26.3.12

Ziya Bünyadovu sənədlərdə necə öldürdülər?

Novruz şənliyindən, şirniyyatından sonra sizə acı qətl hadisələrindən yazmaq istəyirəm. Onlardan birincisi akademik Ziya Bünyadovun terroru ilə bağlıdır. Növbəti yazı “Sumqayıt hadisələri”ndən olacaq.

Çoxları inanır ki, ölümün səbəbi...

Ziya müəllimin qətlinin rəsmi və qeyri-rəsmi izahları var. Qeyri-rəsmi daha populyar və daha çox inandırıcıdır. Bu haqda heç bir il deyil “Azadlıq” qəzetində MTN və DIN-nin iki keçmiş əməliyyatçıları Ramin Nağıyev və Salman Əliyev ətraflı yazıblar, müsahibə veriblər. Onları ümumiləşdirsək, Ziya Büynadovun qətlinin arxasında hazırkı siyasi hakimiyyətin dayandığını qəbul etməliyik. Akademik Ermənistana satılan benzinin və ordudakı maxinasiyaların izinə düşübmüş və bu yol onu o dünyaya aparıb. Ramin Nağıyevin iddiasına görə, Z.Bünyadovun qətlinin icraçısı məşhur Hacı Məmmədov və onun dəstəsi olub.

İndi gələk rəsmi izaha

Bayram günləri akademikin qətli işi üzrə məhkəmə sənədlərini oxuyub heyrətimdən hələ də gözü bərəliyəm.
2001-ci ildə aparılan məhkəməyə sədrliyi Ənvər Seyidov edib. Bu şəxs ədalətsiz və qərəzli hökmləri ilə yanaşı həm də yazıçılığa iddia edir.
Akademikin qətli ilə bağlı aparılan məhkəmə istintaqı və hökmü o qədər bəsitdir ki, ədalətsizlik bir yana, Ənvərin yazıçı kimi fantaziyasının dayazlığına heyrətlənirsən.
O cinayət işindəki materalların maraqlı detallarını təkrar yada salmağı faydalı bilirəm.
Ziya müəllimin öldürülməsi ilə bağlı istintaqın və məhkəmənin gəldiyi nəticə budur. Guya akademik Moisey Kalankatuklunun “Alban tarixi” kitabını azərbaycancaya çevirdiyinə görə Iranın dini dairələrinin qəzəbinə gəlib. Çünki tərcümənin girişində akamdemik islam və onun peyğəmbəri barədə təhqiramız fikirlər işlədib. Cinayət işində bu haqda dönə-dönə bəhs olunsa da, qəzəbə gələn fikrin konkret hansı olduğu göstərilməyib.

Sovet dövründə Islama qarşı çıxmaq adi hal deyildimi?

Hörmətli oxucu, qəzəbə gələn fikir o cür səs-küylü hadisədən sonra heç indi də ölkə ictimaiyyətinin mütləq çoxluğuna bəlli deyil, razısınızmı? Bəs necə ola bilər ki, o, uzaq 1997-ci ildə həmvətənlərimizi amansız qətli törədəcək qədər coşdura bilib?
Məqsəd Islam əleyhinə ateist SSRI zamanı yazılan fikirlərə görə insanların cəzalandırılması idisə, onda gərək Iran ölkəmizin azı 65 faziini dara çəkərdi, güllələdərdi...
Ziya müəllim həmin kitabı 1989-cu ildə tərcümə edib. Qətlinə qədərsə akademik Quranı da müştərək tərcümə etmişdi.

Səfirlik işçisi ya yalançıdır, ya da səhlənkar

Ziya Bünyadov haqqında hansısa ayətullahın ölüm fətvası verməsi haqda cəmi bir nəfərin şahid ifadəsi var. Bu da 1995-ci ildə Irandakı səfirliyinizdə 2-ci katib işləyən Cavanşir Vəkilovdur. Məhkəmə ifadəsində o, akamdemik haqqında dindarların fətva verdiyini deyib; ancaq hansı dindarın, hansı şəraitdə fətva verdiyi, Vəkilovun onu hardan eşitdiyi haqda heç bir dəlil, sübut yoxdur.
Vəkilovun uydurma ifadəsinə əminlik ordan yaranır ki, ölüm fətvası kimi ciddi xəbəri eşitdiyi halda (eşidibsə) bu haqda Azərbaycan hökumətinə heç nə yazmamasıdır. Bu cür məsuliyyətsizlik olarmı?

Bəs deyirdiniz “cəbhə” vaxtı küçələrə çıxmaq olmurdu...

Rəsmi versiyaya inansaq, Əliyevçi rejimin “cəbhə-müsavat hakimiyyəti vaxtı küçəyə çıxmaq olmurdu” cəfəngiyatını darmadağın edən gözəl bir arqument yaranır, o da budur: dostlar, siz deyən kimdirsə, neyçün Ziya müəllimi 92-93-də, lap elə ondan əvvəlki faktiki dövlətsizlik zamanlarında yox, “sabitlik” zamanında öldürməyi bacardılar?

Başçını sərbəst buraxıblar

Akademikə terrora görə 7 nəfər cəzalandırılıb. Onların ikisi ömürlük azadlıqdan məhrum olunub, 5-i isə 10 ildən 14 ilə qədər. Istintaq və məhkəmə cəzalanan şəxsləri 1993-cü ildə “Vilayəti əl-Fəqih, Hizbullah” adlı cinayətkar dəstə yaratmaqda suçlayıb. Ən qəribəsi, bu dəstənin düşünən beyinləri və akademikin qətlində təşkilatçı kimi tanıdılan Tariyel Ramazanov və Cavanşir Asanovla bağlıdır. Baş prokurorluğun məlumatına görə, onlar Iranda gizləniblər.  Sizin üçün maraqlı deyilmi; Cavanşiri əvvəlcə həbs etsələr də, sonra onu burxıblar. O da gedib işinin dalıyca.

Balaca “hacı məmmədov”

Cinayət işində daha ilginc məqamlardan biri Qabil Babayev adlı dəstə üzvü ilə bağlıdır. “Iş”də göstərilir ki, məhz o, akademiki güllələyib (güllədən əvvəl isə onu Nizami Nağıyev bıçaqlayır).
Qabil Babayev elə belə adam deyil, onu məxfi polis adlandıra bilərik. Polisin “7-ci şöbəsi” adlanan qurumda çalışan bu adamın əsas vəzifəsi adamları güdmək olub. Necə bir dəlixanada yaşadığımızı təsəvvür edirsinizmi? O cür ciddi bir işdə işləyən adam illərdir cinayətkar dəstə ilə əlbir olub, bundan isə guya heç kimin xəbəri olmayıb.
Bu da elə-belə ötüşdürüləsi fakt deyil. Qətldən sonra Irana qaçan dəstə üzvləri sərhəddə əsgərlərlə qarşılaşırlar və işə bax ki, onlardan yalnız peşəkar polis Babayev gülləyə tuş gələrək öldürülür.

Bunları oxumaya da bilərsiniz

“Iş”dəki bir məlumatı da ictimailəşdirim. Mən yalnız 2 il əvvəl bildim ki, xüsusi qələmlər var, onu cibinə qoyub videoçəkiliş edə bilirsən...
- Sən demə hələ 1997-ci ildə bu avadanlıq polisimizdə varmış. Ziya müəllim də günlərlə belə qələmlə izlənilib.  
- “Iş”dən öyrənəcəyimiz daha bir məqam: dəstə üzvləri 2000-ci ildə həbs olunub. “Azərcell” 3 il əvvəl onların telefonlarından çıxan və qəbul edilən zənglərin hesabatını verə bilib. Demək, zənglər də arxivləşdirilir. Həm də bu qədər uzun müddətlər üçün.

(Bu məqaləm `Azadlıq` qəzetinin 26 MART 2012 sayında nəşr olunub )