22.7.11

Müəllim

Yaxınlarda əcnəbi dil kursu keçirilən yerdə qonaq idim və maraqlı hadisənin şahidi oldum. Xeyli nüfuzu olan bu kursda repititor müəllimlə oranın xanım inzibatçısı arasında qarşıdurma yaranmışdı. Müəllim çox pul tələb edirdi, aldadıldığını deyirdi, inzibatçı isə onunla razılaşmırdı. Müəllim əsəbiləşdi, məsləyinə uyğun olmayan ifadə tərzinə keçdi, kobudluq göstərməyə başladı. Bu zaman inzibatçı xanım daha yuxarı rəhbərliklə o müəllimi azca qorxutmağa səy göstərərək dedi ki, “filənkəsə bu hərəkətlərini çatdıracağam, o da sizinlə əməkdaşlığa son qoyacaq”. Bu an o müəllim barıt çəlləyi kimi partladı: “Kimə, kimə deyəcəksən? Qələt edir filənkəs! Ver bura kağızı...”

Bunu deyib də stolun üstündən bir ağ vərəq götürüb ərizə yazdı və onu nümayişkəranə formada oxumağa başladı: “Filənkəs müəllim, məni işdən çıxarmaq istəyirsiniz? Bacarırsınızsa edin. Heç kim mənim şərəfimlə oynaya bilməz. Siz hamınız mənim yanımda balaca adamlarsınız”.Belə bir müəllim tipini mən çoxdandı görmürdüm. Nə gizlədim, onun kobudluğu, pedaqoq adına qətiyyən yaraşmayan davranışını unudaraq, müəllimin öz qürurunu qoruması üçün göstərdiyi davranışa heyrətlə baxırdım. Malı mala qatmayıb, bir daha aydınlaşdırma edək: müəllimə kobudluq, təhqirlə danışmaq yaraşmaz, xanımla bu sayaq davranış, ümumiyyətlə, yolverilməzdir. Hətta xanım bir az “sevgiladəlik” etsəydi (Sevgiladəlik nədir BURA BAS ÖYRƏN), həmin müəllimin əməlində xuliqanlıq elementləri də vardı.Bizim müəllimlərdə şükr ki, belə hərəkətlər yoxdur və ya çox azdır. Ancaq daha pisi müəllimlərimizin üzüyola olması və elə bu cür də uşaqlar tərbiyə etməsidir.

Azərbaycan müəllimi uzun əsrlərdən bəri “müəllim” adı üçün yığılan kapitalı beş-on manat maaşa görə çox ucuz xərcləyir. Müəllim o beş-on manatın əsiri olub, min bir haqsızlığa dözür, susur və ya özü xalqa edilən zülmün tərkib hissəsinə çevrilir. Bu, təkcə xarakter qüsuru deyil. Qətiyyən belə düşünmək olmaz ki, Azərbaycanda nə qədər kölə xasiyyətli, başıaşağı adam varsa, hamısını müəllim ediblər. Xeyr, belə deyil. Dil kursundakı müəllimi təhlil edərkən mənə bir daha aydın oldu ki, müəllimləri məzlumlaşdıran onların savadsızlığıdır, cahilliyidir.Dava salan müəllimdən daha bir sitat verim: “Məni buradan çıxaracaqsınız? Cəhənnəmə çıxarın. Gedib özüm buradakından da yaxşı kurs açaram. Bura bir nəfər gələn olmaz, hamı məni axtarar”.

Bu müəllimə güc verən nədir? Əlbəttə, o, nə Əliyevlərdəndi, nə də ki, Kəmaləddin Heydərovun qohum-əqrəbasındandı. Adam sadəcə, öz gücünə, biliyinə arxayındı. Bax, problem bundadır. Müəllim öz savadına, istedadına əmindirsə, heç kim onu beş-on manata görə əsir saxlaya bilməz. Yuxarıda qeyd etdiyim kimi, müəllimləri əsarətdə inləməyə vadar edən onların cahilliyi, biliksizliyidir. Azad və qürurlu həyatın əsas yolu da buradan keçir - peşəkar, elmli olacaqsan, diletantlıqla baş saxlamaqdan qaçacaqsan...

Məqaləni axıra qədər oxuyanlar üçün dəyərli bəyimizdən güclü bir hədiyyə, dinləyin: