5.10.11

Azərbaycan müəllimini kim xilas etməlidir?


Bu gün müəllim günüdür.


«Xalq geniş ölçüdə təhsil almasa, dövlətin yaxşı bişməyən kərpicdən tikilmiş ev kimi dağılacağını anlamaq elə də çətin iş deyil» - deyə Çexov yazırdı.

Onun az qala 100 il əvvəl rus müəllimi barədəki fikirlərini oxuyuram: ”Müəllimlər uşaqlara təlim vermək üçün kəndə elə həvəssiz gedir ki, elə bil sürgün olduğu yerə yola düşür. O, aclıq çəkir, zəlildir, bir parça çörək pulunun əlindən çıxa biləcəyindən qorxur. Xalqı tərbiyə etmək vəzifəsini daşıyan bir adama muzd olaraq qəpik-quruş vermək mənasızdır axı.. Yol vermək olmaz ki, müəllim cir-cındıra bürünərək gəzsin, rütubətli, dəlik-deşikli məktəblərdə soyuqda titrəsin, soyuqlasın, otuz yaşına çatmamış, prostatit, vərəm başqa xəstəliklər qazansın. Bu, bizim üçün eyibdir...”

 Çexovun elə bil Azərbaycan müəlliminin portretini çəkdiyi fikirləri daha təsirlidir. Təsəvvür edin ki, bu fikirlər Maksim Qorki kimi allahsızın gözlərini yaşardıb. Gör bu mətn yuxaqəlbli Misir müəllimi nə günə qalar?

Müəllimlərimizin aqibəti kədərlidir. Ancaq onların dərdinə göz yaşı axıtmaq axmaq iş olar. Məşhur deyim var: «Hamı dəli olanda mollanın üstünə gedir, bəs molla dəli olanda neyləməli?»

Cəmiyyətdə sağlamlaşdırıcı ruhu yaradan müəllim olmalıdır. Onlarıın sayı az da deyil. Qoy əziyyət çəkib soyuqdan, az maaşdan, təhqir olunmaqdan narahatdırlarsa, yox, inqilab etsinlər yazmayacağam, “Azərbaycan müəllimi ” kimi bayağı qəzetə abunə pulu verməkdən imtina etsinlər.

Azərbaycan müəllimini kim xilas etməlidir ki...Tikintidə gününü, ən çılğın enerjisini qul kimi xərcləyənlər, ya Qaradağ karyerində çörəyini daşdan çıxaranlar? Ümumiyyətlə, o qurtuluş istəyirmi? İnanmaq istəyirdim.