev seriası və s.
İkinci məqam: "Azadlıq" qəzeti necə ayaqda qalmalıdır, sualı da çətin deyil. Qəzet satılmalıdır. Satışımız üçün hökumətin yaratdığı çox ciddi problemlər olmuşdu. Söhbət hesabımıza həbs qoyulandan və yayım şirkətləri pulu vermədiyi günlərdən gedir. O zaman mən şəxsən ürək qızdırdığım insanlara müraciət etdim. İnboxlarına yazdım ki, dostlar demirəm ki, ianə verin, (halbuki üz tutduğum adamların buna imkanı bəs deyincə idi) heç olmaya üzləşdiyimiz bu çətinliyi dünyaya çatdırın. Statuslar yazın, çağırış edin. Bu həyacan dolu çağırışıma cavab verməyən insanlar indi baxıram ki sağdan soldan "eyvah "Azadlıq" satılır" nidaları qoparır. Dostlar, ayıb deyilmi? Hesab edirəm ki, çox böyük ayıbdır.
"Azadlıq" qəzetinə bu qədər önəm verirsinizsə onun ayaqda qalmasına da bir az can yandırın. Bəli, normal dövlət olsaydı heç bir qəzet oxucusundan belə fədakarlıq tələb etməzdi. Oxucunun nə vecinə ki, sənin redaksiyanda normal işıqlanma belə yoxdur, divarlarda vərəm çöpləri gəzir və s. Amma biz meşədəyik, meşə şəraitində işləyirik. Hər zaman dəstəyə ehtiyacımız var, gizli deyil ki, sizlər olmasanız diz üstə durmaq çətin.
Üçüncü məqam: Düzünü bilmək istəsəniz, İlham Əliyevin rəhbərlik etdiyi dövlətdən, qanuni olsa belə mən də qrant, yardım almağa tam qarşıyam. Mən bu hökumətin adı keçən yasda ehsan belə yemək istəməyən adamam. Mən hətta ona razıyam ki, Kəmaləddini, Ziyanı, Ramili, Ramizi,İlhamı talayıb, onları qarət edib qəzet çıxarılsın, onların saxta lütfkarlığına ehtiyac qalmasın. Necə ki bu işi vaxtı ilə monarxiyaya, mütləqiyyətə qarşı mübarəzə aparan hər kəs edib.
"Azadlıq" qiymətli qəzetdir yoldaşlar.
"Azadlıq"da işləyən insanları ora cəlb edən məqam pul, varlanmaq olsaydı çoxdan "haqqın yolunu" tapmışdılar.
"Azadlıq"ın qayğısına qalmaq üçün onu sadəcə diqqətlə oxumaq lazımdır. Ət yeyən quş dimdiyindən, satılmış qəzet manşetlərindən tanınır. Manşetlərə bari baxın.
Sağ olun, sizi çox yordum, inciməyin