24.6.12

Elçibəy və mən

14 may 1998, Bakı, Xaqani 33
Əbülfəz Elçibəy adını ilk dəfə necə hansı şəraitdə eşitmişəm?
 Xatırlamıram.
Amma bu adamın seçki plakatı hər dəfə Elçibəy adı gələndə beyində canlanır.
92-ci il idi. Mən o vaxt heç seçki plakatı nəydi bilmirdim, kənd mağazasının qabağına iri bir plakat vurulmuşdu, yazısı belə idi "Elçibeyi destekleyiriz". Plakat türkçə yazılmışdı.

Dəstəkləmək sözünü həmin gün öyrənmişdim, atamdan...

Sonra tale elə gətirdi ki,  tələbəliyim ilk vaxtında  heç bir kimsənin təklif, tələbi olmadan Əbülfəz Bəyin rəhbərlik etdiyi partiyaya- AXCP-yə üzv olmağa qərar verdim və oldum da.
Bu gün də Əbülfəz bəyin şəxsən imzaladığı partiya biletini saxlayıram
Elçibəy haqqında saatlarla danışmaq, yazmaq olar
Xoş halıma ki, belə bir gözəl, ləyaqətli, xarizmatik insan haqda dostlarıma, övladlarıma danışacaq xatirələrim var
Bu gün dəyərini cəmiyyətdən hələ də lazımınca almamış o böyük və insansevər Bəyin ad günüdür
Həyatımda dərin iz buraxan bu insanın ad gününü necə təbrik etmək lazımdır, bunu da bilmirəm
Kimi təbrik edim, necə edim??
Yuxarıdakı foto 1998-ci ilin mayında çəkilib
Bu Əbülfəz bəylə yeğanə fotomdur və mənə çox əzizdir.
BDU da oxuyan tələbələrlə Ə.Elçibəyin görüşündən sonra çəkilib bu foto. İndi fotodakıların əksərindən xəbərim yoxdur. Amma əminəm, onların da hər birinin məhz bu fotonun tarixçəsi ilə öz əzizlərinə danışacağı bir şirin hekayət var

Ruhun şad olsun Bəy

20.6.12

Qənimət, Röya, ədalə


Lider TV ötən gün Qənimət Zahidin həbisin qanuni, ədalətli, hətta hüquqi olduğunu “sübut” eləməkçün Yasamal polisindən bir zabiti danışdırdı. Zabitin ən kəsərli arqumenti bu oldu ki, sən demə Qənimət Zahid özü mətbuada Vüsalı (Vüsal Hüseynov- “Azadlıq” qəzetinin baş redaktorunu şərləyən. Hazırda o, da həbsdədir) döymüşəm deyib. Söz adamını guya dilindən tutduqları ilə öyünən polis zabiti bütün insanların qanun qarşısında bərabər olduğunu da böyük şövqlə rəngli ekrana dedi.

Polis zabitinin bərabərlik haqda cəfəngiyyatına onsuz da inanan yoxdur, bu aydındır. Lakin, həmin o, mötərən zabit bizim əlimzə yaxşı fürsət verib ki, hökümətin riyakar siyasətin sübut edək.
Qanun  qarşısında hamını eyni məsuliyyət daşayır-bəli, bunu biz də bilirik, mərhum Əliyevin sədriliyi ilə hazırlanmış və qəbul edilmiş Konstitutsiyada da deyəsən bu haqda bənd var. Amma bu xoşbəxtliyi kimdir bizə verən. Bizim əlləşib vuruşmağımız da elə bu bərabərlik üçün deyil?

Mən ən pis variantı etimal edirəm, tutaq ki, doğurdan da Qənimət Zahid durduğu yerdə Vüsal Hüseynovu təpikləyib. Halbuki, Vüsalın cöngə kimi vücudunu Yasamal məhkəməsi qarşısında görəndə fikirləşdim ki, Qənimət bəy buna yumruq vurubsa ən azı bazu və said sümüyü çatlayıb. Lakin mənim qardaşım, Elçin Behbudov srağagün Bayıl türməsində baş redaktorla görüşüb və görüb ki, Qənimət bəydə heç bir qançırma, sınıq, çıxıq yoxdur. Deməli, yumruqlaşmadan söz belə gedə bilməz. Amma bizdən nə gedir, gəlin fərz edək ki, Qənimət bəy Vüsalı vurub və istintaqın iddiası kimi bu hərəkətini sabahı gün “Azadlıq”ın manşet xəbəri kimi etiraf edib.

İndi isə xəyalımızda qurduğumuz stiuasiyanın analogiyasıla sizi tanış edim. Qənimət bəyin hadisəsi olan günü elə axşamı “ATV maqazin” proqramı bir kadr verdi: “Gizlində sevişək, aşkarda öpüşək” mahnısının ifaçısı Röya Ayxan düz on dəfə bir fanatını necə döydüyünü təkrarladı. Özdə tam təfsilatı ilə. Demə, bir qız fanat onun geyminə irad bildirib və elə buna görə Röya onun saçından yapışaraq öz sözü ilə ifadə etsək “şap o üzündən, şap bu üzündən ilişdirib”. Müğənninin ürəyi bunla soymayıb, o çoxmilyonlu telekanal seyrediciləri qarşısından hədə də gəldi: “harda olsan səni tapıb, yaxşı-yaxşı dərsini vercəyəm. Mən səni axtarıram.”

Budur, bizim qanun qarşısında bərbərliyimiz. Hansısa oliqarxın arxa durmağına, sabun köpüyü kimi şişmiş nüfuzuna güvən biri milyonlar qarşısında xuliqanlığı ilə öyünür, ona əl çalırlar, lakin ölkənin ən sanballı qəzetlərini rəhbərini quraşdırılma da olsa eyni motivə görə həbsə yollayırlar.

Zahidovlara bağlı daha bir ayrı-seçkliyi yəqin unutmamısınız: Eyni maddə ilə ittiham olunmağına baxmayaraq Mirzə Sakit hələ də həbsdə, repper Elşad Xose isə evindədir.

Qayıdaq Lider TV-nin əxlaq polisi rolunda çıxış etməsinə. Azərbaycanda mp3, amr, wav formatını dəstəkləyən bir çox mobil telefonlarda pornoqrafik monoloqlar, dialoqlar var. Bayağı, iyrənc formada olan bu materialları hazırlayan, yayan adamın kimliyi artıq hamıya bəllidir: Fəqan Bərdəli. Onu niyə xatırladıq?
Cinayət Məcəlləsinin 242-ci maddəsi var: Pornoqrafik materialları və ya əşyaları qanunsuz olaraq yaymaya görə bu maddədə iki ilədək azadlığın məhdudlaşdırılması cəzası nəzərədə tutulur. Amma nolsun?
Fəqan Bərdəliyə bu gün gözün üstündə qaşın var deyən də yoxdur. Çünki o, Lider TV-nin əməkdaşıdır. Bəli, bəli siz onu bu kanalda hər həftə görə bilərsiniz. ”Baban qurban” deyə-deyə xalımızda formalaşmış baba kultunu urvatdan salır. 
Amma azərbaycansayağı ədalət və bərabərlik belə urvatsız elemetnlərsiz mövcud ola bilmir.

*Bu məqaləm  "16 -11 -2007" tarixdə "Bizim Yol" qəzetində dərc olunub*

6.6.12

Siyasətdən sonra

Azərbaycanın elə bir çağı vardı ki, həftədə azı bir partiya yaranmayanda adam düşünürdü, əcəba dünyanın sonumu gəldi.
Şahidim möhtəbər adamdı. 1998-ci ilin yazında Şahvələd Çobanoğlunun "Günaydın "qəzetində "Yolumuzun üstündəki adamlar" adlı bir təsirli yazısı da vardı bu haqda.
İndi siyasi partiyalar, siyasiləşmək ayıb işə çevirilib. Bu hadisədə əlbəttə hakimiyyətin marağı böyükdür. Siyasiləşmiş cəmiyyət, siyasi fəhm, düşüncə olan yerdə siyavuşnovruzovla cəmiyyət önündə şıllaq ata bilmir.
İndi də hər gün QHT yaranır.
Bizim QHT-lərin çoxu hökuməti, hökumətdən kənarda dəstəkləmə dərnəkləridir. 
Gedişat durdurlmasa, çox tezliklə biz Azərbaycanın QHT mərhələsinin də tezliklə bitəcəyini görəcəyik.
Bəs onda nələr yaradılacaq, bu optimist və çalışqan. ideya generatorları onda öz tövhələrini cəmiyyətlə necə bölüşəcək?
Bilmirəm...
Yəqin ki, xınayaxanlar, itboğuşduranlar, tumçırtlayanlar, kimuzağaçoxtüpürər kimi təşkilatlarla baş gicəltmək olacaq.

1.6.12

Ölümqabağı


Əli Həsənovun dünənki çıxışı dünyaya müharibə elanı idi. Əlbəttə, siz də mən də bilirəm ki, dılğır bir Ermənistanla bacarmayanların Qərbə, Şərqə hücümu gülməlidir. 
Bəs Həsənov neyçün belə danışır?
Çox sadə səbəbdən. Bir sağalmaz xəstə düşünün. Belə xəstələr əvvəl tibbdən mədəd umur, sonra ənənəvi təbabətə, fövqəltəbii qüvvələrə üz tuturlar.
Artıq əcələ tabe olmağın məqamını anlayanda xəstədə aqoniya başlayır. Belə adamları mən çox görmüşəm. Bütün dünyaya söyürlər, öz yaxınlarına, valideynlərinə, Allaha bəndəyə və s. Çox ağır şeydir.
Mən öz ünvanıma ən ağır söyüşü güllədən qucağımda keçinən dostumdan eşitmişəm.
O istəyirdi ki, onun qan axmasını kəsim...
Mənsə bacarmırdım, buna görə də söyülürdüm.
İndi əliyevçi rejim can verir, onun iniltilərinə səbrlə qulaq verək, həyacanlanmayaq.