30.4.12

Bu qızı tanıyın

Şölə Səfərəliyeva
Sadə şeylər var,  insanların yüzə-yüz xeyrinədir. Ancaq onlara əməl edilmir. Deyək ki, siqaret çəkməmək, yağlı yeməkdən qaçmaq və s.
Daha bir sadə həqiqət var: yəqin, hamı bilir, insanın "MƏN, MƏN, ƏŞİ yenə də MƏN" tipli söhbətləri də ətraf aləm üçün ziyanvericidir. Bu cür adamın üzünə vurmasalar da, dinləyicilər belə söhbətlərdən sonra ürəkbulanması keçirir.
Nədənsə hamı bilsə də ki, öz-özünü tərifləməklə insanların gözündə tərifli adam olmaq mümkünsüzdür, amma yenə də buna gedənlər çoxdur. Sirr nədir, psixoloqlar yazar...
Baron Münhauzenin bir lətifəsi var; guya göydən yıxılır, yerdə quyu yaradaraq dərinliyə gedir. Ordan çıxmaq üçün haa əlləşsədə çarə tapa bilməyən Baron birdən ...beynini işə salır və saçından yapışıb özünü yuxarı dartır və xilas olur. Bircə bu lətifəni diqqətlə oxumaq bəs edir ki, öz-özünü tərifləməyin gülməli olduğunu qəbul edəsən.

Bunları Şölə Səfərəliyeva adlı bir gənc istedadı sizə təqdim etmək üçün yazdım. Onun haqqında ətraflı facebook səhifəsindən, yaxud bloqundan oxuya bilərsiniz. Qısası, o müğənnidir. Xeyli samballı mükafatlar qazanıb.

Ancaq mən onu müğənni kimi tanımadım.
Facebookda bu xanımın yazdığı şərhlər diqqətimi çəkdi. Daha sonra ad, soyad beynimi tıkkıldatdı. Axı bu qız kim ola? Nəsə elə bil tanışdır axı... Etiraf edim ki, təmbəllik etmişəm. Google-də qısa bir axtarışla və ya onun info"sunda yazılanları oxumağa vaxt sərf etsəydim Şölə bacını daha tez tanıyardım. Bir neçə dəfə ondan israrla "sən kimsən axı, ay Şölə Səfərəliyeva" soruşdum.
Qız bir dəfə kimliyini təqdim etdimi? Oysa, onun titulları bir çoxumuzda olsaydı, bu suala görə müharibə elan edərdi. Hə, mən sonra bu xanımı tanıdım. Tanıdıqca rəğbətim artdı. Belə bir insanın ölkəmizdə olmasına sevindim.

Şölə tək-tük müğənnilərdəndir ki, şou-biznesin vəhşi caynaqlarından özünü qoruya bilib. Təmtaraq, zahiri dəbdəbə onu cəlb edə bilməyib. Hələki belədir, tövründən duyulur ki bu onun seçimidir, həyat prinsipidir. Təki belə qalsın.

Bu günlərdə Şöləyə rəğbətimin daha bir sirrini tapdım. Onun iki müsahibəsini dinlədim. Adam müsahibə boyunca bir neçə dəfə açıq mətnlə, şüurlu sürətdə özü ilə məzələnib. Məzələnib, bir az kobud səsləndi, ancaq daha uyğunun tapa bilmirəm,  özünü ələ salıb da demək olar. Bu çox ciddi faktdır, dostlar. Ətrafınıza baxın, o adamın heyranı var ki, özünə müştəbeh deyil. Özü ilə zarafat etməyi, özünə tənqidi yanaşanları isə hər kəs sevir.

Şölə haqqında daha çox yazmaq olar, ancaq siyasi problemlər daha artığına imkan vermir. Qaş düzəldən yerdə göz çıxarmaq təhlükəm var. Bir də gördün qızı müxalifətlə əməkdaşlıq etdiyinə görə tutub türməyə zada saldılar. O, özü isə siyasətdən uzaq olduğunu, heç zaman siyasətə qarışmayacağını deyir.
Mənsə deyrəm ay- hayy. Şölə bacı, get qurban kəs ki səni keçən il "Eurovison"a Azərbaycandan seçmədilər (o Eurovison finalçımız olub). Seçsəydilər Almaniyadan dönər- dönməz İlham Əliyev özü cibinə YAP-ın biletini qoyacaqdı. Nə yaxşı bu təhlükədən qurtarıbsan.
Bu qədər bəsdir, hələlik..
Şöləni eşitmək istəniz bu klipi tıklayın