13.11.11

Tural Abbaslının evini yandıranlara


Can Yücel siyasi baxışlarına görə həbslər yaşayan bir türk şairdir. O, bir şeirində V. İ. Leninin "kommunizm elektriklənmiş sosializmdir" fikirini xatırladaraq, ironik formada yazır ki, yəqin bu tərifə arif olduqlarından  Türkiyədə işgəncə üçün solçu siyasi məhbusların oqranlarına elektrik qoşurlar.

Vicdan məhbusu Tural Abbaslıgilin evlərinin 5-ci dəfə yandırıldığını eşidəndə Cansayağı düşündüm: Tural bu ölkəyə hərarət, işıq, insanlarımızın öləziyən ruhuna od-alov qatmaq üçün çalışan gənclərdəndir. İndi onun uca amalını hakimiyyət hərifi formada gerçəkləşdirmək istəyir; onun evini yandırıb ətrafa od-alov yaymaqla.
Tural Abbaslıgilin evlərinin yandırılması siyasi bir qəsddir, kimsə bunu təbiət hadisəsi, ay nə bilim texniki qəza kimi dəyərləndirirsə, vicdan məhfumu beləsi üçün yaddır.


Turalgilin evinin 5 dəfə yandırılması da təsadüfü deyil. Gənc Abbaslı hakimiyyətin atasına elə od vurub ki, onun əvəzini 55 dəfə evi yandırmaqla da çıxmaq olmaz.

Evin yanması, yandırılması bir ailə üçün müsibətdir, ancaq daha ağır müsibət Azərbaycanda öz opponentləri ilə 12-13 cü əsr təfəkkürü ilə davranan iqtidarın olmasıdır. Biz kinolardan görmüşdük; qalib ordu, məğlub tərəfin ev-eşiyinə od vurub yandırardı. Əlbəttə, bizim müqayisədə qalib, məğlub anlayışları heç yerinə düşmür, çünki Əliyevçi hakimiyyət qələbədən, qalib psixologiyasından çox-çox uzaqdır. Biz adi həyat hadisələrində qalibləri tez- tez görürük. Əsl qələbə qazanan insana agayanalıq, əfəndilik xasdır, belələri cılızlıqdan uzaqdır. Daha bizimkilər kimi quldurcasına qısascılıq etmirlər.

Mən onu bilirəm ki, bundan sonra 55 dəfə yandırsalar da, T. Abbaslı evsiz qalmayacaq, ancaq bu alçaq işi edənlər günlərin birində nəinki evə, son mənzilə də həsrət olacaqlar.
 Bunu biz Ben Laden və Qəzzafinin misalında lap təzəliklə görmüşük...