27.7.12

Soyuq Rusiyadan isti qeydlər


Xəyal etdiyim 3 şəhərdən biri Moskva idi. Nəhayət, onu gördüm. Görən kimi də zarafatla dedim: “Hitleri qınamaq olmur, bu yerlərə yiyələnmək üçün bir əsrdə 5 dəfə də müharibə etməyə dəyər”.
Moskva haqda, ümumiyyətlə, Rusiya barədə dərin təhlillər yazmaq fikrindən uzağam. Qeydlərim bu vaxta qədər Rusiyada heç olmayanlar üçün maraqlı ola bilər.

SSRI yaşayır

Rusiya səfərimin çoxu Moskva ətrafındakı Tver şəhərində keçdi. Bu balaca, sakit şəhəri, daha sonra Moskvanı dolaşdıqca “Sehri xalat”la SSRI-yə qayıtdığımı hiss edirdim. Hər tərəfdə rusca elanlar, Sovet simvolikaları, Leninin, görkəmli bolşeviklərin abidələri keçmişi çox canlı şəkildə xatırladırdı. Küçələrdə, stansiyalarda, kinoteatr və müxtəlif yerlədə bu adlar əvvəlki kimi yaşayır.

Rusca...

Rusiya küçələrini gəzdikcə adam qəribə xoş atmosferə girir. Bunun səbəbini çox düşünmədim: Məsələn, Bakının mərkəzində gəzəndə özümü qərib hiss edirəm. Bahalı mağazaların əcnəbi adları sanki mənə diqtə edir; ey, sən buralıq deyilsən!
Orada əksər reklam və dükan, mağaza adlarını rusca yazılan gördüm. Deyəcəksiniz ki, “rus, ingilis səninçün əcnəbidirsə, niyə rusofillik edirsən?” Hə, iş burasındadır ki, rusca elanlar mənim kimi SSRI görmüşlərin şüuraltına bərk-bərk həkk olunub. Biz kənddən çıxıb böyük şəhərləri “rusca” görmüşük.


Siqnallar

Sizə acı etiraf edim, biz yaman hay-küyçü olmuşuq. Ictimai yerlərdə rusları o qədər sakit gördüm ki, utandım. Bəlkə də, camaatımızı da qınamalı deyil, bizim ətrafımızda o qədər hay-küy var ki, qarşıdakının səni eşitməsi üçün bağırmalısan. Avtobusda, qatarda, dükanda adamlar bizim hələ ki, kitablardan öyrəndiyimiz nəzakət qaydalarına əməl edirlər.
Soruşun: “Natiq, maşın siqnalı eşitdinmi Biləcəridən o tərəfdə?”
Cəmi iki dəfə belə hal oldu. Onu da məni müşayiət edən dostumu tanıyan azərbaycanlılar verdi.
Məncə, bizim sürücüləri də inandırmaq lazımdır ki, siqnal verməyəndə də təkər fırlanır.
Heyran olunası başqa bir məqam piyadalara sürücülərin qoyduğu hörmətdir. Istisnasız olaraq, piyadaların yolu keçməsinə şərait yaradılır. Yolu, hətta tənbəlcəsinə adlayan piyadalara belə, qəzəbli baxış və siqnalla etiraz edilmir.
Ruslar “geridə qalmış” olduqlarından tramvay və trolleybusları da saxlayıblar, istifadə edirlər.
Səbəbini öyrənə bilmədiyim bir halı da müşahidə etdim: Rusiyada avtomobillər gündüz də işıqları yandırılaraq sürülür. Bunu etməyən cərimələlənir.

Ot həqiqəti

Moskva və Tverin yaşıllığını təsəvvür etməyə xəyal gücümüz çatmaz. Amma məni təsirləndirən bu yaşıllıqla yanaşı, həm də süni salınmış yaşıllıqlar idi. Bəli, Bakıda da son illər müxtəlif parklarda yaşıllıqlar salınır, amma dostuma dediyim kimi, bu yaşıllıqlara əkilən otlar, çiçəklər də bəzi məmurlar kimi o qədər lovğa və saxta görünür ki... Məsələn, siz Kremlin ətrafındakı yaşıllıqlarda quşəppəyi, yonca, bağayarpağı kimi populyar bitkiləri görə bilərsiz, amma Bakıda salınan çəmənliklərdə onları mikroskopla da tapa bilməzsiniz.

Polis

Bunu da etiraf etməsək, namərdlik olar: Rusiya bizim ictimai fikirdə yayıldığı kimi heç də vəhşiliyin hökm sürdüyü yer deyil. Hə, o yerlərin Avropaya çatmasına 10 illər var. Di gəl, bir post-sovet ölkəsi kimi Rusiya bizim heyran qalacağımız bir çox şeylərə imza atıb. Dövlətin sosial siyasətində irəliləyişlər var. Təhsil, səhiyyə sistemində pulsuz xidmət realdır, bizdəki kimi kağız üstündə qalmayıb. Azərbaycanın polis dövləti olmağını, hətta Rusiya kimi avtoritar yerdə yüngül bir müşahidə ilə də o dəqiqə anlamaq mümkündür. Saatlarla dolaşırsan, qarşına bir polis çıxa-çıxmaya... Bizdə isə maşallah, üzünü hara çevirirsən, polisdir. Yeri gəlmişkən, azərbaycanlılar deyir ki, 4-5 il əvvəlki kimi deyil, indi onları hər fürsətdə OMON döyüb, təhqir etmir.

Rüşvət

Iki dostum mən ora getdiyim ərəfədə ata olmuşdu. Dostumun biri Rusiya, o biri Azərbaycan vətəndaşıdır. Ayrı-ayrı vilayətlərdə yaşayan dostlarımın eyni suala cavabı fərqli olmadı: onlar ata olarkən doğum evində bir qutu şokolad qədər xərcə düşüblər.
Uşaqlara qayğının real göstəricisi: bütün çoxmənzilli binaların qarşısında uşaqların əyləncəsi üçün pulsuz əyləncə qurğuları quraşdırılıb. Əlbəttə, bunlar adi şeylərdir, sadəcə, Azərbaycanı elə günə salıblar ki, biz bu adi halların da xiffətini çəkirik.

Evlər

Alışqan olmadığımız daha bir hal: heç yerdə yaşayış binalarına müdaxilə görmədim. Ruslar, ya görünür, bizim kimi fərasətli olmadıqlarından, ya da mənzilə eyvan çıxarılması üçün çox rüşvət istənildiyindən bina istifadəyə necə verilibsə, elə də saxlayırlar. Bizdə necədir? Birinci mərtəbədə yaşayanlar evin qabağını özləri üçün ata mirası sayırlar, oranı hasarlayıb toyuqdamı-filan tikirlər. Ruslar isə o əraziyə o qədər etinasızdılar ki... Bizim toyuqdamı, qaraj tikdiyimiz yerlərdə onlar çiçəklər əkib.

Azərbaycanlılar...

Heyf ki, Rusiyadan aldığım müsbət enerjini oradakı azərbaycanlılardan almaq mümkün deyil. Böyük bir icma olan azərbaycanlılar Rusiya bazarlarında sözün əsl mənasında başlarını aşağı salıb çörək qazanırlar. Asan yolla qazanmırlar, təbii. Bazarda çalışan bir azərbaycanlı dedi ki, o, gündə 4 saat yatanda şükür edir. Mən ondan soruşdum ki, bu qədər az yuxu və gərgin işlə nə əcəb səhhətində ciddi problem yaranmır? “Bizi xilas edən təmiz rus arağıdır” cavabını verdi həmsöhbətim və mən də razılaşdım.
Azərbaycanlılar onları Odlar Yurdundan qaçıran səbəblər barədə yana-yana danışdılar. Ancaq Bakıdan iki min kilometr uzaqlarda da Ilham Əliyev diktaturasının hənirtisi duyulurdu. Adamlar adlarının çəkilməyini, problemlərinin ictimailəşdirilməsini istəmirdilər. Qorxurlar...
Onlar haqda daha sonra daha ətraflı danışarıq.