20.6.12

Qənimət, Röya, ədalə


Lider TV ötən gün Qənimət Zahidin həbisin qanuni, ədalətli, hətta hüquqi olduğunu “sübut” eləməkçün Yasamal polisindən bir zabiti danışdırdı. Zabitin ən kəsərli arqumenti bu oldu ki, sən demə Qənimət Zahid özü mətbuada Vüsalı (Vüsal Hüseynov- “Azadlıq” qəzetinin baş redaktorunu şərləyən. Hazırda o, da həbsdədir) döymüşəm deyib. Söz adamını guya dilindən tutduqları ilə öyünən polis zabiti bütün insanların qanun qarşısında bərabər olduğunu da böyük şövqlə rəngli ekrana dedi.

Polis zabitinin bərabərlik haqda cəfəngiyyatına onsuz da inanan yoxdur, bu aydındır. Lakin, həmin o, mötərən zabit bizim əlimzə yaxşı fürsət verib ki, hökümətin riyakar siyasətin sübut edək.
Qanun  qarşısında hamını eyni məsuliyyət daşayır-bəli, bunu biz də bilirik, mərhum Əliyevin sədriliyi ilə hazırlanmış və qəbul edilmiş Konstitutsiyada da deyəsən bu haqda bənd var. Amma bu xoşbəxtliyi kimdir bizə verən. Bizim əlləşib vuruşmağımız da elə bu bərabərlik üçün deyil?

Mən ən pis variantı etimal edirəm, tutaq ki, doğurdan da Qənimət Zahid durduğu yerdə Vüsal Hüseynovu təpikləyib. Halbuki, Vüsalın cöngə kimi vücudunu Yasamal məhkəməsi qarşısında görəndə fikirləşdim ki, Qənimət bəy buna yumruq vurubsa ən azı bazu və said sümüyü çatlayıb. Lakin mənim qardaşım, Elçin Behbudov srağagün Bayıl türməsində baş redaktorla görüşüb və görüb ki, Qənimət bəydə heç bir qançırma, sınıq, çıxıq yoxdur. Deməli, yumruqlaşmadan söz belə gedə bilməz. Amma bizdən nə gedir, gəlin fərz edək ki, Qənimət bəy Vüsalı vurub və istintaqın iddiası kimi bu hərəkətini sabahı gün “Azadlıq”ın manşet xəbəri kimi etiraf edib.

İndi isə xəyalımızda qurduğumuz stiuasiyanın analogiyasıla sizi tanış edim. Qənimət bəyin hadisəsi olan günü elə axşamı “ATV maqazin” proqramı bir kadr verdi: “Gizlində sevişək, aşkarda öpüşək” mahnısının ifaçısı Röya Ayxan düz on dəfə bir fanatını necə döydüyünü təkrarladı. Özdə tam təfsilatı ilə. Demə, bir qız fanat onun geyminə irad bildirib və elə buna görə Röya onun saçından yapışaraq öz sözü ilə ifadə etsək “şap o üzündən, şap bu üzündən ilişdirib”. Müğənninin ürəyi bunla soymayıb, o çoxmilyonlu telekanal seyrediciləri qarşısından hədə də gəldi: “harda olsan səni tapıb, yaxşı-yaxşı dərsini vercəyəm. Mən səni axtarıram.”

Budur, bizim qanun qarşısında bərbərliyimiz. Hansısa oliqarxın arxa durmağına, sabun köpüyü kimi şişmiş nüfuzuna güvən biri milyonlar qarşısında xuliqanlığı ilə öyünür, ona əl çalırlar, lakin ölkənin ən sanballı qəzetlərini rəhbərini quraşdırılma da olsa eyni motivə görə həbsə yollayırlar.

Zahidovlara bağlı daha bir ayrı-seçkliyi yəqin unutmamısınız: Eyni maddə ilə ittiham olunmağına baxmayaraq Mirzə Sakit hələ də həbsdə, repper Elşad Xose isə evindədir.

Qayıdaq Lider TV-nin əxlaq polisi rolunda çıxış etməsinə. Azərbaycanda mp3, amr, wav formatını dəstəkləyən bir çox mobil telefonlarda pornoqrafik monoloqlar, dialoqlar var. Bayağı, iyrənc formada olan bu materialları hazırlayan, yayan adamın kimliyi artıq hamıya bəllidir: Fəqan Bərdəli. Onu niyə xatırladıq?
Cinayət Məcəlləsinin 242-ci maddəsi var: Pornoqrafik materialları və ya əşyaları qanunsuz olaraq yaymaya görə bu maddədə iki ilədək azadlığın məhdudlaşdırılması cəzası nəzərədə tutulur. Amma nolsun?
Fəqan Bərdəliyə bu gün gözün üstündə qaşın var deyən də yoxdur. Çünki o, Lider TV-nin əməkdaşıdır. Bəli, bəli siz onu bu kanalda hər həftə görə bilərsiniz. ”Baban qurban” deyə-deyə xalımızda formalaşmış baba kultunu urvatdan salır. 
Amma azərbaycansayağı ədalət və bərabərlik belə urvatsız elemetnlərsiz mövcud ola bilmir.

*Bu məqaləm  "16 -11 -2007" tarixdə "Bizim Yol" qəzetində dərc olunub*