14.8.11

Evsiz Elçibəy

Elçibəy Kələkidə ata evində
1992-ci ilin “Ordu” qəzetindən (sentyabr sayı) o çağın daxili işlər naziri İsgəndər Həmovdovla müsahibə oxudum. Müxbir ona deyir, ictimaiyyət prezidetin ailəsinin yaşayışından narahatdır. Çünki Elçibəyin evi yoxdur, o indi harda, necə yaşayır.
Nazirin verdiyi cavab məni xeyli təəccübləndirdi. O, deyir ki, prezident qardaşıgildə, onun ailəsi isə Naxçıvanda yaşayır.
Sentyabrda Əbülfəz Elçibəy 3 ay idi ki prezident idi. Bu müddətdə o hələ ailəsi üçün ev almayıbmış...

Məmləkət dağılırsa evli yaxud evsiz olmağın önəmi yoxdur

1992-ci ildə çıxan “Deyirdim ki, bu quruluş dağılacaq” kitabında (səhifə 92) isə Elçibəy evsizliyi ilə bağlı yazırdı..
“O yerdə ki millətin hamsı kölədir, hamısı faciənin işində yaşayır və məmləkət dağılır, orda evin olub-olmaması elə bir şey deyil...
Qardaşımın evində yaşayıram. Burda ayrıca otağım var, yazıram, oxuyuram. Məndən vəziyyəti yüz dəfə pis olan insanlar var; beş balası, on balası var, nəmin, xəstəliyin içərisində, zirzəmilərdə çürüyürlər.
Mən xaricdən gələndə kağız gətirmişdim ki, növbəsiz ev versinlər. Getdim Bakı Sovetinə. Mən növbətəykən bir yaşlı qadın ora gəldi. Ordakı adam dedi qadına dedi ki, səni dinləmək də istəmirik. Qadınsa deyirdi ki, dörd nəvəm var, oğlum da ölüb. Uşaqlar xəstəlikdən ölürlər. Mənə bir quru otaq verin, uşaqları suyun içindən çıxarım. Qadın danışdı, ağladı, getdi.
Sonra məndən soruşdular ki, siz nə istəyirsiniz? Dedim ki, sizin kimi adamdan heç nə istəmirəm. Bu cür adama siz ev vermirsinizsə sizdən nə alsam xeyir görmərəm. Bir –iki ayrı söz dedim, çıxdım getdim...