İlham Əliyevin ucuz hotel reklamı


“Four Seasons” adlı bir hotelin açılışı oldu. Onu “Azneft” dairəsində Içəri şəhərin tarixi binalarını uçurub tikdilər. Deyirlər ki, hotelin əsl sahibi Mehriban Əliyevadır. Olsun. Məni yandıran dövlət başçısı adına iddia edən Ilham Əliyevin o hotelin açılışında etdiyi çıxışdır.

Çıxışı canlı dinləmədim, mətnini oxudum, başımı tutdum, göylərə xitab etdim: “Yer aralansın, yerə girim! Bu nə ölkədir, bu nə rəhbərdir, bu adam bizi dolayırmı?”

Gəlin, məsələyə azad rəqabət tərəfdən baxaq. Qibleyi-aləm deyir: 

“Four Seasons” dünya şöhrətli otellər şəbəkəsidir və bir keyfiyyət rəmzidir.

...Deyə bilərəm ki, Azərbaycanın ən gözəl oteli hazırda məhz “Four Seasons” otelidir".

Dövlət başçısı da özəl müəssisə haqqında belə söz deyərmi? Bu, ayrı-seçkilik deyil, bəs nədir? O biri hotellərə qarşı haqsızlıq, anti-reklam deyilmi? Siz gözəllik meyarlarını necə müəyyən etdiniz, qibleyi-aləm? Məhz sizin ailənin olduğuna görə hər şeyə gözəl demək məcburiyyətindəyikmi? Bir gün belə, xidmət göstərməmiş hoteli göylərə qaldırıb, başqalarını dolayısıyla aşağılamaq nə deməkdir? Ümumiyyətlə, hotelin gözəl, çirkin olması haqda siz niyə danışmalısınız? Mən gözləyirəm ki, bu gedişlə siz bir azdan hansı kolbasanın halal, hansının haram olması haqda da hökm verəsiniz...

Keçək növbəti hissəyə, qibleyi-aləm deyir: “Otelin yeri də çox gözəldir. Bu, şəhərimizin ən mərkəzi yerlərindən biridir - ”Azneft" meydanıdır. Otelin bir tərəfində qədim Içəri şəhər yerləşir. Içərişəhər bizim tarixi sərvətimizdir".

Hitlerin təbliğat naziri Gobbels deyirdi: “Yalanı o qədər ağ danışmaq lazımdır ki, adamlar düşünsünlər ki, daha bu boyda da yalan olmaz”.

Indi mən heyrət içində Ilham müəllimin çıxışına baxıram. Axı kim də unutsa, mənim gözümün önündədir o hotel üçün tarixi Içəri şəhəri necə darmadağın etdilər!

Gözümün önündədir hər şey! Əvvəlcə bir başqa hoteli orada qəzalı vəziyyətə salıb uçurdular, sonra isə camaatı zülmlə, döyə-döyə o yerlərdən çıxardılar.

“Tarixi sərvət” dediyin yeri ver buldozerin qabağına, sonra da onun şəninə çıxış et...

Yox, keçmədi, Ilham müəllim, keçmədi. Məhz sizin qohum-əqrəbanın Içəri şəhərin tarixi abidələrinə divan tutduğunu yaxşı bilirik. Bunu çoxu sizə demir, yazmır, amma insanlar çörəyi qulağına yemir axı, hamı qanır...

Əlahəzrət davam edir: “Ölkəmizdə otellərin sayı getdikcə artır. Azərbaycanda son bir il ərzində bir neçə dünya şöhrətli otellər şəbəkəsi açılmışdır. Onların sadəcə, sadalanması göstərir ki, doğrudan da Bakı dünyanın mərkəzinə çevrilir”.

Ilham müəllimin dediklərini statistika ilə tutuşduraq: Bakıda hələ indi cəmi 79 hotel var. Bu rəqəm Kiyevdə 232, Tbilisidə 88, Dubayda 408, Praqada 710, Istanbulda 1170, Parisdə 1470-dir.

Biri indi mənə izah versin ki, nə üçün 408 hoteli olan Dubay yox, 79 hoteli olan Bakı dünyanın mərkəzi sayılmalıdır? Bu, ictimai rəylə yanaşı, həm də riyaziyyat elminə qarşı hörmətsizlikdir.

Azərbaycanda hotellərin çoxalması yaxşı hadisədir. Ancaq bu hadisəni ucuz təbliğat materialına çevirməklə heç nə əldə etmək olmaz. Hotelin olması hələ işin bir hissəsidir, ən ciddi sual budur: Azərbaycandakı hotellərdə xidmət necədir? Bu hotellərin xidmətindən istifadə etmək əlçatandır, yoxsa yox?

Bir nümunə ilə biz yuxarıda qoyulan suala cavab tapa bilərik: Azərbaycanda bir nəfərin gecələməsi üçün ən ucuz hoteldə qiymət 55 manatdır.

Qonşu Istanbulda, uzaq Praqada isə gecəsi 20-25 manata olan hotel tapmaq olar. Özü də söhbət axurdan yox, gecələmək və normal səhər yeməyi təşkil edən hotellərdən gedir.

Xülasə, pis yerə ilişmişik, dostlar.