9.8.12

Bu qadın...

Bu qadını keçən ay Cəlilabad şəhərində gördüm. Cəlilabad milli demokratik qüvvələrinin avanqardı Təzəxan Mirələmli onla məni tanış etdi. Düzü artıq adını da unutmuşam.
Milliyətcə rusdur. O, təmtəkdir. Atası vəfat edib. Anası, bacı-qardaşı 4-5 il əvvəl köçüb gediblər. Gedərkən evi də satdıqlarından bu xanım küçələrdə qalıb. İndi ona Cəlilabad xəstəxanasıdna bir künc veriblər, orda gecələyir.
Bu qadın qəzet köşkündə işləyir. Deyilənlərə görə heç bu işinə görə maaş da almır, sadəcə başı qatışsın deyə işini könüllü görür.
Vəziyyəti təbii ki yaxşı deyil. Maaş yox, təqayüd çox az, yaşamağa ev də yox. Ancaq, siz bu qadında həyat eşqini bir görəydiniz...
Bizim insanlara xas zəmanədən giley, dövranın kəcrəftar olması ilə bağlı ah-ufları onun nə danışığında gördüm, nə də davranışında. Ola bilsin bu da rus xalqının sirrlərindən biri..
Mən bu xanımdan israrla bu Cəlilabadda niyə ilişib qaldığını soruşdum. Niyə Rusiyaya getmədiyini xəbər aldım. Hətta Rusiya dövlətinin keçmiş SSRİ vətəndaşları üçün əlverişli vətəndaşlıq təklifi barədə proqramı internetdə tapıb  ona oxutdum (telefonla). Dedim bütün gücümü səfərbər etməyə hazıram, kömək edim köç get bu yerlərdən. Bu xanımdan isə “yox”, “yox” eşitdim.
Mən zarafatla soruşdum ki, bəlkə səni bura bağlayan bir eşq məsələsi var, sevgilin-filan yoxdur buralarda. Güldü və mənə hələ də qəribə gələn cavabı verdi: “Bura mənim üçün vətəndir. Buranı atıb gedə bilmərəm. Burda hamı məni tanıyır. Hə, mənə yaşamaq üçün bir ev versələr yaxşı olardı. Ancaq verməsələr də buranı qoyub heç yerə gedə bilmərəm. Mən hər bayramda atanım qəbrini ziyarətə gedirəm. Onu burda tək qoyub necə gedim axı. Yox, yox, bura mənə doğmadır”.
Əminəm ki, bu xanım riyakarlıq etmirdi. Doğrudan da onu Cəlilabadın qaramat güzaranına bağlayıb saxlayan qüvvə vətən sevgisi deyilən şey və atasının ruhuna duyduğu etiram idi.
Yanılmıram ki?