Övrəş qaş alan həlmə gözü qaşdan ayırmış
Cəllad qəməsiylə bədəni
başdan ayırmış
Candan ciyəri, qardaşı
qardaşdan ayırmış
Bir millətə tarix
boyu bir faciə doğmuş
Biz ellərin o
qəhrəman ehsasını boğmuş
Məhəmmədhüseyn Şəhriyar
1. “Prostat xərçəngi”
Ənənəyə görə, ən az 10 metr o tərəfdən əllərini havada oynadar,
Ərzurum ağzını xatırladan ləhcəsi
ilə nə isə deyərək mənə doğru gələrdi. Qucaqlaşanda ya Azərbaycan
televiziyasında gördüyü proqramlardan
bir neçə kəlmə deyərdi, ya da Bakıdan gələn qəzetlərdən oxuduğu yazılardan.
“Azərbaycan” adı gələndə onun qədər həyəcanlanan başqa bir adam görmədim.
Yanvar
ayının alatoranında aeroportun çıxış salonunun qapısı açılanda gömrük
sahəsindən keçdiyini gördüm; anlaya bilmədim: başını niyə qaldırmırdı?
10 gün qabaq demişdi ki, Qurban xəstədir;
Bakıya gedib onu görməliyəm. Bir yerdə böyüdük, müharibəyə bir yerdə getdik; mütləq getməliyəm. Kim
bilir- Qurbanla bir daha görüşməyimiz qismət olacaqmı?
“Hər
halda, Qurbana bir şey oldu”- bundan başqa nə düşünə bilərdim ki?
Çantasını
mənə verəndə də ağzını bıçaq açmırdı. Maşının qapısını açıb ayağını içəri
qoyar-qoymaz “Əbülfəz bəy xəstədir. Prostat xərçəngi”- bunları deyə bildi.
Evinin
qabağında maşından enəndə də heç nə demədi. Xəbər Əlirza əmini möhkəm
sarsmışdı. Müharibədə əsir düşüb, hər cür cəfaya tab gətirəsən, savaşın bitdiyi günlərdə sovetlərin əlinə keçməmək
üçün İtaliya-İsveçrə sərhəddində 1 həftə zibil bidonunda gizlənəsən; “Mən
olmasaydım, bunların hamısı qırılardı;
Kəngərli o qədər tənbəl idi ki, acından
günorta dururdu”- bir naxır adamı qabağına qatıb güllələnməkdən xilas edəsən;
Türkiyəyə gəlib burda iş-güc sahibi olasan; 1968-də Bakıya gedib ananı görmək
cəsarətini göstərəsən; Azərbaycan müstəqil olan kimi Bakıda ofis açasan ;
“Əfəndim, ilk illərdə Türkiyənin əksər işləri mənim üzərimdən koordinasiya
edilirdi”- özünü bu qədər önəmli
görməkdən qürur duyasan; sonra da bir “prostat xərçəngi” xəbərindən bu qədər
sarsılasan.
Hey
gidi dünya; Əlirza Turanın da
üzündə sevinc-nəş”ədən
əsər-əlamət qalmazmış. Kim bilir hələ nələr görəcəkdik?
Ofisə
gəlib Ankaraya- illərdən bəri böyük qardaş-kiçik qardaş ahəngini qoruduğum
Səlçuk Alkına zəng edirəm. Səlçuk ağabəylə 1988-də Bakıda tanış olub
dostlaşmışdılar.
“Əbülfəz
bəy prostat xərçəngidir”
“Bu
hardan çıxdı? Kim dedi? Dəqiq xəbərdirmi?”
“Əlirza
əmi bir az əvvəl Bakıdan gəldi- o dedi”
Telefonun
hər iki ucuna susqunluq çökdü. Səlçuk ağabəy də Əlirza Turanın boş söz
danışmayacağını yaxşı bilirdi...
Bülent
Ecevitin baş nazir olduğu koalisiyanın ikinci ortağı Milliyyətçi Hərəkat
Partiyası idi. Baş nazirin müavini
postu, səhiyyə və kommunikasiya nazirlikləri MHP-də idi.
Milliyyətçilərin ən güclü olduğu vaxtda müayinə və müalicə üçün Ankaraya
gətirilməsinə təxminən 3 ay vaxt xərcləndi. Bunu Bakının gec icazə verməsi ilə
izah edənlər də oldu, gecikməyə görə Ankaranı günahlandıranlar da. Uzun
məşvərətlərdən sonra MHP-nin Uşak millət vəkili Armağan Yıldızı da yanına alıb
xüsusi təyyarə ilə Bakıya uçan Sivas millət
vəkili Məhmət Ceylan durumun xülaseyi-kəlamını bu şəkildə verirdi:
“
Dedim ki, Armağan, Bakıya gedəcəyik. Nə üçün gedəcəyimizi soruşma. Ancaq
həyatımızın 100%-lik risk altında olacağını da unutma”. Məhmət Ceylan daha
sonra barmaqlarını gicgahına apararaq Armağan Yıldızın verdiyi əsgər salamını
təqlid edirdi: Uşak millət vəkili Yıldız
“riskli səfər”ə razılığını təzim edərək vermişdi...
Səhiyyə
naziri Osman Durmuş Türkiyənin ən çox polemika yaradan siyasətçilərindən
biridir. Bunun əsas səbəbi- Durmuşun “hər əhval və şərait içində” ən
sərt üslubda danışmaqdan
qaçınmamasıdır. Türkiyədə 12 sentyabrda keçiriləcək referendum ərəfəsində xalqı
niyə AKP-nin Konstitusiya dəyişikliklərinin əleyhinə səs verməyə çağırdı-
bilirsinizmi?
“ Bir
əkinçi baş nazirə deyəndə ki, artıq anamız ağladı. Baş nazir ona “Ananı da
al, get”-cavabını verdi. Əgər
Konstitusiya paketinə “hə”-desəniz, baş nazir sizə bunu deyəcək: Ananı da
al, gətir” . Başqaları sözün başına ip
atıb o tərəfə-bu tərəfə çevirər; MHP Kırıkkale millət vəkili Osman Durmuş isə birbaşa adamdır.
Ankarada
müayinəyə girməzdən əvvəl Osman Durmuşla bir araya gəlibmiş; onun rəng-ruhuna
baxan səhiyyə naziri yaxın bir adama
“Əbülfəz bəyi buraya öldürüb göndəriblər”-deyib. Xəstəxanaya
yatızdırmadan müalicəsinə başlamışdılar. Qaldığı yer hər kəsə bildirilmirdi.
Mən də “Hürriyət”in baş redaktoru Ertuğrul Özkökün məqaləsindən öyrənmişdim.
Səhər İstanbuldakı “Richmond” otelinin lobbisində AXCP sədrinin bir
müavini “Ertuğrul Özkökün məqaləsini
oxudunmu?”- deyə soruşmuş, hələ oxumadığımı görəndə məni mətbuatı vaxtında
izləməməkdə “günahlandırmışdı”. Məqalənin məzmunu barədə danışmağa ehtiyac
yoxdur...
2. İstanbul
Aprelin
əvvəlində İstanbula gələcəyini demişdilər. Tərəfdarları aeroportun
VİP salonundan çıxacağını xəbər alaraq oraya axın etmişdi. Salonun
müdiri Abdurrahman bəylə yaxın münasibətimiz vardı. Oradakı tünlük və səs-küyün
narahatlıq yaratdığını görüb Abdurrahman ağabəydən xahiş etdim ki, kənar
adamların hamısını qırağa çıxartdırsın. VİP salonunda vaxtında həyata keçirilən
bu “deportasıya”dan sonra Türk dünyası
araşdırmaları vəqfinin başqanı professor Turan Yazganla Ankaradan 30 saniyə
qabaq enən təyyarənin pilləkənlərinə doğru irəliləyirdik. Bakı aeroportundan
çıxanda nəyisə səbəb göstərərək ölkədən
çıxmasını əngəlləmək istəmişdilər. İstanbulda isə VİP salonundan qarşılanırdı.
Təyyarənin sərnişinləri onun hamıdan qabaq enməsi üçün yolu açmışdılar. Keçmiş
daxili işlər naziri Məhmət Ağar onun arxasınca enirdi. Prof. Yazganla
qucaqlaşandan sonra mənə tərəf döndü. İlk gənclik çağlarımdan başqalarına
etdiyi umu- küsünün bu dəfəki adresi mən olmuşdum :
“ Necəsən? Sorağın yaxşı gəlir. Bəs özün niyə
görünmürsən?”
“Siz
yaxşı olun”.
Sağollaşmaq
üçün gözləyən Məhmət Ağar:
“Sayın
Cumhurbaşkanım, bizə tapşıracağınız nə iş olsa, həmişə hazırıq”
VİP
salonunda azacıq nəfəs dərib qırağa
çıxdı. Orada gözləyən təxminən 200 adamın əksəriyyəti ilə tək-tək əl sıxışıb
əvvəlcədən proqramlanmış mükafat mərasiminə yola düşdü. Cənubi Azərbaycanlı iki
doktorla ən arxa sırada güc- bəla ilə özümüzə yer edə bildik.
Mərasim
İstiklal caddəsindəki Muammer Karaca adına teatrda təşkil edilmişdi. “Türklüyə
xidmət mükafatı”na layiq görülənlər arasında keçmiş Ankara cümhuriyyət baş
prokuroru Nüsrət Dəmiral və Kiprdəki Türk qoşunlarının keçmiş komandanı, istefada
olan general-polkovnik Həsən Kundakçı da
vardı. Kürsüyə çıxaraq Türklərin dünyaya baxışını izah etdi: boz rəngin Türklər
üçün niyə müqəddəs olduğunu anladarkən salondan yüksələn alqışlar sözünə bir
neçə dəfə ara verməsinə səbəb oldu. Mərasim bitdi: foyedə Cənubi Azərbaycanlı
doktorları ona təqdim etdim:
“Bunlar
Təbrizli dostlarımızdır”
Sanki
diksindi:
“Nə?
Təbrizli? Sabah Süleymaniyyəyə gəlin. Orda sizinlə söhbət etmək istəyirəm. Çox
adam gətirin”.
Kamal
Çapraz fotomuzu çəkdi. Sonralar “Ufuk ötesi” adlı qəzet
çıxaran Çaprazı 2 il əvvəl yolu keçəndə
maşın vurdu. Fotoları dəfələrlə
istəsək də, Kamal bəy onları tapıb bizə
verə bilmədi...
Ertəsi
gün nahar vaxtı Türk dünyası araşdırmaları mərkəzinin başqanı professor Turan
Yazgan ilə Süleymaniyyəyə gəldi. Maşından enərkən professor Yazgan “Əfəndim,
burası bizim toplantılarımızı keçirdiyimiz tarixi bir yerdir. Sizi dinləmək
üçün məmləkətin bir çox yerindən gələn var”-dedi.
Cənubi
Azərbaycanlılar “çox” gəlmədilər. Yenə Yadulla ilə Yaqub vardı. Oturduğu otağın
qapısı açıq idi. Əlindəki jurnaldan müavini Asim Mollazadəyə nəyi isə göstərir,
Türkiyədə nəşr işinin yüksək səviyyədə olduğunu vurğulayırdı.
Yadulla
ilə Yaqub çox danışmaq istəmirdilər, onu dinləmək arzusu üstün gəlirdi. Üzünü
onlara tutub dedi:
“Ürəyinizdə
vətən sevgisi varsa, xalqı oyandırmağın
yollarını axtarmalısınız. Əgər bunu etmirsinizsə, ömür boyu vicdan əzabı
ilə yaşayacaq və heç vaxt rahat ola bilməyəcəksiniz. Yox, əgər vətənin
müstəqilliyi və xoşbəxtliyi üçün səsinizi yüksəldəcəksinizsə, onda bu dünyadan
çox rahat gedəcəksiniz. Bunun üçün sizin
təşkilatlanmağınız lazımdır”
Üzünü
Arif Acaloğluna tutdu:
“Sizlərin
də dəstək verməyinizi istəyirəm. Hansı təşkilat forması təklif edə bilərsən?”
Arif:
“Məncə,
mərkəzi İstanbulda olan Təbriz araşdırmalar mərkəzi yaradıb onun çatısı altında elmi
fəaliyyət göstərmək məqsədə uyğun olardı”.
Asim
Mollazadə heç danışmırdı.
“Təşkilatla
bağlı sənin fikrin nədir?”- məndən soruşdu.
“Məncə,
yeni təşkilata gərək yoxdur. Ankaradakı Azərbaycan Kültür Dərnəyinin İstanbul
şöbəsini fəallaşdırıb orada işləmək daha yaxşı olar”
“Ortaya
iki fikir çıxdı. Səlçuk bəyi çağır gəlsin”.
Səlçuk
bəy də Azərbaycan Kültür Dərnəyi
İstanbul şöbəsinin çətiri altında çalışmağın daha faydalı olacağını
deyəndən sonra üzünü Yadullaya və Yaquba tutub dedi:
“Mən
Ankara ilə lazımi şeyləri danışacağam. Siz isə başlayın. Ancaq könülsüz
işləyəcəksinizsə, heç başlamayın”.
Yenidən
mənə dönərək “Səndən işlərin gedişi
barədə tez-tez məlumat alacağam”-dedi.
Mötərizə
içində deyim ki, iki cənublu dostumuz o
işə heç başlamadılar.
İstanbulda
qaldığı müddətdə Əli bəy Hüseynzadənin və Mirzəbala Məmmədzadənin məzarlarını
ziyarət etdi, tələbələrlə görüşdü, xeyirdə-şərdə iştirak etdi. Türk TV-lərindəki çıxışlarında yorğunluğu hiss edilirdi.
Ankarada
müalicəsini bir qədər davam etdirəndən sonra aprelin ortalarında Bakıya
qayıtdığı xəbəri gəldi...
3. İstanbul üzərindən Amerikaya
Mayın
axırında Konqresin Azərbaycanla bağlı
dinləmələrində iştirak etmək üçün Vaşinqtondan dəvət alıbmış.
Türkiyədən
tranzit keçsə belə, dövlət səviyyəsində
qarşılanması, qorunması və ölkədən yola salınması üçün təlimat
verilməsindən xəbərdar idim.
VİP
salonunun avtobusunda yenə Abdurrahman ağabəy, İstanbul qubernatorunun müavini,
Ankara universitetinin müəllimi Xanım Xəlilova və mən vardıq.
Gözlədiyimizin
əksinə, təyyarədən son dərəcə gümrah çıxdı. Avtobusa minəndə Xəlilova dedi ki,
kökəlmisiniz. Bu yeməkdəndir, yoxsa narahatlığınız var?
Narahatlığının
olmadığını dedi.
Xəlilova
ölkədən rahat çıxıb-çıxa bilmədiyini soruşanda verdiyi cavab bundan ibarət oldu:
“
Yox, bu dəfə heç nə demədilər. Əksinə, hörmətlə yanaşdılar. Yəqin ki, bundan
sonrakı giriş-çıxışlarda hər hansı
problem yaranmayacaq”.
Tərəfdarlar
VİP salonunun qapısını yaman bəyənmişdilər: bu dəfə də tam tərkiblə orada
idilər. Qapıdan çıxarkən tərəfdarların hərarətli alqışları da ənənəyə
çevrilmişdi. Onlara 1-2 kəlməylə müraciət etdi : “Sizinlə görüşmək istəmədiyimi
iddia etmisiniz. Bu, düz deyil. Bu axşam görüşəcəyik”.
Növbəti
gün ABŞ-a uçmuş, bir neçə gündən sonra Bakıda mitinq keçirilərkən telefonla
Türkiyənin Flash TV kanalına bağlanıb mitinqlər barədə danışmış və
Vaşinqtondakı görüşləri barədə ətraflı
məlumat vermişdi. Deyəsən, Vaşinqtonun “demokratiya doktrinaları”na inanmağa
davam edirdi...
4.
İstanbul üzərindən Ankaraya
O
vaxtlar tez-tez İstanbula gələn Asim Mollazadə iyunun əvvəlində bir neçə
nəfərin iştirakı ilə keçirilən axşam ziyafətində dərindən nəfəs alaraq bunu
deyirdi :” İndi bizi ən çox narahat edən məsələ- bəyin səhhətidir”. Gözünü uzaq
bir nöqtəyə zilləyirdi.
Elə
iyulun əvvəlindəki gəliş xəbərini də Asimə verdilər : İstiklal caddəsində Asim
və Ariflə yanaşı gedərkən ona zəng
gəldi. Taksim tərəfə gedirdik; Asim telefonu qapadan kimi “Əli zəng etdi,
Bakıdan bəyi göndəriblər. Aeroporta onu qarşılamağa gedirik”. Evdən gələn bir xəbər Arifin də aeroporta
gəlməsini əngəllədi. Maşından enəndə Abdurrahman ağabəy uzaqdan məni görüb geri
döndü.
“Xeyir
ola?”
“Əbülfəz
bəy gəlir”
“Bizə
təlimat gəlib. Siz içəri keçin, mən də gəlirəm”
VİP-in
avtobusunda İstanbul qubernatorunun müavini, Abdurrahman ağabəy, Asim
Mollazadə, VİP-in 2 qadın işçisi və mən vardım. Abdurrahman ağabəy:
“Azərbaycanda
Türkiyəyə Əbülfəz Elçibəy qədər yaxın olan başqa bir lider varmı?”
“Yoxdur
və bundan sonra olub-olmayacağı da şübhəlidir”
Asimlə
təyyarənin qapısına uzanan pilləkəndən
yuxarı çıxdıq. Qapı açılıb bizi qarşısında görəndə “Siz hardan xəbər
tutdunuz? Burda nə gəzirsiniz?”-dedi. Türkiyənin dövlət məmurları onu hərarətlə
qarşıladılar. Ayağını VİP avtobusunun
pilləkəninə qoyanda sürüşdü, ancaq özünü toplayıb ayaqda dura bildi. Bu,
ona çox pis təsir etdi. Oturandan sonra başını əlinin arasına alıb təxminən 2
dəqiqə o şəkildə qaldı. Başını qaldıranda avtobusdan enmək vaxtı gəlmişdi.
Ayağının sürüşməsini unuda bilmirdi. VİP-in əməkdaşlarından üzr istədi.
Şərəf
salonunu açdılar. Bir neçə dəqiqədən sonra gələn professor Turan Yazgan da onu
qanı qara vəziyyətdə görəndə mən dizimi yerə atıb deyirdim:
“ Bunun
xəstəliklə heç bir əlaqaəsi yoxdur. Ayağınız sürüşdü. Özalın o qədər ayağı
sürüşüb yıxılmışdı ki? Dəmirəl neçə dəfə
kəllə- mayallaq olub”.
Nəhayət,
başını qaldırdı.
“Kim?”
“Süleyman
Dəmirəl. Tribunada danışıb enəndə neçə dəfə yıxılmışdı. Cangüdəni onu yerdən
qaldırmaqdan yorulmuşdu. Çay, qəhvə- bir şey gətirisnlər, için”
Dərindən
nəfəs aldı.
“De,
bir kofe gətirsinlər”.
Professor
Yazgan kommunikasiya naziri Enis Öksüzlə danışırdı.
“Enis,
sayın cumhurbaşkanımızı Ankaraya göndəririk. Maşını aeroportun içinə göndər, sayın
cumhurbaşkanımızın hansı qapıdan çıxdığı məlum
olmasın”.
Yaxın
dostu Rəşid Şaşıhüseyinoğlu salona girəndə
artıq qəhvəsini içib özünə gəlmişdi. Sonradan məlum olmuşdu ki,
vəsiyyətini Rəşid bəyə edib: “ Anamın goruna and verirəm ki, öləndə məni özün
yuyub kəfənə sarı, məzara qoy”
Rəşid
bəy telefonu uzadır: Əfəndim, Vəli paşamdır.
General-mayor Vəli Kiçik o vaxt Jandarma
qüvvələrinin Giresun vilayətindəki bölgə komandanı idi.
“Əmrinizdəyik, sayın cumhurbaşkanım”
“Əmr
sahibi olasınız, sayın paşam. Türk dünyası öz yoluyla gedir və gedəcək. Bizim
işimiz arabir bəzi şeylərə düzəliş verməkdir”.
Doktorunun
salondan çıxdığını görən kimi onun dalınca getdim:
“Mənə
işin düzünü deyə bilərsinizmi? Burdakıların arasında onu hamıdan qabaq mən
tanımışam”
Ümidsizliyi
gözlərindən oxunan doktor:
“Yaxşılaşdırmaq
üçün əlimizdən gələni edəcəyik”-dedi.
Keçmiş
daxili işlər naziri İsmət Sezgin gəldi. “Nasılsın, oğlum?”-deyə kefimi xəbər
alar-almaz “Əbülfəz bəy burda”-dedim. Şərəf salonuna girib səmimi şəkildə görüşdü.
Doktorla
danışandan sonra VİP salonunun giriş
qapısına tərəf getmiş və
gəlişindən mətbuatın xəbər tutduğunu görmüşdüm. Ancaq Abdurrahman ağabəylə
anlaşmamıza görə, heç bir müxbiri VİP salonuna yaxınlaşmağa qoymurdular.
İçəri
qayıdanda kefinin xeyli düzəldiyini gördüm:
professor Yazganla danışarkən Rəşid bəyin tez-tez uzatdığı mobil telefonuyla dost-tanışlarıyla
hal-əhval tuturdu.
Medianın
onun gəlişindən xəbərdar olmasından
narahat olmuşdum. Əyilib qulağına dedim:
“Mətbuat
gəlişinizdən xəbər tutub. Müxbirlər bu işi səhv şərh edə bilərlər. Sizi arxa
qapıdan çıxaracağıq. Əgər mətbuat sizi görüb sual versə, bir cümlə ilə cavab
verib maşına minəcəksiniz ki, tez təyyarəyə gedək : “4 ay əvvəl müalicə
olunduğum Ankaraya müayinəyə gəlmişəm”
Müxbirlər
də xəbər tutdu, arxa qapıdan
çıxarmağımıza baxmayaraq, “Əfəndim, Türkiyəyə niyə gəldiniz? Xəstəsinizmi?”
–sualını da verdilər. O isə bir neçə
dəqiqə əvvəl razılaşdığımız cavabı
olduğu kimi verib maşına mindi. Pilləkənlərin yanında enib təyyarəyə özü çıxdı. Vidalaşmaq üçün əlini
havaya qaldıranda hamını hüzn dolu bir
sevinc sarmışdı...
Can
Dündarın Atatürkün son 300 gününü
yazdığı “Sarı zeybək” kitabından
və eyni adlı sənədli filmdən bir epizod gözümün qabağından getmirdi: Mustafa
Kamal Paşanın son günlərində Baş katibi Hasan Rıza Soyak yavəri Altemür Kılıca
demişdi:” Bax, Kılıç, qocaman bir tarix köçür”.
Kitabı və sənədli filmin video-kasetini
ona göndərmiş, buna çox
sevindiyini ifadə edən cavab mesajını almışdım.
1979-dan
yanındaydım. Barmaqla sayıla biləcək bir qrup
insan üçün həm müəllim, həm də vəfalı
dost idi.
1991-in
sentyabrında Bodrumda beynəlxalq
konfransda iştirak edəndən sonra mərhum Əhməd Karaca məni Ankaraya dəvət etmiş,
paytaxtda 15 gün qalıb seçki qabağı təbliğat kampaniyasını izləmişdim.
Bakıya
qayıdan kimi yanına getdim.
“Qabaqdan
qış gəlir. Ölkədə vəziyyət pisləşə bilər. Qarabağa hər an yardım lazımdır.
Türkiyəyə getsəniz, çox böyük miqdarda yardım toplanar və bu qış sıxıntı olmadan keçər”
“Yaxşı
bilirsən ki, mənim Azərbaycandan
çıxanda gedəcəyim ilk
yer Təbriz olacaq. Bəs bu əhdimi pozmarammı?”
“Əhd
öz yerində, ancaq mən qısa müddətdə Türkiyəyə getməyinizin ölkəyə çox faydalı
olacağına inanıram. Təbrizə də o qədər gedəcəyik ki?”
“Məntiqli
danışırsan. Bu barədə fikirləşək və məncə, Türkiyəyə gedək”
91-də
Ankaraya yardım toplamaq üçün
getmək qismət olmamıdşdı.
9 il
sonra Ankaraya həyatını xilas etmək ümidiylə gedirdi....
Xəstəxanada
yanında qalanlar həqiqəti bizdən gizlədilər.
Elə
isə biz onu həmişə bir müəllim və dost kimi görmüşdük. Ondan heç vaxt heç bir
gözləntimiz olmamışdı və olmayacaqdı. Ona görə də bir vaxtlar bir əlin barmaqları qədər az olan, ancaq onun
ideallarına sıx bağlı olan insanların- İsfəndiyarın, dədə Aydının, Arif Acaloğlunun,
Cabbarın.... mənim də onunla vidalaşmaq ən təbii haqqımız idi. Bu
haqqımızı əlimizdən alanlara bizim də haqqımız heç vaxt halal olmayacaq...
5. Son
Bilmişiz
kim, mülki-aləm kimsəyə qılmaz vəfa
Ol zamandan
kim onu mlki-Süleyman bilmişiz
Məhəmməd Füzuli
Həmişəki
kimi, ofisimə erkən gəlsəm də, Arif ilk dəfə
səhər 8.30-da mənə zəng edirdi.
“Başımız sağ olsun. Bəy artıq yoxdur”.
Ofisdən
çıxıb axşama qədər İstanbulun küçələrində sərsəri kimi veyilləndim. Axşamüstü
Əlirza əmi zəng etdi.
“Oğlum,
başınız sağ olsun. Milliyyətçilər yetim qaldı”.
TV
kanalları an FOTOa xəbər bülletenlərinin birinci sırasına onun ölüm xəbərini
qoymuşdular. Star TV-nin məşhur diktoru Gülgün Feymanın “Ankaradan gələn ölüm
xəbəri hamımızı sarsıtdı”-deyərkən necə ağladığını heç vaxt unutmayacağam.
Ertəsi günkü
qəzetlərin ortaq manşeti “Türk övladı öldü”-idi.
“Milliyet”in
Moskva müxbiri Cenk Başlamış ona bütöv bir səhifə həsr etmişdi.. Kələkiyə
görüşünə gedəndə məşhur göy rəngli kostyumunu geyib onu gözlədiyini yazarkən necə təmiz bir adam
olduğunu vurğulamışdı.
“Ergenekon”
adlanan prosesin 18 aydan bəri haqsız
şəkildə həbsdə saxladığı Mustafa Balbayın “Cümhuriyet”dəki “Əbülfəz
Elçibəy” yazısı onu o qədər düzgün xarakterizə edirdi ki?
Onun
haqqında yazanların heç biri təmənna güdmədən yazmışdılar. Hamı onun ardından
öz səmimi düşüncəsini ifadə etmişdi.
Ən
təsirli yazı isə Cengiz Çandarın “Sabah”dakı məqaləsi idi:
“BƏY”
Mayis Əlizadə (Türkiyə)