23.12.11

Həmşəhrim-Nəcəf Nəcəfovu tanıyaq


  Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman
Mən gedərsəmsə, məramım yenə dünyada durar
                                                                              Sabir

   “Termin” Asim Mollazadəyə aid idi; keçən əsrin sonuncu 10 illiyi və əsrimizin ilk 10 illiyinin(bundan sonrası Allah-kərimdir) bu oynaq və qıvraq siyasətçisi, yaxşı yadımdadır-94 cü ilin payızında Nəcəfin nömrəli gözlüyünü İstanbula gətirmişdi.Gözlüyü cibindən çıxaran kimi “Nəcəf göndərib; şüşəsi sınıb, gövdəsi də əyilib; aldığı yeri sən tanıyırsan.Yerlindir də, gərək düzəltdirəsən”.

Gözlüyü 94-ün mayında almışdıq-“Dərya kənarında yerləşən o şöhrəlti məkandakı” bir etiraz nümayişində iştirak edərkən polis zopa ilə vurmuş,Nəcəfin  yerə düşən gözlüyünün həm şüşəsi sınmış, həm də polisin ayaqqabısının altında qalan gövdəsi əyilmişdi.
“Yerlim yox, həmşəhrimdir”.
O vaxtkı çəkisi Helmut Koldan az olmayan Mollazadə:
”Alə deyirəm  yerlindir də, gərək düzəltdirəsən”
“Həmşəhrimin nökəriyəm”
“Nökər” sözü təxminən 5 il məmləkətin siyasi və publisistik jarqonunda önəmli yer tutdu.Hər dəfə zəng edəndə “Həmşəhrimin nökəriyəm”-deməyimə ürəkdən gülürdü.Fuadın verdiyi kəşfiyyat məlumatına  görə, “Nökər” sözü məmləkətin ən ciddi adamlarından olan Sabit bəyin də dilindən düşmürmüş-“Həmşəhrim”in verdiyi hər suala  Sabit bəy “Nəcəf, mən sizin nökərinizəm”-cavabı  ilə təzim edəndə Fuadgil heyrətlənirmişlər:” Sabit bəy bu sözü harda öyrənib?”
Nəcəfə müraciət forması kimi spontan şəkildə ortaya çıxan “Həmşəhrim” sözünə gəlincə;
Müsavat hökumətinin ordusunda xidmət etmiş ağsaqqalımızdan soruşmuşdum:
“Milli hökumət dövründə də Sabirabad var idimi?Biz inzibati cəhətdən hara bağlı idik?”
“Şəhri-Səlyana bağlı idik”.
Həyatımda Nəcəf Nəcəfov qədər sərrast insan görmədim.
Ən yaxşı bacardığı işi gördü-onun işi qəzet çıxarmaq idi. “Posmertno” verilən heç bir orden-mordenə  də  ehtiyacı yox idi.Onun üçün ən şərəfli mükafat olan “Şeyxül-mühərririn” titulunu bu dünyada alıb özü ilə əbədiyyətə apardı(burada mötərizə açıb deməyi lazım bilirəm ki, yazmaq  da mənim  işim deyil; görə biləcəyim ən yaxşı iş-şadlıq evinin qabağında gözətçilikdir;bir dəfə aralarında böyük yaş fərqi olan bəylə gəlini bəyin köhnə sevgilisindən  qorumuşam;bunun əvəzedilməz zövqü dünya durduqca bəsimdir).
Onu 80-ci illərin əvvəlində tanımışdıq. O vaxtkı “Kommunist” nəşriyyatının yeganə  müsbət cəhəti-qəzet və jurnallar redaksiyalarının  əksəriyyətinin  eyni yerdə olması idi.Rus dilli mətbuatın o vaxtkı “oppozisyoner” təmsilçiləri intellektual səviyyələri etibarı ilə çox qabaqda idilər-əqidə  dostumuz  Azər Mürsəliyevin  yaxınları  sırasında Rüstəm Arifcanov vardı, Rauf Talışinski vardı və əlbəttə ki, Nəcəf Nəcəfov vardı.Məmləkətin “Molla Nəsrəddin”dən “Açıq söz”ə qədər olan azad mətbuat dalğasının susmasından sonra keçən 70 ildə  Anarın “Qobustan”ı və Əkrəm Əylislinin “Azərbaycan”ı  ədəbiyyat və düçüncə tariximizdə önəmli izlər buraxmışdı.Ancaq 80-in ortasında Moskvadan əsən rüzgarlar Azərbaycanın 70 il təzyiq altında saxlanmış siyasi potensialının da hərəkətlənməsinə səbəb olmuşdu.Bu potensialı yönləndirmək vəzifəsini öz üstünə götürən adam Nəcəf Nəcəfov oldu. “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”-Cəlil Məmmədquluzadənin bu etirafını 80 il sonra “təbiətin və zəmanənin ixtiyarına buraxmadan”  “Molodyoj Azerbaydjana” qəzetinin səhifələrində həyata keçirən tarixi şəxsiyyət Nəcəf idi. O, oturduğu kreslonu sovet rejiminin başına vuraraq xalqın arasına enən ilk ADAM idi-Anadolu Türklərinin sərrast deyimi ilə, “Adam kimi adam” idi.”Molla Nəsrəddin”i təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı”-bunu anladıq; ancaq “Azadlıq” Nəcəfin  özü yaratmışdı.
“Azadlıq”ın ilk nömrəsinin çıxdığı günkü həyəcanımızı məmləkətin  anarxist dərəcədə demokrat insanı olan mərhum Mövsüm Əliyevlə bölüşmüşdük.
”Mövsüm, 26 Bakı komissarını niyə güllələyiblər?”
“Bilmirsən, alə?Onlar bankdan qızılı oğurlamışdılar.Bankda da qızıl olmayanda pulun heç bir dəyəri qalmır.Kağız kimidir, sil .......... at o yana”
20 yanvardakı növbəti işğaldan sonra ən böyük zərbə alan “Azadlıq”ı yenidən toparlamaq işini də, əlbəttə ki, qəzetin mühərriri Nəcəf öz üstünə götürdü.Xalq Cəbhəsinin Nərimanov tərəflərdəki binasında keçirilən iclasında hamını dinlədi.Qəzetə işə girmək istəyən Sirus Zindadelin “Nəcəf, niyə biz bunları yazmayaq:pervaya daça KQB, vtoraya daça KQB?” Sirus danışdıqca onun fikrinin cavanların üzərində olduğunu hiss etməmək mümkün deyildi.Necə ki, elə də oldu:”Azadlıq” ın Vəlidən, Elçindən(hər ikisi dünyasını dəyişib) Muxtardan, İsraildən, Qənimətdən, Bahəddindən, Rovşən Əliyevdən, Əli Kərimlidən və b.(adlarını unutduqlarım bağışlasınlar) ibarət olan o vaxtkı yazar və müxbir heyəti qəzeti məmləkətin mətbuat tarixinin qızıl səhifəsinə  çevirdilər...
Xəstələyini Sabit Bagırov dedi.
“Təhlillərini göndərirəm.Doktora göstər.Almaniyaya müalicəyə gedəcək”.
Müalicəsi barədə Sabit bəydən tez-tez məlumat alsam da, artıq “Nökər” sözünü tədavüldən çıxamışdıq.
Son təhlilləri 99-un noyabrında gəldi.İstanbul universitetinin Çapa tibb fakültəsində  professor Deniz Sargına göstərdim.
“Bu təhlillər ümid verici deyil”.
“İsraildə Şimon Slavin adlı bir professor əməliyyata boyun olur.Sizcə, faydası olmazmı?”
“Şimon Slavin son araşdırmaları barədə bizə də məlumat verdi.Əməliyyatı boynuna götürürsə, demək ki, ümidvardır”.
Xəstəxanadan çıxanda ayaqlarım bir-birinə dolaşdı, kəllə-mayallaq oldum.Əslində düppədüz asfaltın üstündə gedirdim...
Ölüm xəbərini 1 ay sonra Asim verdi.İstanbulun Richmond otelindəki səhər yeməyində “Həmşəhrim”i soruşdum.Natura   etibarı ilə səbrli adam olan Mollazadə, çəngəl-bıçağı yerə qoydu, pıçıltı ilı  “Soruşma, rəhmətə getdi.Əsəblərim pozulub”-dedi.Küçəyə çıxıb Taksimə qədər səssiz-sədasız yürüdük.Sadəcə Galatasaraydan keçəndə sol tərəfə dönüb gözlüyü aldığımız yerə baxa bildim.
10 il oldu gedəli.
20 il oldu “Azadlıq”ı çıxaralı.
Gedişindən sonra mətbuat  böyük ölçüdə  “ağlı dar, vücudu yekə”, peşə vicdanını özünün iylənmiş və paslanmış ehtiraslarına qurban edənlərin  əlində qaldı....

“Məlikniyaz xanzadələr başıydı
At belində üzüklərin qaşıydı
Əfsanətək pərilər oynaşıydı
Qəm günündə bir kəndi mat edibdi
Qeyrətə bax, baş götrüb gedibdi.


Şəhriyarın bu misralarını hər kəs özü istədiyi kimi yozsun....

Mayis Əlizadə