Ana içeriğe atla

Elçibəyin son şahidi yazır


              
                     Övrəş qaş alan  həlmə gözü qaşdan ayırmış
                     Cəllad qəməsiylə bədəni başdan ayırmış
                      Candan ciyəri, qardaşı qardaşdan ayırmış
                              Bir millətə tarix boyu bir faciə doğmuş
                              Biz ellərin o qəhrəman ehsasını boğmuş

                                        Məhəmmədhüseyn Şəhriyar


                        1. “Prostat xərçəngi”

    Ənənəyə görə, ən  az 10 metr o tərəfdən əllərini havada  oynadar,  Ərzurum ağzını xatırladan ləhcəsi  ilə nə isə deyərək mənə doğru gələrdi. Qucaqlaşanda ya Azərbaycan televiziyasında gördüyü  proqramlardan bir neçə kəlmə deyərdi, ya da Bakıdan gələn qəzetlərdən oxuduğu yazılardan. “Azərbaycan” adı gələndə onun qədər həyəcanlanan başqa  bir adam görmədim.
Yanvar ayının alatoranında aeroportun çıxış salonunun qapısı açılanda gömrük sahəsindən keçdiyini gördüm; anlaya bilmədim: başını niyə qaldırmırdı?
 10 gün qabaq demişdi ki, Qurban xəstədir; Bakıya gedib onu görməliyəm. Bir yerdə böyüdük, müharibəyə  bir yerdə getdik; mütləq getməliyəm. Kim bilir- Qurbanla bir daha görüşməyimiz qismət olacaqmı?
“Hər halda, Qurbana bir şey oldu”- bundan başqa nə düşünə bilərdim ki?
Çantasını mənə verəndə də ağzını bıçaq açmırdı. Maşının qapısını açıb ayağını içəri qoyar-qoymaz “Əbülfəz bəy xəstədir. Prostat xərçəngi”- bunları deyə bildi.
Evinin qabağında maşından enəndə də heç nə demədi. Xəbər Əlirza əmini möhkəm sarsmışdı. Müharibədə əsir düşüb, hər cür cəfaya tab gətirəsən, savaşın  bitdiyi günlərdə sovetlərin əlinə keçməmək üçün İtaliya-İsveçrə sərhəddində 1 həftə zibil bidonunda gizlənəsən; “Mən olmasaydım, bunların  hamısı qırılardı; Kəngərli  o qədər tənbəl idi ki, acından günorta dururdu”- bir naxır adamı qabağına qatıb güllələnməkdən xilas edəsən; Türkiyəyə gəlib burda iş-güc sahibi olasan; 1968-də Bakıya gedib ananı görmək cəsarətini göstərəsən; Azərbaycan müstəqil olan kimi Bakıda ofis açasan ; “Əfəndim, ilk illərdə Türkiyənin əksər işləri mənim üzərimdən koordinasiya edilirdi”-  özünü bu qədər önəmli görməkdən qürur duyasan; sonra da bir “prostat xərçəngi” xəbərindən bu qədər sarsılasan.
Hey gidi dünya; Əlirza Turanın da  üzündə  sevinc-nəş”ədən əsər-əlamət qalmazmış. Kim bilir hələ nələr görəcəkdik?
Ofisə gəlib Ankaraya- illərdən bəri böyük qardaş-kiçik qardaş ahəngini qoruduğum Səlçuk Alkına zəng edirəm. Səlçuk ağabəylə 1988-də Bakıda tanış olub dostlaşmışdılar.
“Əbülfəz bəy prostat xərçəngidir”
“Bu hardan çıxdı? Kim dedi? Dəqiq xəbərdirmi?”
“Əlirza əmi bir az əvvəl Bakıdan gəldi- o dedi”
Telefonun hər iki ucuna susqunluq çökdü. Səlçuk ağabəy də Əlirza Turanın boş söz danışmayacağını yaxşı bilirdi...
Bülent Ecevitin baş nazir olduğu koalisiyanın ikinci ortağı Milliyyətçi Hərəkat Partiyası idi. Baş nazirin müavini  postu, səhiyyə və kommunikasiya nazirlikləri MHP-də idi. Milliyyətçilərin ən güclü olduğu vaxtda müayinə və müalicə üçün Ankaraya gətirilməsinə təxminən 3 ay vaxt xərcləndi. Bunu Bakının gec icazə verməsi ilə izah edənlər də oldu, gecikməyə görə Ankaranı günahlandıranlar da. Uzun məşvərətlərdən sonra MHP-nin Uşak millət vəkili Armağan Yıldızı da yanına alıb xüsusi təyyarə ilə Bakıya uçan  Sivas millət vəkili Məhmət Ceylan durumun xülaseyi-kəlamını bu şəkildə verirdi:
“ Dedim ki, Armağan, Bakıya gedəcəyik. Nə üçün gedəcəyimizi soruşma. Ancaq həyatımızın 100%-lik risk altında olacağını da unutma”. Məhmət Ceylan daha sonra barmaqlarını gicgahına apararaq Armağan Yıldızın verdiyi əsgər salamını təqlid edirdi: Uşak millət vəkili Yıldız  “riskli səfər”ə razılığını təzim edərək vermişdi...
Səhiyyə naziri Osman Durmuş Türkiyənin ən çox polemika yaradan siyasətçilərindən biridir. Bunun əsas səbəbi- Durmuşun “hər əhval və şərait içində”  ən  sərt  üslubda danışmaqdan qaçınmamasıdır. Türkiyədə 12 sentyabrda keçiriləcək referendum ərəfəsində xalqı niyə AKP-nin Konstitusiya dəyişikliklərinin əleyhinə səs verməyə çağırdı- bilirsinizmi?
“ Bir əkinçi baş nazirə deyəndə ki, artıq anamız ağladı. Baş nazir ona “Ananı da al,  get”-cavabını verdi. Əgər Konstitusiya paketinə “hə”-desəniz, baş nazir sizə bunu deyəcək: Ananı da al,  gətir” . Başqaları sözün başına ip atıb o tərəfə-bu tərəfə çevirər; MHP Kırıkkale millət vəkili Osman  Durmuş isə birbaşa adamdır.
Ankarada müayinəyə girməzdən əvvəl Osman Durmuşla bir araya gəlibmiş; onun rəng-ruhuna baxan səhiyyə naziri yaxın bir adama  “Əbülfəz bəyi buraya öldürüb göndəriblər”-deyib. Xəstəxanaya yatızdırmadan müalicəsinə başlamışdılar. Qaldığı yer hər kəsə bildirilmirdi. Mən də “Hürriyət”in baş redaktoru Ertuğrul Özkökün məqaləsindən öyrənmişdim. Səhər İstanbuldakı “Richmond” otelinin lobbisində AXCP sədrinin bir müavini  “Ertuğrul Özkökün məqaləsini oxudunmu?”- deyə soruşmuş, hələ oxumadığımı görəndə məni mətbuatı vaxtında izləməməkdə “günahlandırmışdı”. Məqalənin məzmunu barədə danışmağa ehtiyac yoxdur...

                                2. İstanbul

Aprelin əvvəlində İstanbula gələcəyini demişdilər. Tərəfdarları  aeroportun  VİP salonundan çıxacağını xəbər alaraq oraya axın etmişdi. Salonun müdiri Abdurrahman bəylə yaxın münasibətimiz vardı. Oradakı tünlük və səs-küyün narahatlıq yaratdığını görüb Abdurrahman ağabəydən xahiş etdim ki, kənar adamların hamısını qırağa çıxartdırsın. VİP salonunda vaxtında həyata keçirilən bu “deportasıya”dan   sonra Türk dünyası araşdırmaları vəqfinin başqanı professor Turan Yazganla Ankaradan 30 saniyə qabaq enən təyyarənin pilləkənlərinə doğru irəliləyirdik. Bakı aeroportundan çıxanda  nəyisə səbəb göstərərək ölkədən çıxmasını əngəlləmək istəmişdilər. İstanbulda isə VİP salonundan qarşılanırdı. Təyyarənin sərnişinləri onun hamıdan qabaq enməsi üçün yolu açmışdılar. Keçmiş daxili işlər naziri Məhmət Ağar onun arxasınca enirdi. Prof. Yazganla qucaqlaşandan sonra mənə tərəf döndü. İlk gənclik çağlarımdan başqalarına etdiyi umu- küsünün bu dəfəki adresi mən olmuşdum :
 “ Necəsən? Sorağın yaxşı gəlir. Bəs özün niyə görünmürsən?”
“Siz yaxşı olun”.
Sağollaşmaq üçün gözləyən Məhmət Ağar:
“Sayın Cumhurbaşkanım, bizə tapşıracağınız nə iş olsa, həmişə hazırıq”
VİP salonunda azacıq nəfəs dərib  qırağa çıxdı. Orada gözləyən təxminən 200 adamın əksəriyyəti ilə tək-tək əl sıxışıb əvvəlcədən proqramlanmış mükafat mərasiminə yola düşdü. Cənubi Azərbaycanlı iki doktorla ən arxa sırada güc- bəla ilə özümüzə yer edə bildik.
Mərasim İstiklal caddəsindəki Muammer Karaca adına teatrda təşkil edilmişdi. “Türklüyə xidmət mükafatı”na layiq görülənlər arasında keçmiş Ankara cümhuriyyət baş prokuroru Nüsrət Dəmiral və Kiprdəki Türk qoşunlarının keçmiş komandanı, istefada olan general-polkovnik Həsən Kundakçı  da vardı. Kürsüyə çıxaraq Türklərin dünyaya baxışını izah etdi: boz rəngin Türklər üçün niyə müqəddəs olduğunu anladarkən salondan yüksələn alqışlar sözünə bir neçə dəfə ara verməsinə səbəb oldu. Mərasim bitdi: foyedə Cənubi Azərbaycanlı doktorları ona təqdim etdim:
“Bunlar Təbrizli dostlarımızdır”
Sanki diksindi:
“Nə? Təbrizli? Sabah Süleymaniyyəyə gəlin. Orda sizinlə söhbət etmək istəyirəm. Çox adam gətirin”.
Kamal Çapraz  fotomuzu  çəkdi. Sonralar “Ufuk ötesi” adlı qəzet çıxaran  Çaprazı 2 il əvvəl yolu keçəndə maşın vurdu. Fotoları  dəfələrlə istəsək  də, Kamal bəy onları  tapıb bizə  verə bilmədi...
Ertəsi gün nahar vaxtı Türk dünyası araşdırmaları mərkəzinin başqanı professor Turan Yazgan ilə Süleymaniyyəyə gəldi. Maşından enərkən professor Yazgan “Əfəndim, burası bizim toplantılarımızı keçirdiyimiz tarixi bir yerdir. Sizi dinləmək üçün məmləkətin bir çox yerindən gələn var”-dedi.
Cənubi Azərbaycanlılar “çox” gəlmədilər. Yenə Yadulla ilə Yaqub vardı. Oturduğu otağın qapısı açıq idi. Əlindəki jurnaldan müavini Asim Mollazadəyə nəyi isə göstərir, Türkiyədə nəşr işinin yüksək səviyyədə olduğunu vurğulayırdı.
Yadulla ilə Yaqub çox danışmaq istəmirdilər, onu dinləmək arzusu üstün gəlirdi. Üzünü onlara tutub dedi:
“Ürəyinizdə vətən sevgisi varsa, xalqı oyandırmağın  yollarını axtarmalısınız. Əgər bunu etmirsinizsə, ömür boyu vicdan əzabı ilə yaşayacaq və heç vaxt rahat ola bilməyəcəksiniz. Yox, əgər vətənin müstəqilliyi və xoşbəxtliyi üçün səsinizi yüksəldəcəksinizsə, onda bu dünyadan çox rahat gedəcəksiniz. Bunun üçün sizin  təşkilatlanmağınız  lazımdır”
Üzünü Arif Acaloğluna tutdu:
“Sizlərin də dəstək verməyinizi istəyirəm. Hansı təşkilat forması təklif edə bilərsən?”
Arif:
“Məncə, mərkəzi İstanbulda olan Təbriz araşdırmalar mərkəzi yaradıb onun çatısı  altında elmi  fəaliyyət göstərmək məqsədə uyğun olardı”.
Asim Mollazadə heç danışmırdı.
“Təşkilatla bağlı sənin fikrin nədir?”- məndən soruşdu.
“Məncə, yeni təşkilata gərək yoxdur. Ankaradakı Azərbaycan Kültür Dərnəyinin İstanbul şöbəsini fəallaşdırıb orada işləmək daha yaxşı olar”
“Ortaya iki fikir çıxdı. Səlçuk bəyi çağır gəlsin”.
Səlçuk bəy də Azərbaycan Kültür Dərnəyi  İstanbul şöbəsinin çətiri altında çalışmağın daha faydalı olacağını deyəndən sonra üzünü Yadullaya və Yaquba tutub dedi:
“Mən Ankara ilə lazımi şeyləri danışacağam. Siz isə başlayın. Ancaq könülsüz işləyəcəksinizsə, heç başlamayın”.
Yenidən mənə  dönərək “Səndən işlərin gedişi barədə tez-tez məlumat alacağam”-dedi.
Mötərizə içində deyim ki, iki cənublu dostumuz  o işə heç başlamadılar.
İstanbulda qaldığı müddətdə Əli bəy Hüseynzadənin və Mirzəbala Məmmədzadənin məzarlarını ziyarət etdi, tələbələrlə görüşdü, xeyirdə-şərdə iştirak etdi.  Türk TV-lərindəki  çıxışlarında yorğunluğu hiss edilirdi.
Ankarada müalicəsini bir qədər davam etdirəndən sonra aprelin ortalarında Bakıya qayıtdığı xəbəri gəldi...

                                 3.   İstanbul üzərindən Amerikaya

Mayın axırında  Konqresin Azərbaycanla bağlı dinləmələrində iştirak etmək üçün Vaşinqtondan dəvət alıbmış.
Türkiyədən tranzit keçsə belə, dövlət səviyyəsində  qarşılanması, qorunması və ölkədən yola salınması üçün təlimat verilməsindən xəbərdar idim.
VİP salonunun avtobusunda yenə Abdurrahman ağabəy, İstanbul qubernatorunun müavini, Ankara universitetinin müəllimi Xanım Xəlilova və  mən vardıq.
Gözlədiyimizin əksinə, təyyarədən son dərəcə gümrah çıxdı. Avtobusa minəndə Xəlilova dedi ki, kökəlmisiniz. Bu yeməkdəndir, yoxsa narahatlığınız var?
Narahatlığının olmadığını dedi.
Xəlilova ölkədən rahat çıxıb-çıxa bilmədiyini soruşanda verdiyi cavab  bundan ibarət oldu:
“ Yox, bu dəfə heç nə demədilər. Əksinə, hörmətlə yanaşdılar. Yəqin ki, bundan sonrakı  giriş-çıxışlarda hər hansı problem yaranmayacaq”.
Tərəfdarlar VİP salonunun qapısını yaman bəyənmişdilər: bu dəfə də tam tərkiblə orada idilər. Qapıdan çıxarkən tərəfdarların hərarətli alqışları da ənənəyə çevrilmişdi. Onlara 1-2 kəlməylə müraciət etdi : “Sizinlə görüşmək istəmədiyimi iddia etmisiniz. Bu, düz deyil. Bu axşam görüşəcəyik”.
Növbəti gün ABŞ-a uçmuş, bir neçə gündən sonra Bakıda mitinq keçirilərkən telefonla Türkiyənin Flash TV kanalına bağlanıb mitinqlər barədə danışmış və Vaşinqtondakı  görüşləri barədə ətraflı məlumat vermişdi. Deyəsən, Vaşinqtonun “demokratiya doktrinaları”na inanmağa davam edirdi...

                                        4. İstanbul üzərindən Ankaraya  

O vaxtlar tez-tez İstanbula gələn Asim Mollazadə iyunun əvvəlində bir neçə nəfərin iştirakı ilə keçirilən axşam ziyafətində dərindən nəfəs alaraq bunu deyirdi :” İndi bizi ən çox narahat edən məsələ- bəyin səhhətidir”. Gözünü uzaq bir nöqtəyə zilləyirdi.
Elə iyulun əvvəlindəki gəliş xəbərini də Asimə verdilər : İstiklal caddəsində Asim və Ariflə yanaşı gedərkən ona  zəng gəldi. Taksim tərəfə gedirdik; Asim telefonu qapadan kimi “Əli zəng etdi, Bakıdan bəyi göndəriblər. Aeroporta onu qarşılamağa gedirik”.  Evdən gələn bir xəbər Arifin də aeroporta gəlməsini əngəllədi. Maşından enəndə Abdurrahman ağabəy uzaqdan məni görüb geri döndü.
“Xeyir ola?”
“Əbülfəz bəy gəlir”
“Bizə təlimat gəlib. Siz içəri keçin, mən də gəlirəm”
VİP-in avtobusunda İstanbul qubernatorunun müavini, Abdurrahman ağabəy, Asim Mollazadə, VİP-in 2 qadın işçisi və mən vardım. Abdurrahman ağabəy:
“Azərbaycanda Türkiyəyə Əbülfəz Elçibəy qədər yaxın olan başqa bir lider varmı?”
“Yoxdur və bundan sonra olub-olmayacağı da şübhəlidir”
Asimlə təyyarənin qapısına uzanan pilləkəndən  yuxarı çıxdıq. Qapı açılıb bizi qarşısında görəndə “Siz hardan xəbər tutdunuz? Burda nə gəzirsiniz?”-dedi. Türkiyənin dövlət məmurları onu hərarətlə qarşıladılar. Ayağını VİP avtobusunun  pilləkəninə qoyanda sürüşdü, ancaq özünü toplayıb ayaqda dura bildi. Bu, ona çox pis təsir etdi. Oturandan sonra başını əlinin arasına alıb təxminən 2 dəqiqə o şəkildə qaldı. Başını qaldıranda avtobusdan enmək vaxtı gəlmişdi. Ayağının sürüşməsini unuda bilmirdi. VİP-in əməkdaşlarından üzr istədi.
Şərəf salonunu açdılar. Bir neçə dəqiqədən sonra gələn professor Turan Yazgan da onu qanı qara vəziyyətdə görəndə mən dizimi yerə atıb deyirdim:
“ Bunun xəstəliklə heç bir əlaqaəsi yoxdur. Ayağınız sürüşdü. Özalın o qədər ayağı sürüşüb yıxılmışdı ki?  Dəmirəl neçə dəfə kəllə- mayallaq olub”.
Nəhayət, başını qaldırdı.
“Kim?”
“Süleyman Dəmirəl. Tribunada danışıb enəndə neçə dəfə yıxılmışdı. Cangüdəni onu yerdən qaldırmaqdan yorulmuşdu. Çay, qəhvə- bir şey gətirisnlər, için”
Dərindən nəfəs aldı.
“De, bir kofe gətirsinlər”.
Professor Yazgan kommunikasiya naziri Enis Öksüzlə danışırdı.
“Enis, sayın cumhurbaşkanımızı Ankaraya göndəririk. Maşını  aeroportun içinə göndər, sayın cumhurbaşkanımızın hansı qapıdan çıxdığı məlum  olmasın”.
Yaxın dostu Rəşid Şaşıhüseyinoğlu salona girəndə  artıq qəhvəsini içib özünə gəlmişdi. Sonradan məlum olmuşdu ki, vəsiyyətini Rəşid bəyə edib: “ Anamın goruna and verirəm ki, öləndə məni özün yuyub kəfənə sarı, məzara qoy”
Rəşid bəy telefonu uzadır: Əfəndim, Vəli paşamdır.
 General-mayor Vəli Kiçik o vaxt Jandarma qüvvələrinin Giresun vilayətindəki bölgə komandanı idi.
“Əmrinizdəyik,  sayın cumhurbaşkanım”
“Əmr sahibi olasınız, sayın paşam. Türk dünyası öz yoluyla gedir və gedəcək. Bizim işimiz arabir bəzi şeylərə düzəliş verməkdir”.
Doktorunun salondan çıxdığını görən kimi onun dalınca getdim:
“Mənə işin düzünü deyə bilərsinizmi? Burdakıların arasında onu hamıdan qabaq mən tanımışam”
Ümidsizliyi gözlərindən oxunan doktor:
“Yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”-dedi.
Keçmiş daxili işlər naziri İsmət Sezgin gəldi. “Nasılsın, oğlum?”-deyə kefimi xəbər alar-almaz “Əbülfəz bəy burda”-dedim. Şərəf salonuna girib səmimi şəkildə görüşdü.
Doktorla danışandan sonra VİP salonunun giriş  qapısına tərəf getmiş  və gəlişindən mətbuatın xəbər tutduğunu görmüşdüm. Ancaq Abdurrahman ağabəylə anlaşmamıza görə, heç bir müxbiri VİP salonuna yaxınlaşmağa qoymurdular.
İçəri qayıdanda kefinin xeyli düzəldiyini gördüm:  professor Yazganla danışarkən Rəşid bəyin tez-tez  uzatdığı mobil telefonuyla dost-tanışlarıyla hal-əhval tuturdu.
Medianın onun gəlişindən xəbərdar  olmasından narahat olmuşdum. Əyilib qulağına dedim:
“Mətbuat gəlişinizdən xəbər tutub. Müxbirlər bu işi səhv şərh edə bilərlər. Sizi arxa qapıdan çıxaracağıq. Əgər mətbuat sizi görüb sual versə, bir cümlə ilə cavab verib maşına minəcəksiniz ki, tez təyyarəyə gedək : “4 ay əvvəl müalicə olunduğum Ankaraya müayinəyə   gəlmişəm”
Müxbirlər də  xəbər tutdu, arxa qapıdan çıxarmağımıza baxmayaraq, “Əfəndim, Türkiyəyə niyə gəldiniz? Xəstəsinizmi?” –sualını da verdilər. O isə  bir neçə dəqiqə əvvəl razılaşdığımız  cavabı olduğu kimi verib maşına mindi. Pilləkənlərin yanında enib  təyyarəyə özü çıxdı. Vidalaşmaq üçün əlini havaya qaldıranda  hamını hüzn dolu bir sevinc sarmışdı...
Can Dündarın Atatürkün son 300 gününü  yazdığı  “Sarı zeybək” kitabından və eyni adlı sənədli filmdən bir epizod gözümün qabağından getmirdi: Mustafa Kamal Paşanın son günlərində Baş katibi Hasan Rıza Soyak yavəri Altemür Kılıca demişdi:” Bax, Kılıç, qocaman bir tarix köçür”.  Kitabı və sənədli filmin video-kasetini  ona  göndərmiş, buna çox sevindiyini ifadə edən cavab mesajını almışdım.
1979-dan yanındaydım. Barmaqla sayıla biləcək bir qrup  insan üçün həm müəllim, həm də vəfalı  dost idi.
1991-in sentyabrında  Bodrumda beynəlxalq konfransda iştirak edəndən sonra mərhum Əhməd Karaca məni Ankaraya dəvət etmiş, paytaxtda 15 gün qalıb seçki qabağı təbliğat kampaniyasını izləmişdim.
Bakıya qayıdan kimi yanına getdim.
“Qabaqdan qış gəlir. Ölkədə vəziyyət pisləşə bilər. Qarabağa hər an yardım lazımdır. Türkiyəyə getsəniz, çox böyük miqdarda yardım toplanar və bu qış   sıxıntı olmadan keçər”
“Yaxşı bilirsən ki, mənim  Azərbaycandan çıxanda  gedəcəyim  ilk  yer Təbriz olacaq. Bəs bu əhdimi pozmarammı?”
“Əhd öz yerində, ancaq mən qısa müddətdə Türkiyəyə getməyinizin ölkəyə çox faydalı olacağına inanıram. Təbrizə də o qədər gedəcəyik ki?”
“Məntiqli danışırsan. Bu barədə fikirləşək və məncə, Türkiyəyə gedək”
91-də Ankaraya  yardım toplamaq üçün getmək  qismət olmamıdşdı.
9 il sonra Ankaraya həyatını xilas etmək ümidiylə gedirdi....
Xəstəxanada yanında qalanlar həqiqəti bizdən gizlədilər.
Elə isə biz onu həmişə bir müəllim və dost kimi görmüşdük. Ondan heç vaxt heç bir gözləntimiz olmamışdı və olmayacaqdı. Ona görə də bir vaxtlar bir əlin  barmaqları qədər az olan, ancaq onun ideallarına sıx bağlı olan insanların- İsfəndiyarın, dədə Aydının, Arif Acaloğlunun, Cabbarın.... mənim  də   onunla vidalaşmaq ən təbii haqqımız idi. Bu haqqımızı əlimizdən alanlara bizim də haqqımız heç vaxt halal olmayacaq...

                                                 5. Son

                                    Bilmişiz kim, mülki-aləm kimsəyə qılmaz vəfa
                                    Ol zamandan kim onu mlki-Süleyman bilmişiz

                                                               Məhəmməd Füzuli

Həmişəki kimi, ofisimə erkən gəlsəm də, Arif ilk dəfə  səhər 8.30-da  mənə  zəng edirdi.
“Başımız  sağ olsun. Bəy artıq yoxdur”.
Ofisdən çıxıb axşama qədər İstanbulun küçələrində sərsəri kimi veyilləndim. Axşamüstü Əlirza əmi zəng etdi.
“Oğlum, başınız sağ olsun. Milliyyətçilər yetim qaldı”.
TV kanalları an FOTOa xəbər bülletenlərinin birinci sırasına onun ölüm xəbərini qoymuşdular. Star TV-nin məşhur diktoru Gülgün Feymanın “Ankaradan gələn ölüm xəbəri hamımızı sarsıtdı”-deyərkən necə ağladığını  heç vaxt unutmayacağam.
Ertəsi  günkü  qəzetlərin ortaq manşeti “Türk övladı öldü”-idi.
“Milliyet”in Moskva müxbiri Cenk Başlamış ona bütöv bir səhifə həsr etmişdi.. Kələkiyə görüşünə  gedəndə  məşhur göy rəngli kostyumunu geyib  onu gözlədiyini yazarkən necə təmiz bir adam olduğunu vurğulamışdı.
“Ergenekon” adlanan prosesin  18 aydan bəri haqsız şəkildə  həbsdə saxladığı  Mustafa Balbayın “Cümhuriyet”dəki “Əbülfəz Elçibəy” yazısı onu o qədər düzgün xarakterizə edirdi ki?
Onun haqqında yazanların heç biri təmənna güdmədən yazmışdılar. Hamı onun ardından öz səmimi düşüncəsini ifadə etmişdi.
Ən təsirli yazı isə Cengiz Çandarın “Sabah”dakı məqaləsi idi:
“BƏY”

                         
Mayis Əlizadə (Türkiyə)

 


Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tale Bağırzadəyə görə İNTİHAR etdi

Unutmamalı, rejimin üzərində belə çoxlu qan var. Azadxeber.net saytına məlumat verən vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri - Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkil bildirib ki, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Vəkil Yavər Hüseyn məktubun bir nüsxəsini də müxbirə təqdim edib. Həmin məktubda yazılanları olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Seyidov Kamran Nazim oğlu bu yazını yazıb bildirirəm ki, mən 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdım. Saxlanılmağımın səbəbi isə Bəxtiyar Qurbanov və Royal Əsgərovun 31.03.2013-tarixində mənim yaşadığım həyətdə mənimlə görüşməkləri olmuşdur. Görüş zamanı Bəxtiyar 900 manat borcunun olması və o borcu başına bir iş gələrsə, ödən…

Bəs deyirdilər, o hər şeyi bilir?!

Heydər Əliyevin rus jurnalistlərlə görüşündən :)
G e n n a d i  M a l t s e v: ...Sırtıqlıq kimi qəbul etməyin, bizə lütfkarlıqla bağışlanmış «Aforizmlər və müdrik kəlamlar» kitabınıza avtoqraf yazardınızmı?
H e y d ə r  Ə l i y e v: Bu kitab sizdə haradandır? Mən onu görməmişəm.
G e n n a d i  M a l t s e v: Bizdəki bu kitab rus və ingilis dillərindədir. Çox maraqlı kitabdır. Bəzi fikirlər biz jurnalistlərin unvanınadır.
H e y d ə r  Ə l i y e v: Mən bu kitabı görməmişəm.
G e n n a d i  M a l t s e v: Heydər Əliyeviç, axı, Sizin aforizmlərinizdir, Siz sadəcə olaraq, bu nəşri görməmisiniz.
H e y d ə r  Ə l i y e v: Yox, mən bu kitabı görməmiıəm.
G e n n a d i  M a l t s e v : Belə bir lətifə yadınızdadırmı, Leonid Ġliç Suslovdan soruşur: «Kiçik torpağ»ıoxumusanmı?». Suslov isə deyir: «Xeyr. Amma Pelşe oxuyub, deyir, maraqlı kitabdır».
H e y d ə r  Ə l i y e v: Yox, düzgün müqayisə deyil