9.12.11

Rüşvətxorluq

Dünya ölkələrində korrupsiyanın miqyasını müəyyənləşdirən “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına görə, 183 ölkə arasında ən çox korrupsiyalaşanı Somalidir.
 Bu ölkənin adı yəqin, qulaqlarınıza tanış gəldi. Yanılmamısınız, insanları bir tikə çörək üçün dünyaya əl açan Somali...


Hesabatda biz korrupsiyanın səviyyəsinə görə qonşularımız Ermənistan və Gürcüstandan bərbad durumdayıq. 183 dövlət arasında Azərbaycan 143-cü, Ermənistan 129-cu, Gürcüstan isə 64-cü yerdə qərarlaşıb. 

“Beynəlxalq Şəffaflıq”ın son hesabatı Azərbaycanda rüşvətxorluğa legitimlik qazandıranların bir ciddi arqumentini də əllərindən alıb. Bizimkilər Ermənistanın və Gürcüstanın korrupsiya siyahısında bizdən yuxarıda olmasına nə deyirdilər? Deyirdilər ki, o ölkələrdə  pul az olduğundan, iqtisadi proseslər və buna bağlı olan rüşvət də azdır. 


Somali nümunəsi bu “arqumenti” darmadağın etmədimi? Hər halda, ən cığal adam da razılaşacaq ki, Somalidə pul qonşularımızdan azdır, iqtisadi proseslər yerlə sürünür. Yuxarıdakı “arqumentə” inansaydıq, onda Somali “Beynəlxalq Şəffaflıq”ın hesabatındakı yerini 180 dərəcə dəyişməliydi.

Hesabatda öncüllük Norveç, Isveç, Danimarka kimi proqressiv və demokratik Qərb ölkələrinə məxsusdur. Indi ritorik sual yaranır: necə olur ki, “dünyanın hər yerində rüşvət ola-ola” Qərbin demokratik ölkələrindəki insanlara firavanlıq, bizdə isə fəlakət yaradır?