24.12.11

Bunları etiraf edirəm


Etibar Salmanlının əziz xatirəsinə həsr edirəm

Gənc Etibar məndən etiraflarımı istədi, onun sözünü yerə salsam dünya başıma çökərdi.

Etiraf edirəm ki, etiraf mənim üçün çox çətindir. Yəqin ki, təcrübəsizlikdəndi...

Etiraf edirəm ki, etiraflarım yarımçıq olacaq...

İlk xatırladığım etirafım: BDU-nun 3-cü kursundaydıq. Heydər Əliyevin bacısı Rəfiqə bizə analtik kimyadan dərs keçirdi. Əslində yola verirdi, heç adımızı da sormamışdı. Bir dəfə yəqin ki, şüuraltımdakı əliyeşinaya nifrət məni analoqsuz hərəkətə sövq etdi. Jurnalda Rəfiqənin səhifəsində hamıya “q” (qayıb) yazdım. Bunu təkcə yaxın dostum görmüşdü. Növbəti dərsdə müəllim jurnalı gördü və şok oldu: Bunu kim edib, qışqıranda vicdanım hay verdi, ayağa durub etiraf etdim: Mən
O, çox sakitləşib “ otağı tərk et, get nə vaxt dəli olmadığın haqda arayış gətirərsən onda dərsə buraxılacaqsan” deyib məni qovdu.

Məni “adam” edən atam və bir də onun ixtisası riyaziyyat olub- bunu da etiraf edirəm.

Deyəsən, 2-ci kursa qədər atam mənə əl bulayıb. Döyəndə də həmişə deyərdi “ya səni döyüb öldürəcəm, ya da adam edəcəm” :)

Atam, əmilərimin 2-i, babam 51-53 yaşında ürəkdən vəfat ediblər.  Əvvəl bunu çox dərd edirdim, sonra o qədər əlacsız yataq xəstələrin gördüm ki,  “quş kimi uçub getməyi” özümə də arzu elədim.

Ən qorxduğum ölüm növü “iflic”, ən istəmədiyim ölüm forması isə avtoqəzadır.

Ən zəhləm gedən fikrləri etiraf edirəm: "Heydər Əliyev olmasaydı...", " Bizim millətin bədbəxtçiliyi ondadır ki...", "İlham Əliyev yaxşıdır, ətrafı pis", "Bəzi müsbət şeyləri də görmək lazmdır..." 
İnsanların əksərən kimya düsturlarından hürkməsindən bəzən ləzzət alıram.Mələsən C5H11OH kimi sadə şey axı bunlara niyə mürəkkəb gəlir, deyə düşünürəm.

Son dərəcə optimistəm. Dərdini başqasına şəlləməyə fürsət güdənlərdən qaçıram.

Din mənə çox yaddır, buna baxmayaraq arada mərsiyələri dinləməyə könül verirəm.

Ömrümün laçın vaxtlarında dindar olmuşam, Nəriman Qasımoğlunun təliminə uyaraq namazı azərbaycanca qılmışam.

Dini mübahisələrədən ha istəsəm də qaça bilmirəm; Qamət Süleymanovdan tutumuş, krişnaidlərin, baptislərin, bəhailərin rəhbərlərinə qədər hamısı ilə söhbətləşmişəm. Onlar mənə ov kimi baxıb həmişə J

Son dərəcə filmlərdən uzaq adamam; Ancelina Jolini deyəsən, 3 il var tanıyıram.

Zabit olarkən 2 əsgərim ölüb.

Etiraf edirəm ki, həyatda mənə güc verən mənbələrdən biri həyatımın ən qısa zaman kəsimində belə Heydərizmə biət etməməyimdir.

Orta məktəbdə oxuyanda  23, litseydə oxuyarkən 28, BDU-daysa 32 qız sinif yoldaşım olub. Qızların içində həmişə diskomfortda olmuşam. Bu əksərən hələ də belə davam edir.

İnsanlar niyə qalstuk vurur, bunu səbəbini çözə bilmədiyini də etiraf edirəm. Üst-üstə yığsam bu çağacan qalstuk vurğuğum günlərin sayı 100-ü ötməz.

Bu vaxtadək 3 kostyumum olub; onun birini bəy çıxanda almışdım.

Subaykən mütləq 5 oğlum olmalıdır, düşündüklərim də olub. Bu düşüncəni inanmayacaqsınız, 2000-ci ildə “Azadlıq” qəzetində oxuduğum bir müsahibə dəyişdi. Avropa Məhkəməsindəki hakimimiz Xanlar Hacıyev müsahibəsində "cəmi bir qızım var" demişdi. Məhz o zaman dərk etdim ki, qız ölvadı faciə deyil. İndi iki qızım var J

Həyatımda ciddi iz buraxan şəxslərdən birincisi AXCP sədri Əli Kərimlidir.  2006-ci ildə hər şeyi atıb mühacirətə getmək istəyirdim. Bu addımımdan o məni utandıraraq çəkindirdi. Əli Kərimlini müstəsna şəxsiyyət hesab etsəm də, həmişə onu tərifləməyə tərrəddüd etmişəm. Xüsusən onunla eyni bölgədən olmağım təriflərimi əngəlləyib, ehtiyatlanmışam ki, murdar yerlibazlıq ittihamına tuş gələrəm. 

2008-ci ildə hər şeyi atıb Bakıdan kəndə qayıtmaq istəyirdim. Bu addımın da qabağını iki şəxs kəsdi: Əli Kərimli və Rasim Qaraca.

Köklüklə mübarizə mənə rejimlə mübarizə qədər məhrumiyyət yaşadır. Bir dostumun yazdığı kimi, bulki 200 qramdır, amma onu yeyəndə mən 2 kq kökəlirəm.

Bir gün kitab, qəzet oxumasam ölərəm.

11-ci sinifdə oxuyarkən “oğru dünyasının” söhbətləri başımı xarab etmişdi. O vaxtkı həmyaşıdlarım kimi türmədən ötəri ürəyim gedirdi. Bu arzuma 2003-cü ilin oktyabrında çatdım, türməyə düşdüm.

Etiraf edirəm ki, müəllim işlədiyim vaxtlar üçün bəzən burnumun ucu göynəyir.

İnsanların acizliyini görməkdən  ağır bir şey tanımadığımı, Azərbaycandakı sülalə hakimiyyətindən daha idbarını təsəvvür etmədiyimi, yaltaqlara sonsuz nifrətim olduğunu da etiraflarıma aid edirəm.

 Etiraf edirəm ki, satılmağım üçün hakimiyyətdən başa çatan bu ildə başgicəlləndirici azı 3 təklif almışam.  Hər dəfə bu təklifləri tərəddüdsüz rədd etmişəm. Satılan insanlara yazığım gəlir, axı doğrudan da pulsuz və ya az pulla yaşamaq elə çətin deyil.

Etiraf edirəm ki, ilk dəfə “Biləcəridən o tərəfə” ayağımı 2 il bundan əvvəl qoymuşam.

İnsanlar iki yeməyi “sup” və “perlovanı” niyə bişir, buna da həmişə əsəbiləşirəm.

Orta məktəbdə oxuyanda Bakıya ali məktəbə girəndə, ali məktəbi qurtaranda əsgərliyə gedəndə siqaret çəkəcəyimi deyirdilər. Onların hamısını yanıltdım. İndi-indi oğruncasına siqaretə meyilləndiyimi etiraf edirəm. :(

Etiraf edirəm ki, dünyada qadınlardan qiymətli heç nə yoxdur.

Əbülfəz Elçibəyi gördüyümə, ondan müsahibə aldığıma, bərabər foto çəkdirdiyimə görə özümü məsud sayıram.
Bir gün Azərbaycanda haqq-ədalətin bərqərar olacağına özüm qədər inanacaq başqa biri olmadığını da etiraflarımdan sayın.


Bəsdi hələlik.

23.12.11

Həmşəhrim-Nəcəf Nəcəfovu tanıyaq


  Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman
Mən gedərsəmsə, məramım yenə dünyada durar
                                                                              Sabir

   “Termin” Asim Mollazadəyə aid idi; keçən əsrin sonuncu 10 illiyi və əsrimizin ilk 10 illiyinin(bundan sonrası Allah-kərimdir) bu oynaq və qıvraq siyasətçisi, yaxşı yadımdadır-94 cü ilin payızında Nəcəfin nömrəli gözlüyünü İstanbula gətirmişdi.Gözlüyü cibindən çıxaran kimi “Nəcəf göndərib; şüşəsi sınıb, gövdəsi də əyilib; aldığı yeri sən tanıyırsan.Yerlindir də, gərək düzəltdirəsən”.

Gözlüyü 94-ün mayında almışdıq-“Dərya kənarında yerləşən o şöhrəlti məkandakı” bir etiraz nümayişində iştirak edərkən polis zopa ilə vurmuş,Nəcəfin  yerə düşən gözlüyünün həm şüşəsi sınmış, həm də polisin ayaqqabısının altında qalan gövdəsi əyilmişdi.
“Yerlim yox, həmşəhrimdir”.
O vaxtkı çəkisi Helmut Koldan az olmayan Mollazadə:
”Alə deyirəm  yerlindir də, gərək düzəltdirəsən”
“Həmşəhrimin nökəriyəm”
“Nökər” sözü təxminən 5 il məmləkətin siyasi və publisistik jarqonunda önəmli yer tutdu.Hər dəfə zəng edəndə “Həmşəhrimin nökəriyəm”-deməyimə ürəkdən gülürdü.Fuadın verdiyi kəşfiyyat məlumatına  görə, “Nökər” sözü məmləkətin ən ciddi adamlarından olan Sabit bəyin də dilindən düşmürmüş-“Həmşəhrim”in verdiyi hər suala  Sabit bəy “Nəcəf, mən sizin nökərinizəm”-cavabı  ilə təzim edəndə Fuadgil heyrətlənirmişlər:” Sabit bəy bu sözü harda öyrənib?”
Nəcəfə müraciət forması kimi spontan şəkildə ortaya çıxan “Həmşəhrim” sözünə gəlincə;
Müsavat hökumətinin ordusunda xidmət etmiş ağsaqqalımızdan soruşmuşdum:
“Milli hökumət dövründə də Sabirabad var idimi?Biz inzibati cəhətdən hara bağlı idik?”
“Şəhri-Səlyana bağlı idik”.
Həyatımda Nəcəf Nəcəfov qədər sərrast insan görmədim.
Ən yaxşı bacardığı işi gördü-onun işi qəzet çıxarmaq idi. “Posmertno” verilən heç bir orden-mordenə  də  ehtiyacı yox idi.Onun üçün ən şərəfli mükafat olan “Şeyxül-mühərririn” titulunu bu dünyada alıb özü ilə əbədiyyətə apardı(burada mötərizə açıb deməyi lazım bilirəm ki, yazmaq  da mənim  işim deyil; görə biləcəyim ən yaxşı iş-şadlıq evinin qabağında gözətçilikdir;bir dəfə aralarında böyük yaş fərqi olan bəylə gəlini bəyin köhnə sevgilisindən  qorumuşam;bunun əvəzedilməz zövqü dünya durduqca bəsimdir).
Onu 80-ci illərin əvvəlində tanımışdıq. O vaxtkı “Kommunist” nəşriyyatının yeganə  müsbət cəhəti-qəzet və jurnallar redaksiyalarının  əksəriyyətinin  eyni yerdə olması idi.Rus dilli mətbuatın o vaxtkı “oppozisyoner” təmsilçiləri intellektual səviyyələri etibarı ilə çox qabaqda idilər-əqidə  dostumuz  Azər Mürsəliyevin  yaxınları  sırasında Rüstəm Arifcanov vardı, Rauf Talışinski vardı və əlbəttə ki, Nəcəf Nəcəfov vardı.Məmləkətin “Molla Nəsrəddin”dən “Açıq söz”ə qədər olan azad mətbuat dalğasının susmasından sonra keçən 70 ildə  Anarın “Qobustan”ı və Əkrəm Əylislinin “Azərbaycan”ı  ədəbiyyat və düçüncə tariximizdə önəmli izlər buraxmışdı.Ancaq 80-in ortasında Moskvadan əsən rüzgarlar Azərbaycanın 70 il təzyiq altında saxlanmış siyasi potensialının da hərəkətlənməsinə səbəb olmuşdu.Bu potensialı yönləndirmək vəzifəsini öz üstünə götürən adam Nəcəf Nəcəfov oldu. “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”-Cəlil Məmmədquluzadənin bu etirafını 80 il sonra “təbiətin və zəmanənin ixtiyarına buraxmadan”  “Molodyoj Azerbaydjana” qəzetinin səhifələrində həyata keçirən tarixi şəxsiyyət Nəcəf idi. O, oturduğu kreslonu sovet rejiminin başına vuraraq xalqın arasına enən ilk ADAM idi-Anadolu Türklərinin sərrast deyimi ilə, “Adam kimi adam” idi.”Molla Nəsrəddin”i təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı”-bunu anladıq; ancaq “Azadlıq” Nəcəfin  özü yaratmışdı.
“Azadlıq”ın ilk nömrəsinin çıxdığı günkü həyəcanımızı məmləkətin  anarxist dərəcədə demokrat insanı olan mərhum Mövsüm Əliyevlə bölüşmüşdük.
”Mövsüm, 26 Bakı komissarını niyə güllələyiblər?”
“Bilmirsən, alə?Onlar bankdan qızılı oğurlamışdılar.Bankda da qızıl olmayanda pulun heç bir dəyəri qalmır.Kağız kimidir, sil .......... at o yana”
20 yanvardakı növbəti işğaldan sonra ən böyük zərbə alan “Azadlıq”ı yenidən toparlamaq işini də, əlbəttə ki, qəzetin mühərriri Nəcəf öz üstünə götürdü.Xalq Cəbhəsinin Nərimanov tərəflərdəki binasında keçirilən iclasında hamını dinlədi.Qəzetə işə girmək istəyən Sirus Zindadelin “Nəcəf, niyə biz bunları yazmayaq:pervaya daça KQB, vtoraya daça KQB?” Sirus danışdıqca onun fikrinin cavanların üzərində olduğunu hiss etməmək mümkün deyildi.Necə ki, elə də oldu:”Azadlıq” ın Vəlidən, Elçindən(hər ikisi dünyasını dəyişib) Muxtardan, İsraildən, Qənimətdən, Bahəddindən, Rovşən Əliyevdən, Əli Kərimlidən və b.(adlarını unutduqlarım bağışlasınlar) ibarət olan o vaxtkı yazar və müxbir heyəti qəzeti məmləkətin mətbuat tarixinin qızıl səhifəsinə  çevirdilər...
Xəstələyini Sabit Bagırov dedi.
“Təhlillərini göndərirəm.Doktora göstər.Almaniyaya müalicəyə gedəcək”.
Müalicəsi barədə Sabit bəydən tez-tez məlumat alsam da, artıq “Nökər” sözünü tədavüldən çıxamışdıq.
Son təhlilləri 99-un noyabrında gəldi.İstanbul universitetinin Çapa tibb fakültəsində  professor Deniz Sargına göstərdim.
“Bu təhlillər ümid verici deyil”.
“İsraildə Şimon Slavin adlı bir professor əməliyyata boyun olur.Sizcə, faydası olmazmı?”
“Şimon Slavin son araşdırmaları barədə bizə də məlumat verdi.Əməliyyatı boynuna götürürsə, demək ki, ümidvardır”.
Xəstəxanadan çıxanda ayaqlarım bir-birinə dolaşdı, kəllə-mayallaq oldum.Əslində düppədüz asfaltın üstündə gedirdim...
Ölüm xəbərini 1 ay sonra Asim verdi.İstanbulun Richmond otelindəki səhər yeməyində “Həmşəhrim”i soruşdum.Natura   etibarı ilə səbrli adam olan Mollazadə, çəngəl-bıçağı yerə qoydu, pıçıltı ilı  “Soruşma, rəhmətə getdi.Əsəblərim pozulub”-dedi.Küçəyə çıxıb Taksimə qədər səssiz-sədasız yürüdük.Sadəcə Galatasaraydan keçəndə sol tərəfə dönüb gözlüyü aldığımız yerə baxa bildim.
10 il oldu gedəli.
20 il oldu “Azadlıq”ı çıxaralı.
Gedişindən sonra mətbuat  böyük ölçüdə  “ağlı dar, vücudu yekə”, peşə vicdanını özünün iylənmiş və paslanmış ehtiraslarına qurban edənlərin  əlində qaldı....

“Məlikniyaz xanzadələr başıydı
At belində üzüklərin qaşıydı
Əfsanətək pərilər oynaşıydı
Qəm günündə bir kəndi mat edibdi
Qeyrətə bax, baş götrüb gedibdi.


Şəhriyarın bu misralarını hər kəs özü istədiyi kimi yozsun....

Mayis Əlizadə

22.12.11

Yaltaqlar

Mən Azərbaycandakı yaltaqlara paxıllıq edirəm. Xoş onların halına, dünyanın heç bir yerində yaltaqlara nəsib olmayan xoşbəxtlik onları əhatə edib.
Onlar zehinlərini, fantaziyalarını heç zərrə qədər də əziyyətə salmadan ölkəmizdə kef edirlər.

İki gündür hökumət qəzet və televlərində "Nəsir İmanquliyev fenomeni" barədə basıb bağlayırlar. İlham Əliyevin xanımının babasıdır. Bu səbədəndir ki, o indi məşhurluğun zirvəsindədir.

Hakim ailənin "məşhurlarının" çoxluğu milli yaltaqlar üçün əlverişli, əvəzsiz mühitdir.
Bu qeydləri yazanda AZTV deyir: "Nəsir müəllim söz-fikir azadlığına müstəsna önəm verib". 

21.12.11

Sizi güdürlərsə, siz də gizlənin - bu, çətin deyil

İnternetdə təhlükəsizliyinizi qorumağın sadə yolları haqda

Parol

Təhlükəsizlik hər yerdə parolunuzdan başlayır. Internetdə əsas istifadə etdiyimiz 3 alət var: Facebook, e-mail və Skype. Bunların hər birinin “canı” bir şeydədir - PAROLda.
Unutmayın, parolunuz 8-16 simvoldan ibarət olmalıdır. Parol üçün rəqəmlər, böyük, kiçik hərflərin istifadəsi məsləhətdir. Heç zaman özünüz ilə bağlı sözləri parol etməyin. 
Xakerlərin birinci və əsas addımı primitiv parol yoxlamaqdır! Bu üsul “bruteforje” adlanır. “Bruteforje” ilə nəzəri olaraq hər bir parolu sındırmaq olar. Uzaqbaşı belə parolu sındırmağın vaxtından söz gedə bilər. 

Parol kimi telefon nömrənizi, doğum tarixinizi, uşağınızın adını, maşınınızın nömrəsini lap tərsinə və yaxud rus əlifbası ilə yazıb istifadə etsəniz, bunu tapmaq çox asandır
Yaxşı parolun nümunəsi - hoaiYp3(al0FKz özünüzə belə bir parol fikirləşin. Belə parolu sındırmaqdan ötəri illər lazımdır. Çalışın bir parolu bir hesab üçün istifadə edin. Çünki bir parolu bir neçə server üçün işlətsəniz, parolun qırılması o hesabların hamısının əldən getməsi deməkdir.

Facebook
Facebook bir internet səhifəsidir. Əksər səhifələr kimi po defaultu “http” protokolu ilə işləyir. 
Http (hyper text transfer protokol) protokolun dərinliyinə getməyəcəyəm, əsas onu bilin ki, bu protokol heç bir kriptoqrafiya (“şifrovaniye”) işlətmir və ona görə istifadə üçün təhlükəlidir. Istənilən halda sizin hər bir bu protokolla istifadə etdiyiniz saytda fəaliyyətiniz izlənə bilər. Bu protokol barəsində ətraflı bu internet səhifədə oxuya bilərsiniz: http://en.wikipedia. org/wiki/HTTP

Təhlükəsizlik(conspiracy) internetdə çox vacib olduğundan “https”(http secure) protokolu yaradılıb. Bu protokol ilə istifadə etdiyiniz zaman sizin heç bir fəaliyyətinizi izləmək heç kim üçün mümkün deyil! Təsadüfü deyil ki, ərəb inqlabarı başlayan zaman facebook ve twitter https protokolunu dəstəklədilər!

Https protokolu necə istifadə etmək lazımdır?

Çox sadə - adres sətirinə, facebook.com əvəzinə HTTPS://facebook.com daxil edin. Ondan sonra açılan səhifəyə arxayınlıqla mailinizi və parolunuzu yazın.Facebook səhifəsində sağ yanda  hesab/ hesab tənzimlənmələri /Hesab Təhlükəsizliyi / mərhələlərini keçib orda da” https on” dəyişikliyi etmək lazımdır və bu su içmək qədər asandır. Mobil nömrənizi facebooka əlavə etməklə sizə əlavə təhlükəszilik qazanmış olursunuz. Burda “send me sms”(ve yaxud e-mail) funksiyasını qoşmaqla siz başqa bir adam hardansa sizin hesabiniza daxil olarsa dərhal xəbərdarlıq smsi alacaqsınız və müdaxiləni önləməkdən ötəri siz facebookdan təlimat alacaqsınız.
Xülasə, yadda saxlayın: Facebook.com yox,  https://facebook.com !
Bunu da bilin, əgər internetdə danışdığınıza adam da https  işlətmirsə, onun vasitəsi ilə sizi izləmək olar. Buna görə YOLdaşlar hamısı httpsləşməldirlər.
  
Skype

Burda heç bir problem yoxdu! Skype-də sizi heç cür izləmək mümkün deyil. Bircə unutmayın, skype-dən telefona zəng etsəniz, həmin telefonla sizi dinləmək mümkündür. Siz əksər smartfonlara skype yükləyib, bir reklamda deyildiyi kimi, rahat-rahat skype ilə danışa bilərsiniz.

Mail

Sadaladığım sadə 3 təhlükəsizlik üsullarından başqa internetdə hər bir fəaliyyət üçün kifayət qədər məxfiliyi dəstəkləyən servislər var. Məsələn, VPN (Virtual Private Network ) və məşhur Vikiliks-in istifadə etdiyi TOR (daha ətraflı burada https://www.torprocect.org).

(c) müəllif bir xeyrxahdır

Ev almağın yolları

Dostumla dünən oturduq kompüterin qarşısında və müxtəlif bankların verdiyi ipoteka şərtlərini ələk- vələk elədik. Bəlli oldu ki, mənim Bakı şəhərində orta səviyyədən də aşağı mənzil almağım üçün iki Natiqə, daha doğrusu onların əmək haqqna ehtiyacım var. Əslində bunu iki il əvvəl də dərk etmişdim, sadəcə hamımızda olur da, şeytan məni yoldan çıxarmışdı ki ipoteka ilə kirayələrdən canımı qurtara bilərəm...
Yaxşı ki, tövbə qapıları həmişə açıdqır. Bu gün ipoteka mövzusuna tövbə etdim.

Mənim kənddə bir qohumun var. Qabaqlar hər dəfə onu görəndə ev alıb almamağımı soruşurdu. Hər dəfə "yox" cavabı verəndə məni o ki var danlayırdı. 
Guya ki, qəsdən ev almıram, kirayələrdə yaşamaq misilsiz həzz mənbəyimdir filan.
Bir gün əlimə qələm dəftər alıb, sadə riyazi hesablama ilə qohumu başa saldım ki, ay qardaş mənim indi şərtlər və maaşımla Bakıda ev almağım mümkün deyil. Sağ olsun, qohumun anlayışlı insanmış İndi məni görəndə daha soruşmur ev almışam ya yox, sualı belə qoyur: "Dayıoğlu evdən-zaddan ələ keçirməmisən?" :)

Qohum da anlayır ki, sıravi azərbaycanlı  Əli Əkbərin bir şeirində dediyi kimi ev almaq, qabağa düşmək üçün ya kiməsə atmalı, ya da kimisə satmalıdır.

Məcnunun "kiçik toyu"

Leyli və Məcnun haqda söhbətlərimizi davam etdiririk.Yazının əvvəli burda
Siz Qeysin nə vaxt sünnət olduğunu bildirdiniz? 10 yaşında bu mərasim baş verib.
Daha ciddi məsələ Qeysin Məcnuna çevirilməsidir. Biz xüsusi auditoriya seçməsək, küçədə 10 nəfərdən Məcnun barədə soruşsaq onlar bu zavallının başına gələn müsubətə görə Leylini, o çağın qayda qanunlarını qınayacaqlar.
Lakin, "Lelyli və Məcnun"un (Füzuli) lap əvvəlin diqqətlə oxusaq, onda nə Leylini qınamağa haqqımız olur, nə də bir başqasını.
Əsərdən bəlli olur ki, Qeys dünyaya gələn kimi öz arzusunu ifadə edir və bu arzusu nəymiş birlikdə öyrənək:
"Ey zülmkar dünya! Bildim ki sənin qəmin çoxdur, qəmçəkənin isə yoxdur. Mən gəldim ki sənin qəminlə dost olam.
Heç ləng tərpənmə, harda qəm varsa, mənim nazik ürəyimə sal.
...Həmişəlik məni qəm əsiri elə və bu qəm payımı azaltma, ömrümü zövq ilə keçirmə
(şeiri ana dilimizə uyğunlaşdıran N. Rzadır)".
Göründüyü kimi, Qeysin bu faiı dünyada iki ayağını bir başmağa dirəyib istədiyi tək şey dərd, kədər, qəm olub ki, onu da Uca Mövlamız xəsislik etmədən artıqlaması ilə veribdir (kədər pul, para, rahatlıq deyil ki).
Bir daha xatırladım ki, bu Məcnunun hələ bələkdəykən dilə gətirdiyi və sonacan sadiq qaldığı arzusudur. Deməli, Məcnunun halına yanmaqda, ona acımaqda biz yanılırıq, yersiz ürəyi yuxalıq edirik.
Füzuliyə inansaq Qeys dünyanın ən xoşbəxt insanlarındandır, çünki doğulandan gündən peşində olduğu arzusuna son nöqtəyək yetib.
 Bu işdə ona Leyli kömək olub, buna görə də bu qıza da, onun valideynlərinə də savab düşür.

20.12.11

Türk və talış

Bakıda " erməni qəbiristanlığı"nı uçurulub dağıdılanda (2006-ci il) hökumətinin bu vəhşiliyinə "faşizm" adı verənlər az olmadı. Açığı hökumətin etdiklərinin qarşılığında ona yapışan ittiham idi.

Ancaq çox keçmədi 2007-ci ildə hökumət məşhur “Bibiheybət” qəbiristanlığının bir hissəsini yerlə bir etdi, ordan keçənlər yollara səpilən müsəlman övladlarının kəllə, qol, qıç sümüklərinə günlərlə şahid oldular.
***
17 dekabr 2011. Azərbaycan hakimiyyəti türmədə ölümünə bais olduğu talış xalqının öndəgedən alimi Novruzəli Məmmədovun ruhuna savaş açır; onun  əmlakı müsadirə olunur. İnternetdə bu kardlar yayılır, talış dostlarım xüsusən övkələnir. Bilirəm ki, çox vaxt dilə gətirməsələr də onların bəzisində milli kimliklərinə görə zülmə tuş gəldikləri barədə düşüncə var.

Cəmi bir gün ötür: Azərbaycan hakimiyyəti günahsız yerə məhbəsə atdığı türk millətçisi Tural Abbaslının evini vandalcasına uçurur, onun əzizlərinə fiziki zorakılıq göstərir...

Mənə belə gəlir ki, sadaladığım 4 fakt bizə öz müsibətimlərimizi anlamağa aydın dəlillərdir. Azərbaycan hökuməti balans siyasətini nədə də imitasiya etsə də, zülm məsələsində ona tam riyyət edir. 
Bu ölkənin talışı qədər türkü, türkü qədər ləzgisi, tatı, kürdü, saxuru Əliyev adlı bəlanın qurbanlarıdır.
 Xülasə, mənə görə bizdə Azərbaycanın entik çoxluğu türklərin “ölkəni kürdlər edir, ona görə bu gündəyik”, etnik azlıqların “ ölkədə türk hegemonluğu var ona görə bu haldayıq” düşüncəsi bizi demokratiya, firavanlıq, qardaşlıq uğurunda apardığımız mübarizənin önünə tullanılan böyük kötükdür. 


Kötük özü bilər, heç olmaya biz kötük olmayaq.

19.12.11

İlham Əliyev, xoş getdin!

Əli Kərimli gənclərlə görüşdə-18 dekabr 2011
...bütün dünya xalqları başa düşürlər ki, hansı diktator daha qəddardırsa, daha acı tale yaşayacaq. Hamı dərk edir ki avtoritarizmin bütün qalaları aşacaq. Onların içində Azərbaycandakı sülalə rejimi də mütləq olacaq.
Amma o vaxta qədər hamımızın, eləcə də İlham Əliyev və onun ətrafındakıların da  seçim imkanı var. Onunlar onsuz da labüd sonluğa, məğlubiyyətə  gəlib çıxacaqlar. Bu məğlubiyyətə iki yolla gələ bilərlər:

Birinci yol ondan ibarətdir ki, baş verənlərdən gec də olsa nəticə çıxardırlar,
xalqa qarşı siyasətlərini dayandırırlar,
xalqının mərhəmətinə ümid bəsləyib
bağışlanmaq,
 rəhm istəyirlər,
islahatlara başlayıb özlərini bir təhər xilas etmiş olurlar.

İkinci yol bu gün onların getdikləri yoldur: Heç nəyə baxmadan öz güclərinə,
pullarına arxayın olurlar,
zalımlıqlarından əl çəkmirlər,
addım-addım onsuz da yaxın olan uçuruma doğru irəliləyirlər.
 Bu da onların seçimdır, biz onların da seçim haqqına hörmət etməliyik. Özünüz bilin, ya bu xalqın iradəsi ilə hesablaşın, yaxud da uçurum sizi gözləyir gedin ora doğru!

(AXCP sədri Əli Kərimlinin 18 dekabr 2011-ci ildə gənclər görüşündəki nitqindən)

17.12.11

Bakirəlik

Adam bilmir gülsün, ya ağlasın.
Bir etibarlı yoldaş mənə sirr açdı. O dedi ki, Ədliyyə Nazirliyinə və Dövlət sərhəd xidmətində işə düzələn qızlardan bakirəliklə bağlı sənəd istəyirlər. Bir az araşdırdım, öyərəndim ki, DSX-də artıq bu məsələ aradan qalxıb, amma nazirlikdə qalıb. Nazirliklə danışdım, inkar etdilər.

Ədliyyə nazirliyində işə girmək üçün tələb olunan sənədlər arasında yuxarıda yazılanı yoxdur. Onu nə adla, nə məqsədlə istəyirlər, şeytanında xəbəri yoxdur.
Mən düşünürəm, bəlkə Ədliyyə nazirliyini monastra zada çevirirlər. Yoxsa bakirə qızları ora toplamağın hansı anlamı ola bilər?
Qızlardan belə bir sənəd istənilməsi, insan haqlarına qarşı hayqırıdır, insanın ləyaqətini ələ salmaqdır. Bu cür haqsızlıqla üzləşən xanımlar, gərək susmasın, yazsın, pozsun, ucadan danışsınlar. Bəlkə onda nazirlikdə oturan parabeynləri utandıra bildik...

Ölkəmizdə Nyüton peyda olub, ya da analoqsuz məddah

"Akademik Cəlal Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək yeni tədqiqat istiqamətlərinin -
 molekulyar biologiya,
molekulyar genetika,
gen və hüceyrə biotexnologiyası,
riyazi biologiya və
bioinformatiknın inkişafının əsasını qoymuşdur".
Əfəndilər, bu fikirləri akademik nazir Əli Abbasova məxsusdur (mənbə http://www.azerbaijan-news.az/index.php?mod=3&id=4713 ) .
İndi biz iki həqiqətdən birini qəbul etməliyik; ya Cəlal Əliyevin Nyüton qədər ixtiraçı olduğunu, ya da Əli müəllimin kifayət qədər yaltaqlığını.
 Necə deyərlər, igid əsgər iki yoldan birini seç, ya azad ol, ya candan keç :)

15.12.11

Onu öldürmək istəyirdilər, o özü bu işi gördü

Anar Mahmudoğlu desəm, hər şey aydın olarmı? Hz.Əlinin zülfüqarı kimi qələminin hər iki ucundan qan süzülən biri...
İlham Əliyevə "çoban" yazacaq qədər cəsarət sahibi...
Amma, düşünürəm, insan necə bu qədər böyük savaşlarda boy göstərərkən xırda əngəllərdə ilişib qala bilir?
Anarın qızı ilə mənim qızım eyni sinifdə oxuyurdu. Uşaqların "müəllimlər müəllimi" olan müəllimini bir gün məktəbdən çıxardığını eşitdik. Əsdik coşduq. Çünki dediyim kimi o sıradan bir müəllim yox, müəllimlər müəllimi, əfəndi bir adam idi. O adama haqsızlıq edildiyini  Anar da, mən də bildim. Həm də necə bir dəhşətli haqsızlıq...
Bir gün öyrəndik ki, bu haqsızlığın arxasında bir xanım var. Kimmiş o ? 
Anar bəyin təmsil olduğu partiyanın sədrinin həyat yoldaşı. Və bu bəs etdi ki, Anar bəy ürək dağlayan, vicdanımızı sızladan haqsızlığa susun. Anar bəy, mübarək qələmini bu haqda heç işlətmədi. Bunu normal qarşılamaq olarmı? Bir ziyalıya bu yaraşarmı?
Bəli, bu aralar onun başında çox qara yellər əsdi. Ancaq bu əsla və əsla bircə abzas da olsun bu dəhşətli haqsızlıqdan yazmasına mane ola bilməzdi.
Bu gün eşitdim ki, Anar haqsızlığa uşağını o məktəbdən çıxarmaqla etiraz edib. Bu etirazdır, ancaq lal etirazdır.  Anarın xarakiri etməsidir, bizsə ondan üsyan gözləyirdik...
Bununla da Anar bəy, bu günlərdə onu ölümlə təhdid edənlərin niyyətini özü reallaşdırmış oldu.
The End


12.12.11

Elçibəy vəzifəsini dondurmuşdu, İlham Əliyev isə...

Mən dünyanın son nəticədə ədalətli olduğuna inan adamam. Ədalət gec-tez öz yerini tutur. Bir bəsit örnək verimmi?
1993-cü ilin iyun qiyamından sonra Elçibəy hakimiyyətinin bir çox məmuru vəzifələrini "dondurduqları"nı bəyan etdi. O, zaman Ali Məclisin sədri Heydər Əliyev cəbhəçilərin bu hərəkətinə özünəməxsus formada ironiya edirdi: "İndi nə edək, o vəzifənin üstünə isti su çökək ki, donu açılsın"-deyirdi.
və 2003-cü il gəldi, azərbaycanlılar vəzifənin dondurulmasından yox, bunu yazmaq nə qədər xoş olmasa da, İlham Əliyevin hakimiyyəti mənimsəmək üçün vəfat etmiş atasını soyuducuda saxladığından danışmağa başladılar. 
. Bu təbiətinmi deyək, tarixinmi deyək, Əbülfəz Elçibəyin qisasını amansızlıqla alması idi.  

Heydər Əliyev öldü, Əliyevçilik də öləcək


Bu gün Azərbaycanın 3-cü dövlət başçısı Heydər Əliyevin vəfat etdiyi gündür (bəzi iddialara görə onun vəfat tarixi 31 iyuldur). O sağ ikən belə bir illuziyalar vardı ki, heç vaxt ölməyəcək. Konkret sitat da verə bilərəm. "O ölməyəcək, İsa Peygəmbər kimi qeyb olacaq "( Milli Dövlətçilik partiyasınn sədri Sabir tanrıverdiyev).
O xəstəxana da olarkən yapçılar üzlərinin qırmızı yerinə salaraq ölümün ondan yan keçəcəyini bəyan edirdilər.
Nə oldu? Heydər Əliyevə görə təbiət qanunlarını dəyişmədi, o vəfat etdi.
Bunları ona görə yazıram ki əmin olaq, təbiət kimi cəmiyyətin də dəyişməyən qanunları var. Bilək ki, bir gün, zülm və ədalətsizlik kimi hələ də aramızda olan əliyevçiliyin də sonu gələcək. Bir gün bu qəddar, yalan və talan üstündə qurulan səltənət də çökəcək. O zaman bizə "YAP dünənin, bu günün, sabahı partiyasıdır" sözləri düşük lətifə təsiri bağışlayacaq

10.12.11

Əli Kərimli dedi ki..


 AXCP sədri Əli Kərimlinin bu gün bir dəyirmi masada ölkəmizdə insan haqlarının kütləvi pozuntuların səbəbləri barədə çıxışını dinlədim. O, əsas səbəbkar Əliyev rejimidir dedi, amma...

" Tək rejimlə məsələ kifayətlənmir. Mən Azərbaycanda hüquq mühafizə orqanlarının vəziyyətini qabartmaq istəyirəm. Azərbaycandakı rejimlərdən də sərt rejimlərin tarixini araşdırmışam. Hətta Cənubi Afrikadakı aparteit rejimində məhkəmələr bir çox hallarda həmin o aldıqları sifarişlərin icrasından  imtina ediblər. 
Hindistan İngiltərənin müstəmləkəsi olanda məhkəmələr yuxarıdan gələn  sifarişlərini yerinə yetirməkdən imtina edirdilər.
 Pakistanda bu yaxınlara qədər xuntaya qarşı mübarizənin önündə hakimlər gedirdi, iradə qoyurdular.  Bunları niyə qabardıram? Əlbəttə, bizdəki rejimin nə qədər yaramaz olduğunu, mənfur və geri zəkalı olduğunu biz də dünya da bilir. Amma bu fakt bütün toplumu məsuliyyədən azad etməməlidir”.

Şərin qulluqçularını utandırmalıyıq

AXCP sədri dedi ki, ictimai-siyasi fəallar şərə xidmət edən insanları utandırmaqdan əl çəkməməlidir: “ Azərbaycanın hüquq-mühafizə orqanlarında çox ciddi aşınma var. Bu aşınma yalnız peşəkarlıqla bağlı deyil, ən əsas insanlıq amili ilə bağlıdır. Elə edilməlidir ki, belə insanlar hərəkətlərinə görə öz ailəsi, qohumları, yaxınları arasına çıxa bilməsin”.

9.12.11

Rüşvətxorluq

Dünya ölkələrində korrupsiyanın miqyasını müəyyənləşdirən “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına görə, 183 ölkə arasında ən çox korrupsiyalaşanı Somalidir.
 Bu ölkənin adı yəqin, qulaqlarınıza tanış gəldi. Yanılmamısınız, insanları bir tikə çörək üçün dünyaya əl açan Somali...


Hesabatda biz korrupsiyanın səviyyəsinə görə qonşularımız Ermənistan və Gürcüstandan bərbad durumdayıq. 183 dövlət arasında Azərbaycan 143-cü, Ermənistan 129-cu, Gürcüstan isə 64-cü yerdə qərarlaşıb. 

“Beynəlxalq Şəffaflıq”ın son hesabatı Azərbaycanda rüşvətxorluğa legitimlik qazandıranların bir ciddi arqumentini də əllərindən alıb. Bizimkilər Ermənistanın və Gürcüstanın korrupsiya siyahısında bizdən yuxarıda olmasına nə deyirdilər? Deyirdilər ki, o ölkələrdə  pul az olduğundan, iqtisadi proseslər və buna bağlı olan rüşvət də azdır. 


Somali nümunəsi bu “arqumenti” darmadağın etmədimi? Hər halda, ən cığal adam da razılaşacaq ki, Somalidə pul qonşularımızdan azdır, iqtisadi proseslər yerlə sürünür. Yuxarıdakı “arqumentə” inansaydıq, onda Somali “Beynəlxalq Şəffaflıq”ın hesabatındakı yerini 180 dərəcə dəyişməliydi.

Hesabatda öncüllük Norveç, Isveç, Danimarka kimi proqressiv və demokratik Qərb ölkələrinə məxsusdur. Indi ritorik sual yaranır: necə olur ki, “dünyanın hər yerində rüşvət ola-ola” Qərbin demokratik ölkələrindəki insanlara firavanlıq, bizdə isə fəlakət yaradır?

8.12.11

AXCP sədrləri

AXCP-nin ilk sədri Əbülfəz Elçibəyi Əliyev hakimiyyəti düz 4 il faktiki ev dustağı kimi cəmiyyətdən təcrid etməyə çalışdı.  Elçibəyin Kələkidən Bakıya gəlməsinə, böyük siyasi proseslərə qoşulmasına imkan vermirdilər. 
AXCP-nin ikinci sədri Əli Kərimlinin isə 6-cı ildir ki, ölkədən çıxması rəsmən yasaqlanıb. Ona da absurd səbəblə pasport verilmir. Bunu bilməyiniz gərəklidir

5.12.11

İlham Əliyev niyə belə oturur?

Dövlət başçısı İlham Əliyevin oturuşu bütün azərbaycanlıları narahat edən məsələyə çevirilib. Bu elə bir məsələdir ki, desəm  öldürərlər, deməsəm ölləm.
Hamı xısın-xısın bundan danışır, hamı izah axtarır; axı o niyə belə oturur? Niyə?
Gecə mən NLP məqalələrindən deyəsən, tapdım bu sirrin açmasını . O məqalədə göstərilir ki, qolları və ayağı çarpazlaşdıraraq oturmaq, insanın daxili narahatlılığından, özünə inanmsızlığından və müdafiə olunma taktikası seçməsindən xəbər verir. Bunun əksi isə adamın daxilən rahat, sakit və hücumçu olduğuna əlamətdir.
Beləliklə, çox güman ki, İlham müəllim yuxarıdakı məlumatdan xəbərdar olaraq, daxili gərginliyini, qərarsızlığını rədd etmək üçün ifrat formaya əl atır və belə oturur. yəni onun bu oturuşu əslində təbii deyil, öz hisslərini maskirovka etməkdir.

Mənim qənaətimi filosof Ağalar Məmmədov da öz yazısında təsdiqləyıb. Ondan sitat: "Rəsmi görüşlərdə İlham Əliyevin oturuşuna fikir verin. Doğrudanmı onun ətrafında bir nəfər tapılmır bu adama deyə bilsin ki, heç olmasa rəsmi görüşlərdə ayaqları kor bucaq qədər aralayıb oturmaq bəsitlik göstəricisidir?! Bu oturuşun tərcüməsi belədir: “Əcəb eləyirəm!”
Mərc gəlirəm ki, xalqımız kresloya yayxanan prezidentinə baxıb, öz dövlətinin nə qədər güclü olduğuna inanır! Halbuki, bu “ağanəzərəmlik” nümayişi əslində natamamlıq kompleksinin ifadəsidir".

3.12.11

Füzulinin betər seksitliyi

Gözünə döndüyüm SSRİ-nın belə bir cəhəti vardı; ən çətin mətləbləri ən sadə dildə geniş xalq kütlələrinə çatdırmaq üçün kitablar buraxardı. Yəqin ki, çoxlarınızın evində o vaxt çıxarılan "Kimya hamı üçün", "Radio-bunu bilməyə nə var". "Kvant fizikası sadə izahlarda" və s bu kimi kitablar olub və ya var.

Mən özümü SSRİ ilə eyniləşdirəcək qədər təkəbbürlü saymıram, sadəcə günlərin bir günü o azman dövlətin təcrübəsində yaralanmaq keçdi ağılımdan. Bu o zaman oldu ki. mən ustad Məhəmməd Füzulinin "Leyli və Məcnun"nu neçənci dəfəsi oxudum.

Oxudum və fikirləşdim; görəsən bütün azərbaycanlıların öydüyü bu əsərdən əslində nə qədər adam agahdır. Mənə görə bu rəqəm lap azdır. Xeyr, mən heç də hansısa qəzəldə hansısa incəlikdən mətləb anlayanları düşünmürəm. Mən bu möhtəşəm əsəri lap bəsit formada insanlarımızın çoxunun bilmədiyini iddia edirəm və buna görə də o əsərin maraqlı bildiyim hissələrini vaxt etdikcə "Vaqifin şirin dilində" yoldaşlarımla paylaşmaq qərarını verdim.
Beləliklə, "Leyli və Məcnun" biz orta məktəbdə oxunanda qadın hüquqsüzluğunu ifşa edən əsər kimi təqdim edilirdi. Bildirilirdi ki, Füzuli qadınların 5-ci sort insan sayılmasına göz yaşı töküb, saçlarını bu dərddən ağardıb. Oysa bunun səhv olduğunu ustad əsərdə təkzib edir və qadınları görün hansı formada aşağılayır.
Füzuli qızları neyçün adam yerinə qoymayıb?
Füzuli yazır ki, oğulsiz insan yox kimidir. İnsanı ölümsüz edən oğludur. Bəşərin və dövranın əsası və qaydası budur.
 Can cövhərinin əvəzi övladdır. Övladı olanın dünyada adı qalır. Xoş o kəsdir ki, övladdan yaryıb; qabiliyyətli oğlu var, dünya dəsgahını onunla bəzəyir, hörməti, izzəti onunla qazanır (şeirin ana dilimizə uyğunlaşdıran N. Rzadır)
Orjinalda şeir aşağıdakı kimidir
Fərzəndsiz adəmi tələfdir,
Baqi edən adəmi xələfdir
Nəsl ilə olur bəqayi-insan,
Nəzmi-bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad;
Övlad qoyan, qoyar həmin ad.
Xoş ol ki, xələfdən ola xoşdil,
Dünyada bir oğlu ola qabil.
Pirayəsi ola dəstgahə,
Sərmayəsi ola izzü cahə.