30.11.11

2 aprel və 1 manat

2 apreldə firavanlıq, ədalət və demokratiya istəyən insanlar Ictimai Palatanın çağırışı ilə küçələrə çıxdı. Onları nə polis dəyənəyi qorxutdu, nə də eybəcər avtoritarizmin basqıları...


Bu insanlar 2 apreldə Azərbaycan xalqına atılan şəri yalanladılar; göstərdilər ki, xalq ölməyib, monarxiya ilə qardaşlaşmayıb, demokratik mübarizədən əl götürməyib.


2 aprel sabah inamın dirçəldiyi gündür. Hamıya bir daha aydın oldu ki, azərbaycanlılar kənardan zahirən nə qədər miskin, üzüyola, fağır və mağmın görünsə də, onlar təslim olmaq fikirində deyil. Ilk fürsətdəcə azərbaycanlılar bu rejimlə hesablaşmağa hazırdır.


 Ilham Əliyevin qulaqları yağır edən yeddi yüz minlik yeni iş yerləri, allı-güllü körpülər haqda çıxışlarının heç biri şərə simpatiya yaratmayıb. Burada qəribə bir şey də yoxdur. Heç azərbaycanlıların Ilham Əliyev və onun komandası ilə cığal bir intriqası da yoxdur. Insanlar rahat yaşayış istəyir, ədalət və azadlığa tamarzıdılar. Insanlarımız zəhmətlə çörək qazanmaq imkanından məhrumdular və anlayırlar ki, onlara bu sitəmi məchul bir xarici qüvvə, Azərbaycanı istəməyən yaman qonşulardan daha çox əliyevçi rejim yaradır.


2 apreldə avtoritar rejimə vurulan zərbənin hesabı indi bizim məhbəsdəki yoldaşlarımıza kəsilib.
 Indi sıra bizə yetişib. Xüsusilə o adamlara ki, aksiyalara müəyyən səbəblərdən çıxa bilmir, ancaq hər dəfə “ürəyim sizlərlədir, eşq olsun” kimi sözlərlə gün keçirirlər.


Dostlar, Ictimai Palata siyasi məhbusların ailələrinə və özlərinə maddi dəstək olmaq üçün bir fond yaratdıb. Indi heç kimdən xüsusi fədakarlıq və qəhrəmanlıq tələb edilmir. O hesabla tanış olmalı və ora hər kəs bacardığı qədər yardım etməlidir. Bu, bir vətəndaşlıq borcudur. Sizin bir manat yardımınız belə, önəmlidir. Bir manat yardımdan boyun qaçırmaq üçün elə bilirəm, kimsə nə bəhanə axtaracaq, nə də səbəb..


İctimai Palatanın Siyasi Məhbuslara Yardım Fondu

Access Bank


Müştərinin kodu 030 000002474


Hesab nömrəsi 001030241000029663 AZN


001030242000021367 USD


001030243000003661 EUR

29.11.11

Şair, hökmdarın hüzurundasan!!!

Turan Cavid Heydər Əliyevlə
Bu iki fotoya (başdakı və sondakı) diqqət yetirmənizi istərdim.
Birinci fotodakı xanım mərhum şairimiz Hüseyn Cavid əfəndinin qızı Turan Caviddir. Onun duruşunu görürsünüzmü? Əlləri cibində, Heydər Əliyev qarşısında ərimədən, əzilib bükülmədən tam bir şəxsiyyət!!! Ola bilər siz bunu etikasızlıq kimi də qiymətləndirəcəksiniz, öz işinizdi, mənsə bunu cavidana bir hərəkət sayıram. Turan xanımın atası da belə idi, hökmdarlar önündə sınmadı.
Və ikinci fotoya baxırıq. Anar və mərhum Qabil Heydər Əliyevin önündə. Əlləri öndən düyünlənmiş, boyunları da kölə kimi bükülü. Onlar hökumdarın hüzurunda həmişə əli-dilibağlı, boynu bükük olublar.

Fərqi siz də hiss edirsiniz deyilmi???
Onlar hökmdarın hüzurunda həmişə əli bağlı boynu bükükdürlər

28.11.11

Minlərlə azərbaycanlıya qucaq açan və qovan ölkə-Türkiyə


Yeraltı keçid

sonuncu yazı, əvvəli olub

Deportasiya olan qadınlar 1000 manat rüşvət hesabına Türkiyəyə keçdiklərini iddia edir

Mənzilləndiyimiz Kayseri əhalisi dindarlığı ilə seçilir. Bunu hicablı xanımların əksəriyyət təşkil etməsi və az qala hər addımda gördüyüm məscidlərə əsasən yazıram. Memar Sinan öz şəhərini də kəramətindən əskik etməyib. Kayserinin mərkəzi sayılan Cumhurriyət meydanının yaxınlığında onun əl işi olan “Kurşunlu Came” ucalır.  Kurşunlu Camenin arxa tərəfində bir yeraltı keçid var, dövlət başçısı İlham Əliyevin xətirnə dəysə də, bu keçidlə bağlı bir xatırlama edəcəyəm.

Yeraltı keçid də ölkənin avtoritar yoxsa demokratik olduğuna sübutdur

Bakıda bilirsiniz, hətta sovetlərin tikdiyi keçid tmir olandan sonra qırmızı lentə bürünür və İlham Əliyev onun qırımızı lentini kəsir, üstəlik keçidin ən gözəgəlimli yerinə öz adını, mərhum atasının isə “müdrik kəlamlarını” yazdırır. Kayseri keçidinin üzərində isə yalnız bu keçidə cavabdeh olan “Böyükşeher” bələdiyyəsinin adı və simvolu vardı. Keçid 1997-ci ildə açılıb, hazırda içərisində paltar satışı edən dükanlar var. Mən orda 10 ildir ticarət edən bir satıcıdan tam ciddiyətimlə bu keçidin açılışına o çağın preizdenti Süleyman Dəmirəlin qatılıb qatılmadığını soruşdum. Tacir təkar-təkrar məndən nə sualımı soruşduşdu və deyəsən axırda məni başdan xarab sayıb heç bir cavab vermədi...

Türk bayrağı

Dini hisslərlə paralel milli duyğuların da türkiyəlilər üçün önəmli olduğunu sezməmək mümkünsüzdü. Hətta bu hisslərin ifrata dayandığını söyləmək olar. Kayseridə elə bir bina yox idi ki. Ondan azı 10-15 qırmızı türk bayrağı sallanmasın. Qırımızı türk bayraqlarını ayaqqabı təmizləmə xidməti ilə məşğul olanların oturduqları yerdən asamasını görmək çox təsirli idi. Az keçmir bəlli olur; bayraqların PKK-ya qarşı əməliyyatda şəhid olan əsgərlərin ruhuna etiram əlaməti kimi sərgilənib.

Səssizlik

İngiltərə və ingilslərin xasiyyətindən bəhs edən “Palıd kökləri” kitabında V.Ovçinnikov ingilislərin küçədə səssiz hərəkətləri barədə maraqlı qeydlər edib. O, yazır ki, sanki gözəgörünməz səs rejissoru ingilslərin “xodunu” elə həddə alıb ki, onların danışığını başqaları eşitməsin. İngiltərədən dönədən sonra adama aydın olur ki biz o qədər hay-küyə öyrənişmişik ki, bunun heç fərqinə də varmırıq- deyə “Palıd kökləri”ndə yazır. Bu kitabı mən Kayseridə gəzərkən xatırladım. Nə
gizlədim, məndə belə düşüncə vardı ki, türkiyəlilər çox hay-küyçüdür. Bu düşüncəni yəqin ki, beynimə salan türk teleaparıcıları idi. Gümanımın əksinə onları çox səssiz küysüz gördüm. Nəhəng adam topalarının arasında elə gedirdim ki, lap Ovçinnikov yazdığı kimi, sanki onlarla aramızda səskeçirməyən divar var.
Lakin, ingislərdən fərqli olaraq türklərlə söhbət qurmaq su içmək qədər asandır. Onlar istənilən məsələdə sizə kömək, söhbət  etməyə hazırdılar. Mənə elə gəlirdi ki, azğımı açan kimi azərbaycanlı olduğumu bilərlər, deyilmiş. Ancaq az qala söhbət etdiyim hər türkün Azərbaycanla bağlı bir xatirəsi var. Şad olduğum bir məqamda bu; heç də təbliğ olunan kimi türklərin bizlərə üstən aşağı baxdığını görmədim, duymadım.
Olduğum şəhərdə avtobus və avtomobillər sıx olsa da, mən onların da siqnal səsinə həsrət qaldım. Deyilənə görə orda siqnal qadağandır. Bunu böyük hadisə kimi Bakıya çatar çatmaz dostlarıma danışdım, onlar isə mənə bizdə də belə bir qadağanın olduğunu dedilər. Qadağa var, əməl edən isə yoxdur- bu da bizim qonşu ölkədən fərqimiz.

Viza

Azərbaycandan Türkiyəyə gedənlərin sayı barədə konkret rəqəm əlimdə yoxdur. Ancaq bu rəqəm kiyafət qədər böyük olmalıdır. Türkiyəyə vizasız gediş imkanı azərbaycanlıların karına çox yarayır. Türkiyəlilərdən isə bizə gəlməyə üçün hələ də viza istənilir və bu onları çox narahat edir. Söhbət etdiyim türk ziyalıları Azərbaycanın viza siyasətini anlamaqda çətinlik çəkirlər.

Türkiyə-Naxçıvan sərhədi:qovulan azərbaycanlı qızlar
Türkiyədən qovulan azərbaycanlı qadınlar

Naxçıvan-Türkiyə keçid məntəqəsində 21  qadının heç bir etirazımıza baxmayaraq avtobusumuza mindirdilər. Onları türk polisi müşayət edirdi.  Hamısının pasportuna qara möhür vurulan bu qadınların Türkiyədən qovurdular. Niyəsini onlar əvvəlcə gizlətməyə çalışır. Məsələn, biri deyirdi ki, Vanda bərbər işləyirmi, əmək müfəttişliyi onun sənədsiz çalışdığına görə polisə təslim edib. Naxçıvan aeroportunda isə bu qadının rəfiqəsi etiraf etdi ki, “parexmaxer” kimi gətirilsə də sonrada onu insan alveri qurbanına çeviriblər və kazinoda işləməyə məcbur ediblər. “Deport” olunmuşlarda çox ötkəm danışırdılar. Az keçmir onlar atmacalara sərt bəyanatlarla cavab verirlər. Deyirdilər ki, onları yüngül həyat tərzi yaşamağa məcbur edən Azərbaycan hökumətidir, normal iş şəraiti olmadığından qadınlar pis yola gedirlər. Cəmi 24 yaşı olan X. rayonundan olan bir qadın isə az qala məni şoka saldı. O, həyatından gileyləndi-gileyləndi, axırda dedi ki, əşşi bizim camaata nə olur lap yaxşı olur, çünki çox itaətkardılar, Türkiyədəkilər isə belə deyil, bir problem olan kimi küçələrə tökülüşüb, məmurların dərsini verirlər.
Pasportlarına qara möhür vurulsa da, qadınlar o qədər də kefsiz deyildilər. “Bircə ölümə çarə yoxdur, 1000-4000 arası xərci var, yük maşınlarının arxasında pasportsuz da Türkiyəyə keçmək olur”-bunu mənə qadınlardan biri söylədi, yoldaşları da qınışaraq onun dediklırini təsdiqlədi.

İki xoş olmayan hekayət

Bizi Naxçıvana gətirən sürücünin sözlərinə görə hər həftə Türkiyədən deport olunan azı 10-15 qadını şəxsən o aeropatra daşıyır.
Türkiyə ilə uzun illərdir ticarət edən bir qadın isə başqa bir şeyə görə bizim xanımlardan mənə gileylənirdi. O deyirdi ki, qızı və bir çox qohumu türklərdə ərdədir. Tacir xanımın sözlərinə görə türk kişiləri bizim qadınlarla evlənməyə çox həvəslidirlər, allah tərəfi çox nəzakətli də ər olurlar: “ancaq bizimkilər də dinc bəndə deyillər, nə qədər qadın tanıyıram, gedir evlənir. Bir neçə aydan sonra evi oğurlayıb qaçırlar. Çox təəssüf edirəm ki, məqaləmi bu cür xoş olmayan sonluqla tamamlayıram.

YAP kimi yaramaz partiya...


Hörmətli dostlar, mən təklif edirəm ki keçmiş səhiyyə naziri, YAP-ın qurucusu Əli İnsanovu xatırlayaq. O indi 11 illik həbs cəzasını çəkir. Mən İnsanovun məhkəmə çıxışından bir sitat vermək istəyirəm, qoy onu xüsusən yap üzvü olan, yapa girməyə hazırlaşanlar oxusun və düşünsün.

"Əli İnsanov ixtiraçı alim olub, milyonlarla dollar qazanıb. Bu milyonları YAP kimi yaramaz bir partiyanı maliyyələşdirib.
..Mən həbs olunanda YAP-ın 160 min üzvü vardı. Bu 160 min YAP-çı həmin partiyanın yaradıcılarından biri olan Əli İnsanovun taleyinə baxıb nə nümunə götürəcək?

160 minlik YAP-dan nə gözləyirsiniz. Həmin o patyiya özü əzəcək sizi. Əgər o partiyanın sədaqətli üzvünün taleyi bvudursa bütün yapçılar bundan ibrət alsın".
(Ağır cinayətlara dair məhkəmə 2007-ci il 15 fevral

21.11.11

Türkiyə 2: oxumaq və istirahət üçün ucuz ölkə

Azərbaycandan çıxmağa 5 manat bəs edirmiş...

ikinci yazı 

Naxçıvan avtovağzalında mindiyimiz avtobusu Iqdırda dəyişirik. Iqdır Türkiyənin Naxçıvana ən yaxın şəhəridir. O qədər yaxındır ki, Naxçıvanın mərkəzindən ora getmək üçün 5 manat yol haqqı ödəmək bəs edir. Yeri gəlmişkən, Naxçıvandan Təbrizə də gedişhaqqı 5 manatdır. Bu barədə elanı oxuyanda “facebook”da yazmışdım ki, Təbrizin bu qədər yaxın olduğunu ilk dəfədir duyuram. Iqdırlıların çox kaloritli ləhcəsi var. Bu ləhcə özündə Naxçıvan, Güney Azərbaycan və Türk danışıq tərzlərini cəmləyib.

Afərin, Azərbaycan publisistikasına!

Kayseri
Iqdıra çatar-çatmaz, qəzet aclığımı həll etdim. Köşkdən biri 25 qəpiyə olmaqla, 3 qəzet alıb Kayseriyə gedən avtobusa əyləşdim. Hələ ki, avtobus yola düşməyib, sizə Türkiyə qəzetlərindən danışım. Türkiyənin, sağı, solu, mərkəzi təmsil edən istənilən qəzeti bizim ən tirajlı, ən populyar qəzetlə müqayisədə çox xoşbəxt görünür. Türkiyədə qəzetlərin səhifələri reklamın içində “itib-batır”. Bu üzdən sizin 16 səhifəlik “Azadlıq” qəzetini oxumağa sərf etdiyiniz zamanla 64 səhifəlik “Hürriyet”i oxumaq vaxtınız təxminən eyni olur. Azərbaycanda olarkən Türkiyə qəzetlərilə əsasən köşə yazıları səviyyəsində tanış olurdum. Türkiyədə isə “Hürriyet”dən “Zaman”a qədər çoxlu sayda qəzeti tam olaraq incələmək imkanım yarandı. Açıq yazmalıyam ki, məhdud və ağır şərtlər altında çalışmalarına baxmayaraq, Azərbaycan jurnalistlərinin bazara çıxardıqları məhsul qonşu ölkədən geri qalmır. Adi bir fakt: Mən Türkiyədə olarkən Ilham Əliyev Izmirə gedərək Rəcəb Tayyib Ərdoğanla qaz müqaviləsi imzaladılar. Bu müqavilənin mahiyyəti barədə yalnız “Posta” qəzeti nəsə balaca bir şey yazmışdı, qalanları ancaq orada kimin nə danışdığını iri fotolarla oxucularına təqdim etmişdilər. Həmin müddətdə isə bu anlaşmanın “ciki-biki”nə “Azadlıq”, “Yeni Müsavat” və “Bizim Yol” qəzetləri kifayət qədər yer ayırmışdılar, ekspertlərin, siyasilərin fikirlərini öyrənmişdilər.

Adambaşına düşən kafe və kitabxana sayı

Bizim əlçatmaz hesab etdiyimiz oxucu sayına və reklam səviyyəsinə baxmayaraq, Türkiyə yazarları da hallarından məmnun deyillər. Məsələn, “Hürriyet”in bir müəllifi iş adamlarına, az qala it abırı vermişdi ki, nə üçün R.T.Ərdoğana anasının vəfatına görə başsağlığı verməyə basırıq yaradırdınız, amma PKK-ya qarşı əməliyyatda şəhid olanların ailələrinə başsağlığı (nekroloqlar Türkiyə qəzetlərində böyük həcmdə və bizdəkindən fərqli - şablon ifadələr işlədilməyərək verilir - red.) verməkdə həvəssizsiniz. “Taraf” qəzetinin müxbiri isə türklərin mütaliə səviyyəsinin aşağı olmasını bir statistika əsasında ağır sözlərlə tənqid etmişdi. O yazır ki, Türkiyədə 1412 kitabxana, 570 min isə kafe var. Bu da o deməkdir ki, 49 min vətəndaşa 1 kitabxana, 122 vətəndaşa isə bir kafe düşür.

Bunları bizə irad tutdular!

16 saat yol gedəcəyimiz avtobus ilk andan sanki “qadağalar kamerası” idi. Avtobusun binəva nəzarətçisi bizim azərbaycanlılardan daha nə çəkmədi?..
Nəzarətçinin birinci iradı: Abilər, lütfən bir az yavaş konuşalım...
Ikinci: Abilər, lütfən telefonunuzu səssiz edərmisiniz?..
Üç: Abi, avtobusda bira (pivə - red.) içmənizə izn yox!
Dörd: Abilər, avtobusun yola düşmə vaxtıdır, durarmısınız?.. (yeməkxanadan qalxmaq istəməyən bizimkilərə)
Beş: Abilər, çəkirdəkə (günəbaxan tumu çırtlamağa - red.) izn yox!
Altı: Abilər, lütfən ayaqqabınızı geyiniz, rahatsızlıq verirsiniz (kimsə ayaqqabısını çıxarır, ətrafa pis qoxu yayılmasına tutulan irad - red.).

Bizim millət düzələndi...

Sadaladığım iradları oxuyarkən əsəbiləşəcəyinizə adım kimi əminəm. Tələsməyin, imkan verin, insanlarımızı tərifləmək üçün sizə əsas verim. Bəli, iradlar hamısı haqlı idi, bizimkilər ucadan danışır, telefonları susmur, oturanda durmaq istəmirdilər və s. Önəmli olan tutulan iradlara reaksiyalardır; siz məndən soruşun, tum çırtlamağa, pivə içməyə, ayaqqabını çıxartmağa icazə olmadığını biləndən sonra kimsə bu qadağanı pozmağa səy göstərdimi? Xeyr. Bu hal “bizim millət düzələn deyil” söyləyənlər üçün əlimdə çox güclü arqumentə çevrildi. Demək, yetər ki Azərbaycan insanının intizamlı həyat sürməsinə xidmət edən bir idarəetmə olsun. O zaman biz də çoxlarına örnək olacaq insanlara çevrilərik.

Onların və bizim üstünlüyümüz

Bir neçə kəlmə də sərnişinlərə göstərilən diqqət barədə. Əslində, yuxarıdakı iradlar sərnişinlərin rahat şəraiti üçün idi. Bu, heç də sürücünün səlahiyyətindən istifadə edib öz diqtəsini etməsi demək deyildi. Türkiyə avtobusu çiçək qoxuyurdu, 3-4 saatdan bir dayanacaqlarda avtobus çöl tərəfdən çirklənib-çirklənməməsindən asılı olmayaraq, yuyulub təmizlənir. Biz bu nümunəvi xidməti yol kənarında yemək üçün düşdüyümüz kafelərdə də gördük. Azərbaycanda səfərə çıxan hər kəsə yol kənarındakı kafelərimizdə olan dələduzluq, natəmizlik bəllidir. Bizim ölkədə yol kənarında oturub bir tikə çörək yemək hesabda 100 faiz aldanılacağına könüllü razılaşmaqdır. Yeməyin keyfiyyətindənsə, ümumiyyətlə, danışmağa dəyməz.
Türkiyədə kafelərdə diqqətimi çəkən məqamlardan biri yüzlərlə insana eyni anda panikasız şəkildə xidmətin təşkil edilməsi idi. Müştərilər qarışqa kimi qaynayır, buna baxmayaraq, stolların üstü ildırım sürətilə təmizlənir, sirafişlərin icrası üçün dəqiqələr itirilmirdi.
Haqlarını yeməyək, yol kənarındakı kafelərimizin də Türkiyədəkilərdən bir üstünlüyü var. Endiyimiz kafelərin hamısında ayaqyolu pullu idi. Şükür ki, bu zərərli hal, bizim tərəfə gəlib çıxmayıb.

Çay

Türkiyənin bu qəribəliyini də gördüm, az qala hər yerdə sizə pulsuz çay (onlar buna “çay ikram etmək” deyir - red.) təklif edir. Çayın bu qədər əlçatan olmasına baxmayaraq, kafedə bir balaca stəkan çay üçün 1 lirə (təxminən 50 qəpik - red.) ödəmək lazımdır.

Kayseri

Bu şəhər məşhur Memar Sinanın, hazırkı prezident Abdulla Gülün şəhəridir. Kayserililər ticarətcanlı olması ilə tanınır. Dostlarımdan biri ora gedərkən məni xəbərdar etmişdi: ehtiyatlı ol haa, onlar eşşəyi boyayıb adama dana əvəzinə satanlardı...
Ancaq mən sizin ürəyinizə su səpə bilərəm. Azərbaycandakı kimi dələduz satıcılar bəlkə də dünyanın heç bir yerində yoxdur, bizimkilərin yanında kayserililər “imam övladı” kimidir. Mənim isə zatən alış-veriş imkanım və planım olmadığından qayğım az idi.

Üzün gülmürsə...

Kayserililərin isə könüllərini ticarətə verdiyini bu şəhəri tanımaq üçün aldığım kitabdakı biznes haqda deyimlərindən öyrəndim. Onlardan paylaşım, bizimkilər də bilsin: “Üzü gülməyən, dükan açmasın”, “Cəhənnəmə gedən dönər, itirdiyiniz müştəri yox”, “Pulunu itirən etibarını da itirər”...

Örtülü bazar dostluğu pozmurmuş...

Kayseridə Cümhuriyyət meydanı ilə üzbəüz qala divarları, onun içində isə Türkiyənin ikinci böyük “Qapalı çarşı”sı var. “Qapalı çarşı”da ucuzluq göz qamaşdırır. Bizə 30-40 manata satılan malları 5-6 manata alırsan, hələ bir, sənə çay da ikram edirlər.
Orada Çin mallarının yerli bazara müdaxiləsinin səviyyəsi ilə maraqlandım. Satıcılar deyir ki, keçən ildən hökumət daxili bazarın qorunması üçün Çin mallarına əlavə vergilər yükləyib, ona görə də indi satışda onlar əhəmiyyətli dərəcədə azalıb.
Türkiyə bazarında maraqlandığım birinci qiymət ətlə bağlı oldu. Çünki mətbuatda ətlə bağlı çoxlu yazılar oxumuşdum, bu problemi çözmək üçün hökumətin ayrıca proqram qəbul etdiyini də bilirdim. Öyrəndim ki, baha olan mal ətidir, Kayseridə onun qiyməti 18 lirədən (təxminən 9 manat) başlayır, bəzi yerlərdə 20 lirə olduğunu da söyləyənlər var. Toyuq əti isə hədsiz ucuzdur. Səhv etmirəmsə, 1 manat.
Hiss edirəm ki, Seymur Baycanın romanlarındakı kimi, yeyib-içmək məsələsinə çox diqqət ayırıram. Bu, sonuncudur: ət baha olsa da, nə hikmətdirsə, ətdən hazırlanan nemətlər bizdəkindən ucuzdur. Məsələn, 70 qəpiyə aldığımız toyuq dönəri keyfiyyət və həcminə görə azı iki Bakı dönərinə ekvivalentdir.

Siqaretin tüstüsü kimi, qiyməti də canları yandırır

Türkləri qiymət sarıdan inlədən daha bir məhsul siqaretdir. Çəkən yoldaşlarımızın müqayisəsinə görə, Bakıda 1 manata olan siqaretlər orada 4-5 manataydı. Ayağımız düşərli oldu ama, orada olduğumuz zaman hökumət siqaret qiymətlərinə vergini azaltdı, bu isə qiymətdə nəzərəçarpan endirim yaratdı. Siqaret çəkənləri narazı salan başqa bir hal isə qapalı məkanlarda siqaret çəkmək yasağının olmasıdır. Bu yasağa əksər hallarda əməl olunur. Bu yasağı pozanlar üçünsə 69 lirə (təxminən 35 manat) cərimə var.

Yazının davamın bura tıklayaraq oxuya bilərsiniz

P.S. Kiçik bir müşahidə qətiyyən böyük bir ölkə haqqında ümumiləşdirilmiş xarakteristika sayıla bilməz. Müəllif oxuculardan dönə-dönə bunun nəzərə alınmasını xahiş edir

Deputat Jalə Əliyeva: Ay, inanamiyoorum!

Jalə Əliyeva
“Ümummilli lider haqqında” qanunun qəbul olunmasını istəyən deputat Jalə Əliyeva heç YAP-ın üzvü deyilmiş. Bu xanım yəqin, “ölməz liderin” dühasını sonradan dərk edənlərdən, bəsirət gözü gec açılanlardandı. Şair sanki bu xanım haqqında yazmışdı ki, “sağlığında qiymət verin insanlara”. 

Jalə xanımın, Rafiq Əliyevin işdən çıxarılmasına münasibətini “azadlıq.org” saytından dünən oxudum. Deyir ki, “inanmıram ki, belə bir hadisə (yəni, siyasi baxışlarına görə alimin işdən çıxarılması) baş versin”.

Bəs camaatın azarı nədir, Jalə xanım? Bizi də dəhşətə gətirən odur ki, Azərbaycanda inanılmaz hadisələr baş verir. Məsələn, elə sizin səs toplamaya-toplamaya parlamentə düşməyinizə, Mübariz Qurbanlıdan da betər yapçı olacağınıza kim inanardı ki?

18.11.11

Türkiyə yolçuluğu

Oxunub
717
Birinci Yazı 

 Naxçıvanda İlham Əliyev adına obyektlər 
 
Türkiyə gömrüyünün bərbad durumu...


Bizim ellərdə insanların belə xasiyyəti var: AzTV-də ABŞ haqqında ixtiyari epizodik xəbəri dinləyən birisi amerikaşünas alimlə Birləşmiş Ştatların xarici siyasətindən mübahisə etməyə özündə cəsarət tapır. Ana təbiət bizimkilərə xırda bir xəbərdən qlobal nəticə çıxarmaq qabiliyyəti verməkdə xəsislik etməyib. Özümü camaatımızdan ayırmaq fikrim yoxdur, ona görə də istəyirəm ki, 3 günlük Türkiyə səfərimdə görüb müşahidə etdiklərimi oxucularımızla bölüşüm. Ancaq müəllif bəri başdan xəbərdarlıq etməyi özünə borc bilir. Bu məqalə bəzilərinin sevərək işlətdiyi, “Türkiyə olduğu kimi...” təqdimatına uyğun deyil. Müəllif ancaq onun görüb-bildiklərinin həqiqət olduğuna qətiyyən iddia etmir.

Bizi ucuzluq qarşılayır

Türkiyəyə yolum Naxçıvan üzərindən keçməklə baş tutdu. Az qala, beynimizdə “nağıllar aləmi” kimi təəssüratı olan “kiçik torpağa” qədəm qoyub da, buradan nəsə yazmasam, namərdlik olardı.
Yaxşı xatırlayıram, iki il əvvəl xaricə səfər etmək üçün ilk dəfə Binə hava limanına daxil olanda “facebook”da yazdığım ilk status oradakı qiymətlərin od tutub yanmasıyla bağlı olmuşdu. Binə hava limanından Naxçıvan hava limanına enib buradakı qiymətlərlə maraqlanmaq insana ruhi rahatlıq gətirir. Naxçıvan aeroportu iaşə xidmətləri və mağazalarındakı qiymətlərin ucuzluğuna görə Bakı, Paris və Kiyevdə olduğum aeroportları qat-qat geridə buraxır. Nümunə üçün bir detal: Siz burdakı hava limanında kafedə çox səliqəli mühitdə 3 manata kifayət qədər keyfiyyətli piti yeyə bilərsiniz. Ürəyiniz istəsə, 1 manat da əlavə xərcləyib, bir çaynik də çay içərsiniz. Lakin hava limanındakı kafenin menüsündə olan bir anlaşılmazlığı nə ofisiant mənə izah edə bildi, nə də başqaları. 3 manata piti verilən yerdə Bakıda 20 qəpiyə təklif edilən kələm tutmasının qiyməti 1 manatdır.

Krossvord qəzetlərinin çiçəklənməsi...

Naxçıvan hava limanında qəzet köşkünü görəndə əzizini tapmış adam kimi onun üzərinə cumdum. Ancaq həyəcanlanmağa dəyməzmiş, burda “Azadlıq” qəzetini tapmaq Marsda su tapmaq qədər müşkül məsələdir. Səbəb sadədir - bu köşklərdə müxalifət qəzetləri satılmır! Eyni vəziyyəti Naxçıvan avtovağzalında da təkrar yaşadım. Qəzet köşklərində krossvord qəzetlərinin bolluğu və çox çeşidliliyi diqqətimi çəkdi. Əvvəl düşündüm ki, əcəba, Naxçıvan əhalisinin qarşısında həyat azmı sual qoyub ki, onlar hələ əlavə krossvord sualları ilə də başlarını yorurlar? Amma sonradan öyrəndim ki, krossvord qəzetlərinin “kiçik torpaq”da intibah yaşamasının özəl səbəbi var. Bu qəzetlər uzun Türkiyə yolçuluğuna çıxanlara məşğuliyyət üçün lazımdır.

Heydərizmdən Ilhamizmə keçid

Bilmirəm, bizim getdiyimiz yol fərqli idi, ya necə... Təəccüblənəcəksiz, aeroportdan Naxçıvan gömrük məntəqəsinə qədər getdiyim yol boyu siyasi “revanşı” bu torpaqlarda edən “dahi rəhbərin” bir dənə də olsun, nə portretini gördüm, nə də müdrik kəlamını oxudum. “Heydər Əliyev” simvollarından kasıblıq heç ürəyimi açmadı. Çünki mən burada şəxsiyyətə pərəstişin daha qorxulu və yeni variantını gördüm. Yol kənarında bizi atəşin salamlarıyla qarşılayan “Ilham Əliyev adına Idman Olimpiya Kompleksi”ni görəndə barmağımı dişlədim. Deyirlər ki, Naxçıvan avtoritarizmin laborotoriyasıdır, xalqı əzmək və kütləşdirmək üçün burada uğurla sınaqdan çıxan təcrübələr sonradan bütün ölkədə tətbiq olunur. Deməli, bizi yaxın dövrlərdə Bakıda və başqa yerlərdə Ilham Əliyev adına körpülər, saraylar, prospektlər  gözləyir.

Naxçıvan avtoritarizmi sürücülərin dili ilə...

“Dəxli yoxdur, dədən ölüb, ya nənən - hər gün üzünü qırxmalısan. Heç əsgərlikdə də belə şey görməmişdim” - Naxçıvanda taksi sürücüsü inzibati qaydada hər gün üzlərinin təraş etdirilməsindən gileyləndi. Ondan soruşuram ki, bəlkə biri dindardır, o da saqqal saxlayıb, sürücülük edə bilməz? “Əlbəttə, o yan, bu yan eləyəcək, vəhhabi kimi basacaqlar dama, gedəcək işinin dalınca”, - deyə sürücü soyuqqanlılıqla cavab verir.
Naxçıvanda sürücülərə ciddi bürokratik imic yaradan daha bir göstəriş var. Onlar hər gün kostyum geyinməli, qalstuk taxmalıdırlar.

Sürücüdən şikayət etmək olar, məmurlardan yox...

Burada taksi xidməti üçün vahid qiymət siyasəti də müəyyənləşdirilib. Sürücülərin məlumatına görə, şəhər daxilində bir manatdan artıq kimdənsə pul alsalar və həmin adam şikayətçi olsa, onların qanı getdi: “Sürücünün atasını yandırırlar. Bizi ayda bir dəfə ”QAI"yə yığıb söhbət edirlər. Müştərilərlə mədəni davranmağı-filanı tapşırırlar".
Taleyin paradoksuna bax! Mən sürücülərdən tələb olunan məsuliyyəti eşidə-eşidə düşündüm ki, görəsən, eyni prinsipləri - insanlara qarşı mədəni və nəzakətli davranmağı Naxçıvan MR-nın inzibati orqanları özlərinə niyə tətbiq etmirlər? Niyə onlar vətəndaşın şikayətinə baxmaq əvəzinə, beləsini dəlixanaya salırlar?

Hamı yerli mal alsın, xeyir Talıbovlara qalsın!

Naxçıvanda avtomobilin lüks olsa belə, onunla xidmət göstərmək şansın yoxdur. Bunun üçün Vasif Talıbov ailəsinin monopoliyasında olan və Muxtar Respublikada istehsal olunan sarı avtomobilləri almağa məcbursunuz.

Nə gündəsən, Türkiyə?

Nəhayət, Türkiyə-Naxçıvan sərhədindəyik. Bizim gömrükdən aşıb Türkiyəninkinə keçirik və koskoca, harika ölkənin təsəvvür etdiyim obrazı burada buz kimi əriyir. Qısa desək, Türkiyə gömrüyü biabırçı haldadır. Pintilik, antisanitariya, köhnə binaların miskin görkəmi məni sarsıdır. Gömrük məntəqəsindəki binalardan birinin damının tinini, Allah bilir, nə vaxtsa yük maşını vurub əzib, nədənsə onu düzəldib abıra salmağa heç kim maraq göstərmir. Azərbaycan gömrük məntəqəsinin səliqəli, təmirli otaqlarından sonra Türkiyənin tövləyə bənzər məntəqəsinə düşəndə adam çaş-baş qalır. Fikirləşirsən ki, ilahi, görəsən, təsadüfən Somalinin sərhədində deyiləm ki...
Təmir həm də korrupsiya mənbəyidir

Mən bu təzada tez-tez yolu Türkiyəyə düşən bir yoldaşdan izah istədim. O deyir ki, ümumiyyətlə, Türkiyədə dövlət binalarına pul xərcləməyə xəsislik edirlər. Daha vacib görüləsi işlər olduğu halda, daş-divara yatırım qoymağa dəyməz düşüncəsindədir, Türkiyə idarəedənləri. Bizimkilər isə təmir işlərinə təkcə estetik tələbat kimi yox, həm də korrupsiya mənbəyə kimi baxırlar. Daha çox təmir, daha çox pul mənimsəməkdir.
Bu, dostumun izahı idi, hardasa razılaşmaq olar. Amma bir məsələ ilə razılaşmaq qətiyyən mümkün deyil. Ən kasıbyana yeri də səliqə-sahmanlı saxlamaq olar. Türkiyə gömrüyü isə bunu etmir, səbəbini hələ də düşünməkdəyəm.

Şaka

Gömrük məntəqəsində pərt ovqatımı, Allah ondan razı olusun, ayaqyoluya baxan bir abi düzəltdi. Normalda iti qısqırtsan, it girməyən tualetdən istifadə üçün o, bizdən 1 Türk lirəsi (təxminən 50 qəpik) istəyəndə, mən “nədən belə bahalıq?” - deyə soruşdum.
“Qardaşım, niyə imkan vermirsən varlanıb uçaq alım?” - o, bu sözləri elə ciddiyyətlə dedi ki...
“Qardaş, səni bu arzuna çatdırmaq üçün gərək 2 respublikanın vətəndaşları bu gömrük məntəqəsində böyrəklərini çürütsün” - qarşılığı verib, yola düzəldik...

15.11.11

Akademiklər: Əliyev və Əli Insanov

Akademik Rafiq Əliyevin işdən çıxarılmasına etiraz etmək az qala, moda dönüb. Nə qədər ictimai fəal zəng edir, məktub yazır, onların müdafiə xarakterli çıxışlarını qəzetdə işıqlandırmağı xahiş edir. Dəfələrlə yazıldığı kimi, hökumət “qaş düzəltdiyi yerdə göz çıxarıb”. Mənsə bu haqda yox, başqa bir yaddan çıxan məqamdan söz açmaq istəyirəm.
Rafiq Əliyevi işdən çıxarıblar, onun elmi titulunu əlindən almayıblar. Beş il öncə isə Azərbaycanda bir akademiki - Əli Insanovu həm titulundan, həm də 11 il azadlıqdan məhrum etdilər. Doktor Insanovun müəlliflik etdiyi kitablar faşistcəsinə dərsliklərdən çıxarıldı. Insanovun elmi titulunun geri alınmasına onun “can deyib, can eşitdikləri”, məsələn, təhsil naziri Misir Mərdanov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov belə, “Amin” söylədilər. Doktor Insanov məhkəmədə Əliyevçi rejimi parlaq tərzdə ifşa etsə də, 2-3 müxalifət qəzetindən başqa kimsə onu müdafiə etmədi. Rafiq müəllimlə bağlı isə 180 dərəcə fərqlilik görürük. Bu, heç də Rafiq Əliyevlə Əli Insanovun şəxsi keyfiyyətlərinin fərqliliyindən irəli gəlmir. Əlbəttə, Azərbaycan cəmiyyəti Rafiq Əliyevin korrupsioner və klançı təfəkkürdən uzaq olan ziyalılığının fərqindədir. Buna baxmayaraq, müdafiələrin fərqini mən başqa məsələdə görürəm.


Birincisi: Hər sözün öz məqamı var, söz isə məqamında deyiləndə təsirlidir. Onunçündür ki, məhkəmə zalında doktor Insanovun şir kimi nərə çəkməsi və son dərəcə cəsur anti-rejim fikirləri Rafiq Əliyevun həlim, hətta deyərdim ki, mücərrəd müxalifyönlü fikirlərindən daha az təsirli oldu.


Ikincisi: Şərlə çiyindaşlıq etmək bütün insani keyfiyyətlərin dərəcəsini azaldır, eləcə də sözün çəkisini. Şərin əsgərisənsə, ən bəlağətli çıxışın belə, ikrah yaradacaq. Şərin yükünü bir gündə çiyinlərindən atmaq müşkül məsələdir. Beləsi sözlərinin doğruluğuna əminlik yaratmazdan əvvəl insanlara dəyişdiyini, “daha o adam” olmadığını sübut etməlidir. Rafiq Əliyevin belə bir qayğısı yox idi, o, zatən həqiqətpərəstdir.
Həqiqətə xidmət etmək isə insana müstəsna üstünlük verir. “Həqiqət yaxşı şeydir. Həqiqət ona xidmət edənlərin qüsurunu düzəldir” - bunu Çernişevski “Nə etməli?” romanının müqəddiməsində yazırdı.

13.11.11

Tural Abbaslının evini yandıranlara


Can Yücel siyasi baxışlarına görə həbslər yaşayan bir türk şairdir. O, bir şeirində V. İ. Leninin "kommunizm elektriklənmiş sosializmdir" fikirini xatırladaraq, ironik formada yazır ki, yəqin bu tərifə arif olduqlarından  Türkiyədə işgəncə üçün solçu siyasi məhbusların oqranlarına elektrik qoşurlar.

Vicdan məhbusu Tural Abbaslıgilin evlərinin 5-ci dəfə yandırıldığını eşidəndə Cansayağı düşündüm: Tural bu ölkəyə hərarət, işıq, insanlarımızın öləziyən ruhuna od-alov qatmaq üçün çalışan gənclərdəndir. İndi onun uca amalını hakimiyyət hərifi formada gerçəkləşdirmək istəyir; onun evini yandırıb ətrafa od-alov yaymaqla.
Tural Abbaslıgilin evlərinin yandırılması siyasi bir qəsddir, kimsə bunu təbiət hadisəsi, ay nə bilim texniki qəza kimi dəyərləndirirsə, vicdan məhfumu beləsi üçün yaddır.


Turalgilin evinin 5 dəfə yandırılması da təsadüfü deyil. Gənc Abbaslı hakimiyyətin atasına elə od vurub ki, onun əvəzini 55 dəfə evi yandırmaqla da çıxmaq olmaz.

Evin yanması, yandırılması bir ailə üçün müsibətdir, ancaq daha ağır müsibət Azərbaycanda öz opponentləri ilə 12-13 cü əsr təfəkkürü ilə davranan iqtidarın olmasıdır. Biz kinolardan görmüşdük; qalib ordu, məğlub tərəfin ev-eşiyinə od vurub yandırardı. Əlbəttə, bizim müqayisədə qalib, məğlub anlayışları heç yerinə düşmür, çünki Əliyevçi hakimiyyət qələbədən, qalib psixologiyasından çox-çox uzaqdır. Biz adi həyat hadisələrində qalibləri tez- tez görürük. Əsl qələbə qazanan insana agayanalıq, əfəndilik xasdır, belələri cılızlıqdan uzaqdır. Daha bizimkilər kimi quldurcasına qısascılıq etmirlər.

Mən onu bilirəm ki, bundan sonra 55 dəfə yandırsalar da, T. Abbaslı evsiz qalmayacaq, ancaq bu alçaq işi edənlər günlərin birində nəinki evə, son mənzilə də həsrət olacaqlar.
 Bunu biz Ben Laden və Qəzzafinin misalında lap təzəliklə görmüşük...

11.11.11

Şəhidlər məscidinin bağlanması Allahşükür Paşazadənin ülvi arzusu olub

2009-cu ilin aprelində  Şəhidlər Xiyabanındakı “Türk Məscidi”nı bağladılar. Rəsmi izah belə oldu ki, məscid təmirə görə bağlanıb. Bunun yalan olduğuna o zaman da əksəriyyət əmin idi. Hamı bilirdi ki, bu qapanmaının arxasında siyasi maraqlar var. Hökumətin siyasi marqlından çox yazılıb. əlavə nəsə yazıb başınızı ağırıtmayım.
Bu günlərdə kitabxanamdakı Şeyxülislam Allahşükür Paşazadəyə həsr olunan kitabı vərəqləyirdim. Bu kitab 1999-cu ildə 2 min nüxsə ilə çap olunub, onun tərtibatçısı Cavanşir Paşazadədir. C. Paşazadə ön sözdə kitabı şeyxin 50 illiyinə hədiyyə olduğunu yazıb. Kitabda Şeyx haqda bir çox məqalələr və onun verdiyi müsahibələr cəmlənib.
Müsahibənin birini oxuyanda təəccübümdən gözlərim bərəldi. Heç demə, “Şəhidlər camisi”nin bağlanmasına bu ölkədə sevinən ən birinci adam Allahşükür Paşazadə imiş.
Daha geniş şərhə yol vermədən müsahibədən bir parçanı paylaşıram.

- Mümkündürsə, xaricilərin tikdirdiyi məscidlər mövzusuna bir qədər aydınlıq gətirək.

-Xariclərin tikdirdiyi məscidlərin bizə xeyri yoxdur. Şəhidlər Xiyabanında Türkiyənin tikdirdiyi məscid dediyimə misal ola bilər. Orda Türkiyənin bayrağı dalğalanır. Nə üçün?
Əvalla xaricilərin tikdirdiyi məscidlər milli memarlığımızdan fərqlənir. Onlar milli memarlığımıza ciddi zərbə vururlar. Şəhidlər Xiyabanındakı məscidə əsasən türkiyə vətəndaşları gedirlər. Maraqlıdır, nəyə görə onlar Təzəpirdə namaz qılmırlar, Əjdər bəy məscidinə ibadətə getmirlər?!
 Türkiyəlilər bizə “ qardaşıq-qardaşıq” desələr də, kisələrini ayrı saxlayırlar. Məscidi onlar tikiblər deyə özləri də ora rəhbərlik edirlər. (səhifə 167,  “Bizim bir şeyximiz var” kitabı)