24.1.12

Seymur Baycan haqda yad qadının məktubu

Seymur Baycan sevdiyim yazarlardandır. Nədənsə mənə elə gəlir ki, o, oz əcəli ilə ölməyəcək və bu mənim ölümündən sonra olacaq. Yəni mən onun ölümünü görməyəcəm. Ona gorə də “son borcumu” indidən vermək qərarına gəlib, ona xatirə-mədhiyyə-düşüncələr-elegiya(fason) bir şey yazdım 

***
2006-cı il idi. “Gündəlik Azərbaycan” qəzetində yazı yazmışdı. O vaxt “səhnəmizin Leylisi” olan bir müğənnini Sumqayıt yolundakı “əxlaqsızlıq yuvası”da saunada DİN-in bir idarə rəisi ilə bir yerdə “tutmuşdular”. Yazı da bu barədə idi. Bir-iki cümlə yadımda qalıb: “Biz şükür edək ki, bu səhnəmizin Leylisidir. Bəs Nigarı, Həcəri olsaydı nə edərdik? İllərlə əlləş-vuruş, bir qəhrəman qadın obrazı yarat, onu da DİN-in idarə rəisi başını aldadıb, aparsın saunaya”.
***
İllər öncə bir iş yoldaşından onun necə adam olduğunu soruşduqda belə demişdi: “Deyirlər: “mavi”dir, vecinə almır. Deyirlər: “tərbiyəsizdir”, vecinə almır. Yazı yazır, zəng edib redaksiyaya söyürlər, qorxudurlar vecinə almır. Əhli-kefin biridir”.
***
Sonra isə onunla bir ayda bir neçə dəfə şəhərdə rastlaşdım, əlbəttə ki, məni tanımırdı. Stilindən xoşum gəldi: saqqal, kepka, rahat geyimdə.
***
2007-ci ilin mayında bir də gördüm. Həmin gün jurnalistlərin aksiyası vardı. “Sabir bağı”da keçiriləcəkdi. Qəfil xəbər gəldi ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin redaksiyasında MTN axtarış aparır. Getdik hamımız ora. Orada da  gördüm. Bir xeyli redaksiyanın qarşısında dayandıq. O, rəhmətlik Elçin Səlcuqla getdi nahara. Səhv etmirəmsə Şahbaz Xuduoğlu da onlarla getmişdi. Qayıdıb gəldilər və kafedə “tələbə kotleti” yemələrindən danışırdı. Nəsə mənə adi bir adam kimi gəldi. Heç o yazıları yazana oxşamırdı. Bir də orda bir qız dedi ki, burda ən xoşuma gələn oğlan Seymurdur. Bir neçə ay sonra eşitdim ki, artıq görüşürlər.
***
2010-un yazı idi. AFU-da mühazirə vardı. Sağ tərəfdə qoyulmuş stolun, stulların qarşısında var-gəl edirdi. Daha bundan sonra heç kəs məni onun “əhli-kef” olmasına inandıra bilməz. Sifətində qəribə bir ifadə vardı. Adamlar var ki, olanları yüz dəfə söy, təhqir elə buna Karlson kimi yanaşırlar. Yəni belə: “Boş şeydir, adi həyati hadisədir”. (Oxucular məni düz başa düşsünlər. Demirəm ki, Karlson təhqir olunurdu və vecinə deyildi. Sadəcə yanaşmanı deyirəm) İnsan var ki, bir dəfə seçkidə səsini oğurla – hansı ki, bu kütləvi baş verir – amma özünün də elə o birilərin də təhqir olunmasının, alçaldılmasının yükünü daşıyır, əzab çəkir. Onun sifətində belə ifadə vardı: Milyonların əzabını çəkən insan.
***
Ona “əhli-kef” deyilməsinin bir səbəbini də tapmışam. Axı o, hələ də kirayədə yaşayır, amma çıxıb efirdə ağlayıb, ev istəməyib heç vaxt. Adamın yaşı az qala 40-a çata, neçə kitab müəllifi ola...və s. amma kirayədə yaşaya və bu vecinə olmaya...
***
Hə, bir də onun Tükəzban haqqında yazdıqları mən əsəbiləşdirmirdi. Əksinə ləzzətlə oxuyurdum. Heyf ki, yarıda kəsdi, amma məncə Novruzəlidən də yazsaydı əla olardı. Onda bu mövzuda yazmaq yaxşı alınır.
***
Bir dəfə də onun barəsində bir nəfərlə danışırdım. Dedi ki, onun maraqlı “tapıntı”ları var. Məsələn, “Girşahin”.

***
Zamin Hacı onun haqqında belə deyir: “Seymur yazılarını yazıb, kitab düzəldir. Sonra kitabından yazılar yazır”.
***
Seymur istedadlıdır, istedadsa bağışlanılmır.

 PS. yazı mənə aid deyil, bunu Seymurun oxucusu olan bir xanım qələmə alıb, mən onu ancaq ictimailəşdirmişəm