31.8.11

Babək kimi Babək

“Güllədən, ölümdən qorxmayan insanı türmə ilə qorxutmaq gülüncdür”

Vicdan məhbusu, İctimai Palatanın 2 aprel mitinqində fəal iştirakına görə 1 il həbs cəzası AXCP fəalı Babək Həsənovun məhkəmədə son sözü. Hər kəsin oxuması vacibdir.

"Mən çox qısa danışacağam. Həqiqəti uzunçuluq etmədən də dərk etmək olur. Bizə verilən ittihamın qondarma olduğu hər kəsə aydındır. Bunu niyə etdikləri də bəllidir. Bizləri qorxutmaq istəyiblər. Amma səhv ediblər, özləri ilə bizi dəyişik salıblar.

Azad insanı, qəlbində azadlıq istəyi daşıyan insanı həbslə, zindanla qorxutmaq olmaz. Mən öz əvəzimdən danışıram. Mən kiməm, məni nəylə qorxuza bilərlər?!

Mən 1991-ci ilin sonlarında hərbi xidmətə çağırılan əsgər olmuşam. Xidmətimin 7-ci günü məni tağım komandirinin müavini, 2 aydan sonra isə tağım komandiri təyin ediblər. 4 aydan sonra isə artıq mən müharibə şəraitində bölük komandiri idim.

Mənim qara qaşıma-gözümə görə etmirdilər bunu, döyüşgənliyimə, mübarizliyimə görə edirdilər. Qorxmazlığıma, şücaətimə görə edirdilər. Mən diversiya qrupuna rəhbərlik etmişəm. Diversiya düşmənin yanından ötüb, onun arxasında fəaliyyət göstərməkdir.
Diversiya fəaliyyətim zamanı 11 dəfə mühasirəyə düşmüşəm. Yaralanmışam, məni ölü bilib Ağdamda bir meyitxanaya atıblar. Iki gündən sonra özümə gəlmişəm. Ondan sonra iki ay səhra şəraitində müalicə almışam. Müalicəm bitdikdən sonra mənə valideynlərimlə görüş üçün iki aylıq məzuniyyət verildi. Getmədim. Çünki səngərdə mənim dostlarım, işğal altında isə torpaqlarımız vardı. Ona görə, mən yenidən döyüşə atıldım.

Indi siz deyin, gülləni, ölümü göz altına alan insanı o dəmir qəfəslə qorxutmaq olarmı?

Biz cismimizi ruhumuza tabe etmiş insanlarıq
. Bizi cismani əzabla qorxutmaq olmaz.

Mən dindar olduğum üçün istəyirəm baş verənlərə bir az mənəvi yöndən yanaşım.
Haqq-ədalət savaşı bəşəriyyət var olandan gedir. Bizim imam Hüseyn kimi nümunəmiz var. Allah-Təala bizim üçün cihad üçün 3 vacib şərt qoyub; din, namus, vətən təhlükədə olanda özünə müsəlman deyən hər kəs arxasına baxmadan cihada qalxmalıdır. Imam Hüseyn o vacibatın tək biri təhlükədə olarkən, öz körpə balaları ilə belə, mübarizəyə qalxdı, şəhid oldu.

Azərbaycanda isə o vacib şərtlərin üçü də məhv edilir. Vətən torpaqları işğal olunub, namusumuz nə vəziyyətdədir demək çətindir, dinə gəldikdə isə...məscidlər buldozerin qabağına verilir, m?scidl?r qanunsuzdur deyib bağlanılır, hicaba, azana qadağa qoyulur.

Məni birinci dəfə həbs etmirlər; hicab qadağasına görə də məni iki dəfə tutub həbs veriblər. Bunları deməkdə məqsədim odur ki, mən özüm üçün cihad qərarı vermiş adamam. Hər gün ibadətimdə də Allaha yalvarıram ki, mənim mübarizəmi cihad sırasına yazsın.

Sonda sizə bir müraciətim var, yoldaş hakim.

Dünyanın hər yeri Azərbaycan kimi zülm, özbaşınalıq deyil. Dünyada mədəni, hüququn işlədiyi ədalətli cəmiyyətlər, ölkələr var. Siz bizim iş üzrə obyektiv qərar verin, günahsız yerə həbs edilən bu insanları azad edin. Buna görə sizə təzyiqlər olacaq, amma bu, sizi qorxutmasın. Qaçın bu ölkədən, gedin o yerlərdə yaşayın. Belə həm öz adınızı tarixə yazacaqsınız, həm də ədaləti bərpa edəcəksiniz".