31.7.11

Sizin də dəli dostunuz varmı?

Diqqət etsəniz, fotoda əli güllü kişini Bakının mərkəzində görə bilərsiniz.
Tikansız bir adamdır, maraqlı tipdir. Onunla dostluğumuzun tarixi həbsxanadan başlayıb. 2003-cü il seçkisindən sonra Bayılda kameradaş olmuşuq. İ
Yox, o, siyasətçi deyil, tam başqa səbəbdən həbsə düşmüşdü. Salamını almayan qonşusunu “Əəə, yekabaş, salam allahındı, niyə salamımı almırsan”?- deyib kötəklədiyi üçün.

Ağayusif Əbdulrəhmanov 1961-ci ildə Göyçay rayonunun Bığırlı kəndində anadan olub. Evlidir, iki tələbə qızı var, ailəsi Əli Bayramlıda yaşayır. Kameramızda hər kəs onu dəli kimi qəbul edirdi, o da bu statusundan heç narahat da deyildi. Deyirdi: “Dəliyəm, amma Koroğlunun dəlisindən”.

Bir gün ondan soruşdum:

-Ağayusif, necə oldu ki, sən dəli oldun?

- Bilirsən, səhər yuxudan ayılıb həyətə düşən kimi qabağıma itim çıxırdı. Məndən soruşurdu, Ağayusif, necə yatdın? Deyirdim- yaxşı. İt də deyirdi ki, gecəni səhərə qədər səni qorumuşam, indi kişisənsə bir tikə çörək at yeyim, səni yenə qoruyum.
Çörək hardan? Gərək çörəyi qazanasan axı... Özümü eşitməməzliyə vurub gedirdim. Paho, bu an toyuq qabağıma çıxırdı. Soruşurdu ki, Ağayusif, yumurtamı yedin, dadlıydı? Deyirdim, Allah canını sağ eləsin, lap əlaydı.
Toyuq da qayıdırdı ki, ənginə güc verib tərifə girişmə e, kişisən bir ovuc dən at, yeyim, yenə yumurtlayım. Dənim hardaydı... Bax qardaş, itin, toyuğun qabağında xəcalətli qalmağım məni dəli etdi”.

Həbsdən sonra Ağayusifi arada Tarqovıda qabağıma çıxır. Yanımda zənən xeylağı görən kimi pulsuz parasız mənim xətirimə ona gül verir. Belə adamdır Ağayusif...