21.11.11

Türkiyə 2: oxumaq və istirahət üçün ucuz ölkə

Azərbaycandan çıxmağa 5 manat bəs edirmiş...

ikinci yazı 

Naxçıvan avtovağzalında mindiyimiz avtobusu Iqdırda dəyişirik. Iqdır Türkiyənin Naxçıvana ən yaxın şəhəridir. O qədər yaxındır ki, Naxçıvanın mərkəzindən ora getmək üçün 5 manat yol haqqı ödəmək bəs edir. Yeri gəlmişkən, Naxçıvandan Təbrizə də gedişhaqqı 5 manatdır. Bu barədə elanı oxuyanda “facebook”da yazmışdım ki, Təbrizin bu qədər yaxın olduğunu ilk dəfədir duyuram. Iqdırlıların çox kaloritli ləhcəsi var. Bu ləhcə özündə Naxçıvan, Güney Azərbaycan və Türk danışıq tərzlərini cəmləyib.

Afərin, Azərbaycan publisistikasına!

Kayseri
Iqdıra çatar-çatmaz, qəzet aclığımı həll etdim. Köşkdən biri 25 qəpiyə olmaqla, 3 qəzet alıb Kayseriyə gedən avtobusa əyləşdim. Hələ ki, avtobus yola düşməyib, sizə Türkiyə qəzetlərindən danışım. Türkiyənin, sağı, solu, mərkəzi təmsil edən istənilən qəzeti bizim ən tirajlı, ən populyar qəzetlə müqayisədə çox xoşbəxt görünür. Türkiyədə qəzetlərin səhifələri reklamın içində “itib-batır”. Bu üzdən sizin 16 səhifəlik “Azadlıq” qəzetini oxumağa sərf etdiyiniz zamanla 64 səhifəlik “Hürriyet”i oxumaq vaxtınız təxminən eyni olur. Azərbaycanda olarkən Türkiyə qəzetlərilə əsasən köşə yazıları səviyyəsində tanış olurdum. Türkiyədə isə “Hürriyet”dən “Zaman”a qədər çoxlu sayda qəzeti tam olaraq incələmək imkanım yarandı. Açıq yazmalıyam ki, məhdud və ağır şərtlər altında çalışmalarına baxmayaraq, Azərbaycan jurnalistlərinin bazara çıxardıqları məhsul qonşu ölkədən geri qalmır. Adi bir fakt: Mən Türkiyədə olarkən Ilham Əliyev Izmirə gedərək Rəcəb Tayyib Ərdoğanla qaz müqaviləsi imzaladılar. Bu müqavilənin mahiyyəti barədə yalnız “Posta” qəzeti nəsə balaca bir şey yazmışdı, qalanları ancaq orada kimin nə danışdığını iri fotolarla oxucularına təqdim etmişdilər. Həmin müddətdə isə bu anlaşmanın “ciki-biki”nə “Azadlıq”, “Yeni Müsavat” və “Bizim Yol” qəzetləri kifayət qədər yer ayırmışdılar, ekspertlərin, siyasilərin fikirlərini öyrənmişdilər.

Adambaşına düşən kafe və kitabxana sayı

Bizim əlçatmaz hesab etdiyimiz oxucu sayına və reklam səviyyəsinə baxmayaraq, Türkiyə yazarları da hallarından məmnun deyillər. Məsələn, “Hürriyet”in bir müəllifi iş adamlarına, az qala it abırı vermişdi ki, nə üçün R.T.Ərdoğana anasının vəfatına görə başsağlığı verməyə basırıq yaradırdınız, amma PKK-ya qarşı əməliyyatda şəhid olanların ailələrinə başsağlığı (nekroloqlar Türkiyə qəzetlərində böyük həcmdə və bizdəkindən fərqli - şablon ifadələr işlədilməyərək verilir - red.) verməkdə həvəssizsiniz. “Taraf” qəzetinin müxbiri isə türklərin mütaliə səviyyəsinin aşağı olmasını bir statistika əsasında ağır sözlərlə tənqid etmişdi. O yazır ki, Türkiyədə 1412 kitabxana, 570 min isə kafe var. Bu da o deməkdir ki, 49 min vətəndaşa 1 kitabxana, 122 vətəndaşa isə bir kafe düşür.

Bunları bizə irad tutdular!

16 saat yol gedəcəyimiz avtobus ilk andan sanki “qadağalar kamerası” idi. Avtobusun binəva nəzarətçisi bizim azərbaycanlılardan daha nə çəkmədi?..
Nəzarətçinin birinci iradı: Abilər, lütfən bir az yavaş konuşalım...
Ikinci: Abilər, lütfən telefonunuzu səssiz edərmisiniz?..
Üç: Abi, avtobusda bira (pivə - red.) içmənizə izn yox!
Dörd: Abilər, avtobusun yola düşmə vaxtıdır, durarmısınız?.. (yeməkxanadan qalxmaq istəməyən bizimkilərə)
Beş: Abilər, çəkirdəkə (günəbaxan tumu çırtlamağa - red.) izn yox!
Altı: Abilər, lütfən ayaqqabınızı geyiniz, rahatsızlıq verirsiniz (kimsə ayaqqabısını çıxarır, ətrafa pis qoxu yayılmasına tutulan irad - red.).

Bizim millət düzələndi...

Sadaladığım iradları oxuyarkən əsəbiləşəcəyinizə adım kimi əminəm. Tələsməyin, imkan verin, insanlarımızı tərifləmək üçün sizə əsas verim. Bəli, iradlar hamısı haqlı idi, bizimkilər ucadan danışır, telefonları susmur, oturanda durmaq istəmirdilər və s. Önəmli olan tutulan iradlara reaksiyalardır; siz məndən soruşun, tum çırtlamağa, pivə içməyə, ayaqqabını çıxartmağa icazə olmadığını biləndən sonra kimsə bu qadağanı pozmağa səy göstərdimi? Xeyr. Bu hal “bizim millət düzələn deyil” söyləyənlər üçün əlimdə çox güclü arqumentə çevrildi. Demək, yetər ki Azərbaycan insanının intizamlı həyat sürməsinə xidmət edən bir idarəetmə olsun. O zaman biz də çoxlarına örnək olacaq insanlara çevrilərik.

Onların və bizim üstünlüyümüz

Bir neçə kəlmə də sərnişinlərə göstərilən diqqət barədə. Əslində, yuxarıdakı iradlar sərnişinlərin rahat şəraiti üçün idi. Bu, heç də sürücünün səlahiyyətindən istifadə edib öz diqtəsini etməsi demək deyildi. Türkiyə avtobusu çiçək qoxuyurdu, 3-4 saatdan bir dayanacaqlarda avtobus çöl tərəfdən çirklənib-çirklənməməsindən asılı olmayaraq, yuyulub təmizlənir. Biz bu nümunəvi xidməti yol kənarında yemək üçün düşdüyümüz kafelərdə də gördük. Azərbaycanda səfərə çıxan hər kəsə yol kənarındakı kafelərimizdə olan dələduzluq, natəmizlik bəllidir. Bizim ölkədə yol kənarında oturub bir tikə çörək yemək hesabda 100 faiz aldanılacağına könüllü razılaşmaqdır. Yeməyin keyfiyyətindənsə, ümumiyyətlə, danışmağa dəyməz.
Türkiyədə kafelərdə diqqətimi çəkən məqamlardan biri yüzlərlə insana eyni anda panikasız şəkildə xidmətin təşkil edilməsi idi. Müştərilər qarışqa kimi qaynayır, buna baxmayaraq, stolların üstü ildırım sürətilə təmizlənir, sirafişlərin icrası üçün dəqiqələr itirilmirdi.
Haqlarını yeməyək, yol kənarındakı kafelərimizin də Türkiyədəkilərdən bir üstünlüyü var. Endiyimiz kafelərin hamısında ayaqyolu pullu idi. Şükür ki, bu zərərli hal, bizim tərəfə gəlib çıxmayıb.

Çay

Türkiyənin bu qəribəliyini də gördüm, az qala hər yerdə sizə pulsuz çay (onlar buna “çay ikram etmək” deyir - red.) təklif edir. Çayın bu qədər əlçatan olmasına baxmayaraq, kafedə bir balaca stəkan çay üçün 1 lirə (təxminən 50 qəpik - red.) ödəmək lazımdır.

Kayseri

Bu şəhər məşhur Memar Sinanın, hazırkı prezident Abdulla Gülün şəhəridir. Kayserililər ticarətcanlı olması ilə tanınır. Dostlarımdan biri ora gedərkən məni xəbərdar etmişdi: ehtiyatlı ol haa, onlar eşşəyi boyayıb adama dana əvəzinə satanlardı...
Ancaq mən sizin ürəyinizə su səpə bilərəm. Azərbaycandakı kimi dələduz satıcılar bəlkə də dünyanın heç bir yerində yoxdur, bizimkilərin yanında kayserililər “imam övladı” kimidir. Mənim isə zatən alış-veriş imkanım və planım olmadığından qayğım az idi.

Üzün gülmürsə...

Kayserililərin isə könüllərini ticarətə verdiyini bu şəhəri tanımaq üçün aldığım kitabdakı biznes haqda deyimlərindən öyrəndim. Onlardan paylaşım, bizimkilər də bilsin: “Üzü gülməyən, dükan açmasın”, “Cəhənnəmə gedən dönər, itirdiyiniz müştəri yox”, “Pulunu itirən etibarını da itirər”...

Örtülü bazar dostluğu pozmurmuş...

Kayseridə Cümhuriyyət meydanı ilə üzbəüz qala divarları, onun içində isə Türkiyənin ikinci böyük “Qapalı çarşı”sı var. “Qapalı çarşı”da ucuzluq göz qamaşdırır. Bizə 30-40 manata satılan malları 5-6 manata alırsan, hələ bir, sənə çay da ikram edirlər.
Orada Çin mallarının yerli bazara müdaxiləsinin səviyyəsi ilə maraqlandım. Satıcılar deyir ki, keçən ildən hökumət daxili bazarın qorunması üçün Çin mallarına əlavə vergilər yükləyib, ona görə də indi satışda onlar əhəmiyyətli dərəcədə azalıb.
Türkiyə bazarında maraqlandığım birinci qiymət ətlə bağlı oldu. Çünki mətbuatda ətlə bağlı çoxlu yazılar oxumuşdum, bu problemi çözmək üçün hökumətin ayrıca proqram qəbul etdiyini də bilirdim. Öyrəndim ki, baha olan mal ətidir, Kayseridə onun qiyməti 18 lirədən (təxminən 9 manat) başlayır, bəzi yerlərdə 20 lirə olduğunu da söyləyənlər var. Toyuq əti isə hədsiz ucuzdur. Səhv etmirəmsə, 1 manat.
Hiss edirəm ki, Seymur Baycanın romanlarındakı kimi, yeyib-içmək məsələsinə çox diqqət ayırıram. Bu, sonuncudur: ət baha olsa da, nə hikmətdirsə, ətdən hazırlanan nemətlər bizdəkindən ucuzdur. Məsələn, 70 qəpiyə aldığımız toyuq dönəri keyfiyyət və həcminə görə azı iki Bakı dönərinə ekvivalentdir.

Siqaretin tüstüsü kimi, qiyməti də canları yandırır

Türkləri qiymət sarıdan inlədən daha bir məhsul siqaretdir. Çəkən yoldaşlarımızın müqayisəsinə görə, Bakıda 1 manata olan siqaretlər orada 4-5 manataydı. Ayağımız düşərli oldu ama, orada olduğumuz zaman hökumət siqaret qiymətlərinə vergini azaltdı, bu isə qiymətdə nəzərəçarpan endirim yaratdı. Siqaret çəkənləri narazı salan başqa bir hal isə qapalı məkanlarda siqaret çəkmək yasağının olmasıdır. Bu yasağa əksər hallarda əməl olunur. Bu yasağı pozanlar üçünsə 69 lirə (təxminən 35 manat) cərimə var.

Yazının davamın bura tıklayaraq oxuya bilərsiniz

P.S. Kiçik bir müşahidə qətiyyən böyük bir ölkə haqqında ümumiləşdirilmiş xarakteristika sayıla bilməz. Müəllif oxuculardan dönə-dönə bunun nəzərə alınmasını xahiş edir