13.4.12

Əfv ərizəm


Zati-aliləri, qibleyi aləm!

Ərizəmin mahiyyətinə keçməmişdən əvvəl bir üzrxahlığım olacaq. Güman edirəm ki, onu nəzərə alsanız, əfv olunmağım barədə qərar vermək sizə çətin gəlməyəcək.
Siyasi çeviklik başqa şeydir - bu, məndə yoxdur. Olsa, bu ərizəni mən azı, keçən ilin sentyabrında yazmalıydım. Çünki həmin vaxt mən “WikiLeaks” sənədlərindən öyrənmişdim ki, sizin “təbəələrinizdən əfv ərizəsi ummaq” kimi bir təmənnanız, istəyiniz var. Bəli, çox sağ olsun məhbus yoldaşlar, sizin bu ehtiyacınızı az-çox ödəyirlər. Lakin analoqsuz iqtisadiyyatı, çiçəklənən Azərbaycanı bizlərə əta etmiş bir şəxsiyyətin ancaq məhkumların ümidinə qalması yolverilməzdir. Buna görə də qərara gəldim ki, sizə bir əfv ərizəsi yazım və sözümü eşidəcək bütün soydaşlarımı da bu addımı təkrarlamağa çağırım.

Bir var həbsdə olarkən əfv ərizəsi yazırsan, bir də var azadlıqdaykən. Məncə, azadlıqda yazdığımız ərizənin mötəbərliyi daha güclüdür, zati-alilərinin bu amili layiqincə qiymətləndirəcəyi təmənnasındayam.

Beləliklə...
Hörmətli Ilham müəllim, sizin bir adaşınız var - Ilham Şaban, onun da işi-gücü neftdir. Siz nefti satıb qazanırsınız, o isə sizin satışlarınızdan məqalə düzəldib qonorar qazanır. Onun bir yazısından oxudum: “Qeyri-neft sektorunu inkişaf etdirməyən neft ölkəsində iqtisadiyyatın əsas düşməni əhali artımıdır”.
Bu cümlənin el dilində tərcüməsi budur ki, bizim kimi, neftdən başqa heç nəyi olmayan ölkədə əhali hökumətin belində artıq yükdür.

Qibleyi-aləm, bu fikirlərə bələd olandan sonra mən nə boyda qələt elədiyimin fərqinə vardım. Inanın, bilərəkdən olmayıb, özüm də istəmədən şanlı, vəfalı və cəfalı iqtisadiyyatımıza qənim kəsilmişəm, düşmən olmuşam. Bu günahımızı böyüklüyünüzə bağışlayın, əfv edin...
Zati-aliləri, siz də cavan olmusunuz, bilirsiniz ki, bu, insanın elə bir çağıdır ki, xətasız ötüşdürmək olmur. Mənim də cavanlığım ideal keçməyib. Bəzi qara qüvvələrin təbliğatına uyaraq, bir neçə il əvvəl ailə həyatı qurmuş və bununla da kifayətlənməyərək, əhali artımında rol oynamışam. Təkrar edirəm ki, bu işin cinayət, sizə qarşı yönələn yaramaz bir hərəkət olduğunu öyrənəndə artıq iş-işdən keçmişdi. Bağışlayın, bizi Ilham müəllim, əfv edin.
Hörmətli rəhbərim, xain odur ki, ürəyində olanı gizlətsin, amma mən gizlətmirəm, heç vaxt sizin parlaq çıxışlarınıza qulaq kəsilə bilmədim. Ümumi Daxili Məhsul, infrastruktur yenilənmələri, makro-mikro inkişaf göstəriciləri barədə sanballı qeydləriniz heç vaxt qəlbimi riqqətə gətirə bilməyib. Başa düşürəm ki, bu, mənim naqis tərbiyəmlə bağlı məsələdir. Mən intizamlı həyat tərzi seçəcəyimə, sizin bütün çıxışlarınızı əzbərləyib zikr edəcəyimə söz verirəm.

Sizin humanizm göstərərk məni əfv etməyiniz həyata yeni zəka ilə başlamağıma vəsilə olacaq. Ölkəmizin tikinti-quruculuq işlərinə, abadlaşdırma layihələrinə mən canımı, lazım olarsa, qanımı verəcəyimə and içirəm.
Hörmətli Ilham müəllim, bir önəmli məqamla da bağlı əfv olunmağımı xahiş edirəm. Bəlli olduğu kimi, ölkəmizdə milli-mənəvi dəyərlərə sədaqət, o cümlədən Muğam, şəkərbura-paxlavanın tərənnümü istiqamətində ciddi siyasət yürüdülür. Heyhat, mənim anti-muğam, anti-şəkərbura davranışlarım da olub və mən keçmişimə dönərək, bu kimi hərəkətlərimdən xəcalət çəkdiyimi hüzurunuzda vurğulayıram.

Mən dəyişəcəyimə söz verirəm, apardığınız siyasət və siyasətin fövqündə olacaq bütün hərəkətlərə indidən haqq qazandırıram, sizə dəstəyimi bəyan edirəm. Əfv edin məni..