25.8.11

Rafiq Tağıya "savadsız" deməyə dilim dönmür, bəs nə deyim?

Rafiq Tağının Elnur Astanbəyliyə cavab yazısı bəlkə də onun həyatı boyü etdiyi ən böyük qəbahətdir.

Rafiq müəllim Elnurun yazısından iyrəndiyini deyir, bəlkə də belə olub, ancaq buna görə o da mütləq bizi iyrəndirməli idi?

Rafiq müəllimin yazısı başdan ayağa hirs-hikkə, təhqir və savadsızlıqla doludur. Bu yazı özünü inkardan başqa bir şey sayılmaz.

Yazda əsas iki qiymətverici məqam var

Bir: Elnur yalançı inqilabçıdır
sitatlar: "Köşə yazmaqdan da siyasi ədəbiyyat oxumağa vaxt tapmır. İnşallah, haçansa oxuyar, bir vaxt inqilabçı olmadığını özü görər".

"Cəmiyyətdə pozitivi görməyəcək dərəcədə qabiliyyətsizdir. Şair olacaqdı, yalançı inqilabçı oldu".

İki: İnqilabçı, inqliabçılıq pis şeydir.

Sitat: " İnqilabçılıq quldurluq formasıdır".
"İnqilabçı - cəmiyyəti talan etməyə ixtiyar qazanmış quldurdur".

İndi mən o gözəl doktordan soruşmaq istərdim, doktor sizin doktor ehtiyacınız yoxdur ki? Bu nə pəhriz, bu nə tutma?

İnqilabçılıq pis şeydirsə, Elnur da inqilabçı deyilsə daha onu niyə söyürsən? Ümumiyyətlə sən ziyalı adamsan, niyə söyüş söyürsən. Özü də söyüşdən, hikkədən iyrəndiyini deyə-deyə.

Doktor siyasi savadsızlığın ənginliklərində süzərək inqilabçılığı cinayət adlandırır və böyük kəşf kimi yazır ki, hakimiyyəti dəyişmək istəyən əziyyət çəkib seçkilərə getsin.

Rafiq müəllimə dərs keçmək həddim deyil, sadəcə o bilməyə borcludur ki, Azərbaycanın əsas qanununda yazılır: hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir

Rafiq doktor bunu da bilməlidir, 2005-ci ildən üzü bəri bütün nüfuzlu beynəlxalq hesabatlarda yazılır: Azərbaycan xalqının seçkilər yolu ilə hakimiyyəti dəyişmək imkanı əlindən alınıb.

Arzu edərdim, doktor Elnura hirsləndiyi kimi, onu günahsız yerə şərləyib türməyə salanlara da qızaydı...