“Eurovision” haqqında Fərəh Pəhləvi nə deyir?


( "azadlıq" qəzeti, 12 fEVRAL 2012) Xalqımız çeşidli problemlər içində vurnuxarkən qibleyi-aləm Ilham müəllim “uf” demədən “Eurovision” yarışması üçün külli miqdarda pulu büdcədən ayırdı. 77 milyon pul 5-6 günlük təbdir üçün göyə sovrulacaq. Şənlik üçün Ilham müəllim insafən daim səxavətli olub, məsələn, iqtisadçıların iddasına görə, hər il o, mərhum atasının ad günü tədbirlərinə 10-12 milyon manat xərcləyir. Ancaq problem ondadır ki, bu böyük xərcli bayram tədbirlərindən vətəndaşlarımız polis zopasından və təhqirlərindən başqa bir zövq-səfa dada bilmir. “Eurovision”da da eyni halların yaşanmayacağına təminat yoxdur. “Eurovision” hələ gəlməyib, ancaq biz onun sitəmini yaşayırıq; camaatın evlərini qısır kompensasiyalarla uçurub dağıdırlar, büdcəni o bəhanə ilə talan edirlər.
“Eurovision”un təşkilat komitəsinin rəhbəri bildiyiniz kimi Ilham müəllimin həyat yoldaşı Mehriban Əliyevadır. Bu fakt məni xeyli dərəcədə təxribata çəkir.
Uzun müddətdir Ilham Əliyev hakimiyyətinin Iran şahı Rza Pəhləvinin yolu ilə getdiyi yazılır, gizli söhbətlərə mövzu olur. Azərbaycanda dini bir hakimiyyətin bərqərar olmasını heç istəməsəm də, nə gizlədim, yuxarıdakı fikirlər tez-tez mənim də beynimə girir. O qədər məsələlərdə Azərbaycan Şah dövrünün Iranını təkrarlayır ki, adamın təəccübdən gözləri bərəlir.
Məsələn, 1971-ci ildə Şah Pers imperatorluğunun yubileyini keçirməyə qərar verir. Persepolisdə düzənlənəcək bu təbdiri dünyada analoqsuz etmək üçün şah hakimiyyəti böyük pullar yatırır. Ən maraqlısı, yubileyin təşkilat komitəsinin sədri şahın zövcəsi Fərəh Pəhləvi olub. Bu gün “Yeni Azərbaycan” qəzetinin “Eurovision”a sərf olunan vəsaiti, bu tədbir üçün xalqa edilən zülmləri tənqid etdiyinə görə müxalifət liderlərini və müstəqil yazarlarını qaralaması, onlara şər-böhtan atması Fərəhin xatirələri ilə olduqca ahəngdardır.
“Lazımsız və ifrat” xərcləmələrlə bağlı çox sərt tənqid yağışı başladı. Jurnalistlər bezmədən, yorulmadan bu təkrarçılıq plovuna qaşıq saldılar. Jurnalistlər kinayəli dillə söz mamaçalığı eləyirdilər, təbii olaraq, Irandakı müxalifət tutuquşu kimi eyni şeyləri təkrarlayır və məsələni böyük ölçüdə istismar edirdilər. Bu mənzərə Persepolis yubileyinin mənasını xeyli dəyişdirdi. Mən də təkidlə xarici müxbirlərə neçə illərdir fağır xalqı dirçəltmək üçün göstərdiyimiz cəhdlərdən sonra bizi belə tənqid atəşinə tutmalarının ədalətli olmadığını, Iranın oyanışını göstərən yubileydən yalnız tənqid mözvularını qabartmalarının haqsızlıq olduğunu izah edirdim...
Göründüyü kimi hər iki avtoritar rejim tənqidi sevmir, onlara elə gəlir ki, müxalifət, azad media ancaq qara rəngləri görür, “fağır xalqı dirçəltmək üçün” xərclənən pullara əbəs yerə əsəbiləşir və s. Əminəm, bizim əlimizdə “ya qibleyi-aləm, bunca pulu bir mahnı yarışı üçün xərcləməyinizə nə hacət” deyə sual vermək fürsət olsa, Ilham müəllim buna elə cavab verər ki, mart qalarıq. Deyər ki, niyə bu qədər alçaq könüllüsünüz, varlığa nə darlıq, o pulun onsuz da siz füqəralara isti-soyuğu yoxdur, daha niyə atlanıb-düşürsüz və s.
Ilham müəllim və onun komandası öz işlərində, öz düşüncələrində qalmaqda olsun, mənə görə müxalifət və azad media “Eurovision” tənqidlərində işlərini ciddi tutmalıdırlar. Gözlərimiz önündə gül kimi tarixi təcrübə var: avtoritar rejim ha büruzə verməyə çalışmasa da təmtəraqlı tədbirlərə yönələn tənqidləri qılınc zərbəsi kimi qəbul edir. Öz cəzalarıdır, bunu da çəkməlidirlər, onları göyə sovurduqları pullara görə alqışlamalı deyilik ki...