15.11.11

Akademiklər: Əliyev və Əli Insanov

Akademik Rafiq Əliyevin işdən çıxarılmasına etiraz etmək az qala, moda dönüb. Nə qədər ictimai fəal zəng edir, məktub yazır, onların müdafiə xarakterli çıxışlarını qəzetdə işıqlandırmağı xahiş edir. Dəfələrlə yazıldığı kimi, hökumət “qaş düzəltdiyi yerdə göz çıxarıb”. Mənsə bu haqda yox, başqa bir yaddan çıxan məqamdan söz açmaq istəyirəm.
Rafiq Əliyevi işdən çıxarıblar, onun elmi titulunu əlindən almayıblar. Beş il öncə isə Azərbaycanda bir akademiki - Əli Insanovu həm titulundan, həm də 11 il azadlıqdan məhrum etdilər. Doktor Insanovun müəlliflik etdiyi kitablar faşistcəsinə dərsliklərdən çıxarıldı. Insanovun elmi titulunun geri alınmasına onun “can deyib, can eşitdikləri”, məsələn, təhsil naziri Misir Mərdanov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov belə, “Amin” söylədilər. Doktor Insanov məhkəmədə Əliyevçi rejimi parlaq tərzdə ifşa etsə də, 2-3 müxalifət qəzetindən başqa kimsə onu müdafiə etmədi. Rafiq müəllimlə bağlı isə 180 dərəcə fərqlilik görürük. Bu, heç də Rafiq Əliyevlə Əli Insanovun şəxsi keyfiyyətlərinin fərqliliyindən irəli gəlmir. Əlbəttə, Azərbaycan cəmiyyəti Rafiq Əliyevin korrupsioner və klançı təfəkkürdən uzaq olan ziyalılığının fərqindədir. Buna baxmayaraq, müdafiələrin fərqini mən başqa məsələdə görürəm.


Birincisi: Hər sözün öz məqamı var, söz isə məqamında deyiləndə təsirlidir. Onunçündür ki, məhkəmə zalında doktor Insanovun şir kimi nərə çəkməsi və son dərəcə cəsur anti-rejim fikirləri Rafiq Əliyevun həlim, hətta deyərdim ki, mücərrəd müxalifyönlü fikirlərindən daha az təsirli oldu.


Ikincisi: Şərlə çiyindaşlıq etmək bütün insani keyfiyyətlərin dərəcəsini azaldır, eləcə də sözün çəkisini. Şərin əsgərisənsə, ən bəlağətli çıxışın belə, ikrah yaradacaq. Şərin yükünü bir gündə çiyinlərindən atmaq müşkül məsələdir. Beləsi sözlərinin doğruluğuna əminlik yaratmazdan əvvəl insanlara dəyişdiyini, “daha o adam” olmadığını sübut etməlidir. Rafiq Əliyevin belə bir qayğısı yox idi, o, zatən həqiqətpərəstdir.
Həqiqətə xidmət etmək isə insana müstəsna üstünlük verir. “Həqiqət yaxşı şeydir. Həqiqət ona xidmət edənlərin qüsurunu düzəldir” - bunu Çernişevski “Nə etməli?” romanının müqəddiməsində yazırdı.