24.12.11

Bunları etiraf edirəm


Etibar Salmanlının əziz xatirəsinə həsr edirəm

Gənc Etibar məndən etiraflarımı istədi, onun sözünü yerə salsam dünya başıma çökərdi.

Etiraf edirəm ki, etiraf mənim üçün çox çətindir. Yəqin ki, təcrübəsizlikdəndi...

Etiraf edirəm ki, etiraflarım yarımçıq olacaq...

İlk xatırladığım etirafım: BDU-nun 3-cü kursundaydıq. Heydər Əliyevin bacısı Rəfiqə bizə analtik kimyadan dərs keçirdi. Əslində yola verirdi, heç adımızı da sormamışdı. Bir dəfə yəqin ki, şüuraltımdakı əliyeşinaya nifrət məni analoqsuz hərəkətə sövq etdi. Jurnalda Rəfiqənin səhifəsində hamıya “q” (qayıb) yazdım. Bunu təkcə yaxın dostum görmüşdü. Növbəti dərsdə müəllim jurnalı gördü və şok oldu: Bunu kim edib, qışqıranda vicdanım hay verdi, ayağa durub etiraf etdim: Mən
O, çox sakitləşib “ otağı tərk et, get nə vaxt dəli olmadığın haqda arayış gətirərsən onda dərsə buraxılacaqsan” deyib məni qovdu.

Məni “adam” edən atam və bir də onun ixtisası riyaziyyat olub- bunu da etiraf edirəm.

Deyəsən, 2-ci kursa qədər atam mənə əl bulayıb. Döyəndə də həmişə deyərdi “ya səni döyüb öldürəcəm, ya da adam edəcəm” :)

Atam, əmilərimin 2-i, babam 51-53 yaşında ürəkdən vəfat ediblər.  Əvvəl bunu çox dərd edirdim, sonra o qədər əlacsız yataq xəstələrin gördüm ki,  “quş kimi uçub getməyi” özümə də arzu elədim.

Ən qorxduğum ölüm növü “iflic”, ən istəmədiyim ölüm forması isə avtoqəzadır.

Ən zəhləm gedən fikrləri etiraf edirəm: "Heydər Əliyev olmasaydı...", " Bizim millətin bədbəxtçiliyi ondadır ki...", "İlham Əliyev yaxşıdır, ətrafı pis", "Bəzi müsbət şeyləri də görmək lazmdır..." 
İnsanların əksərən kimya düsturlarından hürkməsindən bəzən ləzzət alıram.Mələsən C5H11OH kimi sadə şey axı bunlara niyə mürəkkəb gəlir, deyə düşünürəm.

Son dərəcə optimistəm. Dərdini başqasına şəlləməyə fürsət güdənlərdən qaçıram.

Din mənə çox yaddır, buna baxmayaraq arada mərsiyələri dinləməyə könül verirəm.

Ömrümün laçın vaxtlarında dindar olmuşam, Nəriman Qasımoğlunun təliminə uyaraq namazı azərbaycanca qılmışam.

Dini mübahisələrədən ha istəsəm də qaça bilmirəm; Qamət Süleymanovdan tutumuş, krişnaidlərin, baptislərin, bəhailərin rəhbərlərinə qədər hamısı ilə söhbətləşmişəm. Onlar mənə ov kimi baxıb həmişə J

Son dərəcə filmlərdən uzaq adamam; Ancelina Jolini deyəsən, 3 il var tanıyıram.

Zabit olarkən 2 əsgərim ölüb.

Etiraf edirəm ki, həyatda mənə güc verən mənbələrdən biri həyatımın ən qısa zaman kəsimində belə Heydərizmə biət etməməyimdir.

Orta məktəbdə oxuyanda  23, litseydə oxuyarkən 28, BDU-daysa 32 qız sinif yoldaşım olub. Qızların içində həmişə diskomfortda olmuşam. Bu əksərən hələ də belə davam edir.

İnsanlar niyə qalstuk vurur, bunu səbəbini çözə bilmədiyini də etiraf edirəm. Üst-üstə yığsam bu çağacan qalstuk vurğuğum günlərin sayı 100-ü ötməz.

Bu vaxtadək 3 kostyumum olub; onun birini bəy çıxanda almışdım.

Subaykən mütləq 5 oğlum olmalıdır, düşündüklərim də olub. Bu düşüncəni inanmayacaqsınız, 2000-ci ildə “Azadlıq” qəzetində oxuduğum bir müsahibə dəyişdi. Avropa Məhkəməsindəki hakimimiz Xanlar Hacıyev müsahibəsində "cəmi bir qızım var" demişdi. Məhz o zaman dərk etdim ki, qız ölvadı faciə deyil. İndi iki qızım var J

Həyatımda ciddi iz buraxan şəxslərdən birincisi AXCP sədri Əli Kərimlidir.  2006-ci ildə hər şeyi atıb mühacirətə getmək istəyirdim. Bu addımımdan o məni utandıraraq çəkindirdi. Əli Kərimlini müstəsna şəxsiyyət hesab etsəm də, həmişə onu tərifləməyə tərrəddüd etmişəm. Xüsusən onunla eyni bölgədən olmağım təriflərimi əngəlləyib, ehtiyatlanmışam ki, murdar yerlibazlıq ittihamına tuş gələrəm. 

2008-ci ildə hər şeyi atıb Bakıdan kəndə qayıtmaq istəyirdim. Bu addımın da qabağını iki şəxs kəsdi: Əli Kərimli və Rasim Qaraca.

Köklüklə mübarizə mənə rejimlə mübarizə qədər məhrumiyyət yaşadır. Bir dostumun yazdığı kimi, bulki 200 qramdır, amma onu yeyəndə mən 2 kq kökəlirəm.

Bir gün kitab, qəzet oxumasam ölərəm.

11-ci sinifdə oxuyarkən “oğru dünyasının” söhbətləri başımı xarab etmişdi. O vaxtkı həmyaşıdlarım kimi türmədən ötəri ürəyim gedirdi. Bu arzuma 2003-cü ilin oktyabrında çatdım, türməyə düşdüm.

Etiraf edirəm ki, müəllim işlədiyim vaxtlar üçün bəzən burnumun ucu göynəyir.

İnsanların acizliyini görməkdən  ağır bir şey tanımadığımı, Azərbaycandakı sülalə hakimiyyətindən daha idbarını təsəvvür etmədiyimi, yaltaqlara sonsuz nifrətim olduğunu da etiraflarıma aid edirəm.

 Etiraf edirəm ki, satılmağım üçün hakimiyyətdən başa çatan bu ildə başgicəlləndirici azı 3 təklif almışam.  Hər dəfə bu təklifləri tərəddüdsüz rədd etmişəm. Satılan insanlara yazığım gəlir, axı doğrudan da pulsuz və ya az pulla yaşamaq elə çətin deyil.

Etiraf edirəm ki, ilk dəfə “Biləcəridən o tərəfə” ayağımı 2 il bundan əvvəl qoymuşam.

İnsanlar iki yeməyi “sup” və “perlovanı” niyə bişir, buna da həmişə əsəbiləşirəm.

Orta məktəbdə oxuyanda Bakıya ali məktəbə girəndə, ali məktəbi qurtaranda əsgərliyə gedəndə siqaret çəkəcəyimi deyirdilər. Onların hamısını yanıltdım. İndi-indi oğruncasına siqaretə meyilləndiyimi etiraf edirəm. :(

Etiraf edirəm ki, dünyada qadınlardan qiymətli heç nə yoxdur.

Əbülfəz Elçibəyi gördüyümə, ondan müsahibə aldığıma, bərabər foto çəkdirdiyimə görə özümü məsud sayıram.
Bir gün Azərbaycanda haqq-ədalətin bərqərar olacağına özüm qədər inanacaq başqa biri olmadığını da etiraflarımdan sayın.


Bəsdi hələlik.