20.12.12

İqbal Ağazadə və Aynur Camalqızı qovğası

O yazının müəllifi mən deyiləm, müxbir yazısıdır. Amma əgər bu, mənim mövqeyim kimi qəbul edilibsə, cavab verməyə məcburam”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Publika.az” saytının rəhbəri Aynur Camalqızı millət vəkili İqbal Ağazadənin fikirlərə münasibət bildirərkən deyib. O, keçmiş həmkarına belə cavab verib: “Əvvəla, keçmiş həmkarım İqbal Ağazadənin köhnə yazılarımdan sitat verməsi ingilis atalar sözüylə ifadə etsək, “çirkli paltar eşələməkdən” başqa bir şey deyil. Vaxtilə bunu Əvəz Zeynallı ilə FəraməzNovruzoğlu gen-bol ediblər, cibində mandat gəzdirən birinin onlarla bir sırada dayanması xoş mənzərə deyil. İkincisi, mən müxalifətdə necə səmimiydimsə, bu gün də eləcə səmimiyəm, sizin kimi “müxalifətçilik” oynamıram. Yanıldığımı başa düşən kimi, o düşərgəni tərk etmişəm. 
Mənə keçmişimi xatırladan adam, qulağının dibinə bir şillə dəyən kimi, “Lider” TV-də bütün silahdaşlarını satmadınmı? Əgər bir adam ki, öz hərəkətinə “haqq” qazandırmaq üçün “bacımı ora gətirmişdilər, məcburən düşərgəmi satdım” məzmunlu etirafı edirsə, ailəsinin qadın üzvlərinin arxasında gizlənirsə, deyəcək söz qalmır mənə. Üçüncüsü, biz İsa Qəmbərin dediyindən daha radikal bir şey deməmişik. O, İqbal Ağazadəni “agent” adlandırmışdı və Azərbaycanda hər kəs bilir ki, bu yarlıq tamamilə həqiqəti əks etdirirdi. Əgər İsa Qəmbər onun iştirak etdiyi toplantıya qatılmırsa, deyirsə, ordakı bütün söhbətlər hakimiyyətə ötürüləcək, bu “səmimiyyəti” və “sarsılmaz müxalifliyi” münasibətilə cənab Ağazadəni niyə təbrik etməyək? Bilirsiz, insan bəzən başqalarını ittiham etməmişdən öncə dönüb bir öz keçmişinə nəzər salmalıdır. Ki, mənim bunları deməyə haqqım çatırmı? Mən sadəcə, düşərgəni tərk etmişəm, heç kəsi aldatmadan, heç kəsi satmadan. Siz nələr etmisiz və o etdiklərinizdən sonra dil də çıxara bilirsizsə, vay bizim müxalifətimizin gününə. Və nə yaxşı ki, bu gün sizinlə bir sırada deyiləm. Sosial şəbəkələrdə pafoslu bir çıxışla əsl sifətinizi gizlətdiyinizimi zənn edirsiniz? Yoxsa bu ölkədə bilmirlərmi ki, sizə yaradılan bu şərait, komfort həyat tərzi hardan qaynaqlanır, biznesinizə niyə “yaşıl işıq” yanır? Maskalar bir-bir yırtılır, hələ çox maraqlı hadisələrin şahidi olacağıq”. 
Xatırladaq ki, bu gün İqbal Ağazadə bu gün A.Camalqızına “Mənə sual ünvanlamısınız- niyə radikallaşmışam? Əslində necə varam elə də yoluma davam edirəm. Bəs görəsən sizlər niyə loyallaşdınız? Pardon, düşüncə və düşərgənizi dəyişdiniz?!”, – deyə, öz Facebook statusunda “Gündəlik teleqraf” qəzetinin və publika.az saytının baş redaktoru Aynur Camalqızına sərt mesaj ünvanlamışdı. 
İqbal Ağazadə daha sonra Aynur Camalqızının bir neçə il öncə “Yeni Müsavat” qəzetindəki köşə yazısından bir hissəni də yerləşdirib: “Nə yaxşı İ. Əliyevin yox, İ. Qəmbərin tərəfindəyəm, ruhlanmaq, depressiyadan çıxmaq üçün bu kifayət qədər tutarlı səbəbdir… ən yaxşısı odur ki, düz yolu tut və nə sağa, nə sola baxmadan irəlilə, sənə çamur atanlar da, ayağının altına kötük yumalayanlar da olacaq, amma biz axmaq adamlar üçün yaşamırıq ki. Ağıllı adamlara isə yaxşı ilə pisin, ağla qaranın fərqini göstərməyə, izah etməyə ehtiyac yoxdur…. Maraqlı görünə biləcək yalnız budur ki, sizin deputat həmkarınız Rəbiyyət Aslanova iddia edir ki, ABŞ-ın gözü Azərbaycanı götürmür, ona görə də Dövlət Departamenti o cür hesabat yayır…..Mən arzu edirəm ki siz haqlı olduğunu sübut edə bilənlərdən olasınız və inanıram ki buna gücünüz çatar”. 
“Görəsən bu statların müəllifi indi özünü tanıya bilirmi? Siz o zaman necə də səmimiymişsiniz…” Bu sözləri isə İqbal Ağazadə Aynur Camalqızının “köhnə yazısı”na şərh kimi yazıb. 
MM üzvünü bu statusu paylaşmağa vadar edən publika. az saytında onun haqqında gedən “İqbal Ağazadə niyə radikallaşıb” başlıqlı yazıdır. Yazıda İ.Ağazadə ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı son videoda səmimi mövqe göstərməməkdə ittiham olunur.

Mənbələr
1.http://www.mia.az/w39429/Aynur_Camalqızı_İqbal_Ağazadəni_təhqir_elədi:_“Qulağının_dibinə_bir_şillə_dəyən_kimi...“/
2. http://qazeta.com/2012/12/20/aynur-camalqizi-iqbal-agazadəni-təhqir-elədi-qulaginin-dibinə-bir-sillə-dəyən-kimi/

3. http://musavat.com/news/son-xeber/millet-vekili-ile-bash-redaktorun-facebook-atishmasi_139881.html

Alimlərin dələduzlaşması, baş kəsən olması barədə



Əvvəlcə bunu oxuyun: Elşad Abdullayevin videolarından hələlik tanıdığımız Elşad Abdullayev özü, Ramiz Mehdiyev, Gülər Əhmədova, Sevinc Babayeva elm adamıdırlar, alimdirlər.
 Sonra bunu oxuyun, böyük insan Əli Şəriətinin qeydlərindəndir
"Cəmiyyətdə, hər hansı hərəkatda alimin işi yol göstərməkdir. Xalq isə hərəkət mənbəyidir. İstənilən bir hərəkatın beyni alimlərin fəaliyyəti ilə hərəkətə gəlir, xalq isə eşqini izhar edir. Cəmiyyətdə iman, eşq, fədakarlıq azdırsa, bu xalqın günahıdır. Yox, əgər xalq doğru yolu tapa bilmirsə, alimlər müqəssirdirlər"
PS. Gülər Əhmədovun köməkçisi Hacı Əhməd Şahidov da alimdir


18.12.12

Qiyamətin sorağı


21 dekabrda "Qiyamətin qopacağı" barədə xəbərlər Azərbaycanda da yayqındır. "Qiyamət" hazırlığı üçün evinə şam, konserv alanlar az olmayıb.
Lakin son günlər bir səngimə müşahidə olunur, insanlar dekabrın 21-də "fövqəladə hadisə" baş verəcəyinə inanmadıqlarını deyirlər.
Bakı sakinləri arasında keçirdiyimiz sorğuda bir neçə gündən sonra qiyamətin olmamasına qarşı gətirilən əsk dəlillər əsasən dini inanca söykənib.
Müsəlman inanclı azərbaycanlılar deyir ki, qiyamətin və ya dünyanın sonunun olacağını heç kim bilə, deyə bilməz. BBC üçün hazırladığım sujeti bura - Video tıklayaraq izləyə bilərsiniz

14.12.12

Qadınlar üçün

Bu gün vəhşi kapitalizm mərhələsini yaşayan ölkəmizdə hamımız-xüsusən xanımlar böyük əzab əziyyət çəkir. Müxtəlif sosial problemlərlə yanaşı, qlamurşinanın at oynatması onları əzir.
Onlar bir bölük qudrumuş zənginlərin dəbdəbəsinin təqib və təzyiqi altındadırlar.
Dəblə, süni yaradılan ehtiyaclarla-solyari, silokon, botoks, bahalı avtomobil idarə etmək, marka geymlərlər, filanla ayaqlaşa bilməmək onları depresiyaya salır.
"Çağın tələbləri"nə cavab verməmək onları özlərindən bədgüman edir.

Mən bir xanım tanıyıram, onun adını etika naminə yazmıram- o bərbərə bir, görüşə başqa, səfərə bir başqa, rəsmi tədbirlərə ilə tam başqa avtomobili ilə gedir. Bu zəhmətlə qazanılan sərvətin göstəricisi deyil əlbəttə. Amma buna baxan kimdi, əsas odur ki bu və bunun kimilər heyranlıq yarada bilib.
Belə bir şəraitdə bizim xanımlara qaya, dağ kimi bir istinadgah lazımdır. Düşünürəm ki o Doktor Əli Şəriətinin "Fatimə Fatimədir" əsəri xanımların dadına yetə bilər.

Mən məsləhət verməkdən uzaq bir insanam, amma qadın olsaydım hər gün bu əsəri oxuyar və o qlamurşinanı ayaqqabına yapışan palçıq kimi önəmsiz sayıb, fit çala-çala rahat yaşayardım.
Hörmətli xanımlar, çox istərdim ki dərin məzmunlu o əsəri oxuyub yükünüzü azaldasınız. Oxuyasınzı və sonra gəlib burda fikirinizi də yazasınız.
Bəlkə mən yanılıram...

13.12.12

Mən demişdim axı..

İndilərdə Taleh Məmmədov yazıçı Əli Əkbəri tənqid etdiyim facebook statusumu nəzərdə tutaraq mənə təxminən belə yazdı: aha bax, görürsən mən bunu nə qədər öncədən demişdim.
Sizə bir söz deyim, Taleh tək deyil, bizdə çox adamlar var, onlar lap öncədən adamların zay, xəyanətkar olacağını bilirlər.
Mən bunu xüsusi qabiliyyət saymıram; gəlin eksperment edək, hər insanın gələcəkdə zay olması, keyfiyyətsizləşməs
i daha çox ehtimal olunandı. Axı burda qeyri adı nə qəhrəmanlıq var 50 adam haqqında neqativ fikir deyirsən, onun 15-i reallaşanda deyirsən ki, bax mən demişdim də...Falçılar da belə etmirmi, dostlar.
Təxminən Zərdüşt Əlizadə məktəbi də belədir.
Mən öncəgörən, proqnozçu ona deyərəm ki, desin, bax filankəsin gələcəyi parlaqdır, filənkəs filan yerə qədər kişi kimi mərd qalacaq, sınmayacaq, satılmayacaq.
Elə zəmandəyik ki, dükandan aldığın qəndi belə dadmayınca ona şirin demək olmur, handa qala insan ola. İnsana qiymət vermək bu qədər asan olmamalıdır.
Hə, o da insanlıqdır, dürütlük şərtidir ki sən "zay" olana zaydır desən

12.12.12

Milli Məclisdə fantastika


Ötən gün Milli Məclis 2 saat içində 22 məsələni müzakirə edib, səs vermə ilə qəbul edib.
riyazi hesablama aparırır: 1 saatda 60 dəqiqə, 2 saatda 120 dəqiqə var.
Bir məsələnin müzakirəsinə həsr edilən vaxtı tapmaq üçün 120-ni 22-yə bölürük. Cavab: 5 dəqiqə 45 saniyə!
Bərakəllah! Maşallah! Buna deyərəm, analoqsuz inkişaf.

7.12.12

Ramiz Mehdiyev və Kafka

Ramiz Mehdiyev Elşad Abdullayevin onunla bağlı səsləndirdiyi ittihamlara cavabında deyir: "Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən Elşad Abdullayev bu ölkədə populyar bir neçə özəl məktəbdən birinin rektoru olub. Alim olub. YAP-çı olub. İndi düşünün bu cür adam dövlət məmurunun qəbuluna yalvar-yaxarla düşür. Sonra da utanmaz-utanmaz deyirlər ki, Azərbaycan dövləti ilə vətəndaşlar arasında sıx əlaqə var. Ay siz öləsiniz! Ramiz müəllimin dediyindən belə başa düşdüm ki, bizim prezident aparatı əsl Kafka "Qəsri"dir. Ora düşmək hər igidin bacarığı deyil.





Əkrəm Əylisliyə bəslənən nifrətin sirri

Yazıçı Əkrəm Əylisli 2005-2010-cu ildə deputat olub. 
Adaşım Natiq Cavadlı ilə Əkrəm Əylislidən götürdüyümüz müsahibədə o özü etiraf etdi ki, həmin müddətdə az qala küçəyə çıxmağa qorxub. Çünki camaat ona nifrətlə baxırmış.Sitat: Deməli, mən ki, deputat oldum, Ilahi, özümə qarşı bir nifrət gördüm, küçəyə çıxırdım, görürdüm ki, adamlar mənə bir nifrətlə baxır. Deyirdim, Ilahi, mən bu insanlara nə etmişəm?! Mənə də onların sevgisi lazımdır"
Düşünün bir: Əkrəm Əylisi nə zəlmxanyaqublardan deyil, nə fəzailağamalı, heç fazilqəzənfəroğlu kimilərdə də ...Amma bu xalq saxta və yaramaz rejimə azca loyallıq göstərdiyinə görə bu adama hansı münasibəti göstərib: NİFRƏT!
Buna görə gəlin xalqımzıı qınamaq üçün fürsətcil olmayaq. Xalq pisi-yaxşıdan ayıra bilir.
Üstəlik bu etirafdan çıxan nəticə: insanlar Əylisliyə deputatlığı vaxtı susqunluğa görə belə kəskin ictimai niftrət bəsləyibsə, anası ölüsün Əliyevləri yaxasını, boğazını cıra-cıra müdafiə edinlərin...
Onlara nifrətdən üstün bir hiss yaşanır.