21.12.11

Ev almağın yolları

Dostumla dünən oturduq kompüterin qarşısında və müxtəlif bankların verdiyi ipoteka şərtlərini ələk- vələk elədik. Bəlli oldu ki, mənim Bakı şəhərində orta səviyyədən də aşağı mənzil almağım üçün iki Natiqə, daha doğrusu onların əmək haqqna ehtiyacım var. Əslində bunu iki il əvvəl də dərk etmişdim, sadəcə hamımızda olur da, şeytan məni yoldan çıxarmışdı ki ipoteka ilə kirayələrdən canımı qurtara bilərəm...
Yaxşı ki, tövbə qapıları həmişə açıdqır. Bu gün ipoteka mövzusuna tövbə etdim.

Mənim kənddə bir qohumun var. Qabaqlar hər dəfə onu görəndə ev alıb almamağımı soruşurdu. Hər dəfə "yox" cavabı verəndə məni o ki var danlayırdı. 
Guya ki, qəsdən ev almıram, kirayələrdə yaşamaq misilsiz həzz mənbəyimdir filan.
Bir gün əlimə qələm dəftər alıb, sadə riyazi hesablama ilə qohumu başa saldım ki, ay qardaş mənim indi şərtlər və maaşımla Bakıda ev almağım mümkün deyil. Sağ olsun, qohumun anlayışlı insanmış İndi məni görəndə daha soruşmur ev almışam ya yox, sualı belə qoyur: "Dayıoğlu evdən-zaddan ələ keçirməmisən?" :)

Qohum da anlayır ki, sıravi azərbaycanlı  Əli Əkbərin bir şeirində dediyi kimi ev almaq, qabağa düşmək üçün ya kiməsə atmalı, ya da kimisə satmalıdır.