20.8.11

Əyilən başlar haqqında

"2 aprel" aksiyasına görə həbs olunanların məhkəmə zallarından çəkilişə qadağa qoyulub. Cəmi bir dəfə 5 dəqiqəlik foto-çəkilişə Nəsimi rayon məhkəməsi icazə verdi. Mən də orda 4-5 kadr çəkdim.
Bu fotolar çəkiləndən sonra növbəti məhkəmədə şahid "zərərçəkmiş" polislərdən biri mənə yaxınlaşıb dedi: Qardaş, mənim yoldaşımla əyilib söhbət etdiyi yerdə fotomu vermisən. İşdə də hamı mənə deyir ki başını niyə aşağı salmısan?
Mən də dedim ki, əşi olan şeydir, bir də çəkəndə səni dik çəkərəm.
İşə qayıdanda gördüm ki, polis adətinə xilaf çıxmayıb yenə yalan danışıb. Fotodan aydın görünür ki, onlar söhbət etmir, sadəcə, sifətlərini gizləmək üçün hərəsi başını bir tərəfə əyib.
Üstəlik arxada da bir "zərəçəkən" də üznü gizlədib.
Mən bu halı çox müsbət qiymətləndirdim.
Bu adamlar alçaqlıq edir, bu şəksizdir. Ancaq görünən budur ki, onların mənəviyyatını sistem tam məhv etməyib. Utana bilirlər, sifətlərini xalqdan gizlədirlər, qürurları qalıb demək ki...
Onlar yaramazlıq etdiklərinin fərqindədirlər...
Onlar bu yaramazlığın həm də çox pis iş olduğunu anlayırlar...
Azərbaycan insanını bunca alçalmağa vadar edən rejim utansın, başı yerə girsin deyirəm...

Kim nə deyir desin, mən insanların hamısının içində ləyaqətli, qürurlu ömür sürmək kimi bir şiddətli arzunun olmasına inanıram.
İnsanların hamısı bunu istəyir. Ancaq bizim axmaq idarə etmə belə bir həyat qurmağı çox əlçatmaz edib. İndi bizim ölkədə ləyaqətini qoruyaraq, şərəflə yaşamaq müşküldən müşküldür.
Bu cür ortam dəyişsin istəyirəm.