20.6.11

Təcavüzdən danışmalı

Şüvəlandakı 1 saylı internat məktəbində qızlara qarşı təcavüz və zorakılıq haqda Aynur Elgünəşin hazırladığı reportajı soyuqqanlılıqla oxumaq mümkün olmadı. Tək biz yox, baş prokuror da bu olaydan təsirlənib. Artıq işə prokurorluq qarışıb.

Çox gec oldu, amma heç olmamaqdansa indi olması yaxşıdır. İnternatın rəhbəri Mübariz Qasımovun, müəllimi Alışan Qurbanovun hərəkətlərinə hüquq qiymət verəcək. Bizim hələ ki heç kimi birbaşa ittiham etməyə ixtiyarımız yoxdur. Lakin ölkənin orta məktəblərində müəllimlər uşaqları heyvan kimi çırpırsa və bu görüntülər internetdə yayılacaq həddədək çoxdursa, internatda baş verən biabırçılıqda qeyri adilik axtarmağa dəyməz. Köməksiz, valideyn himayəsindən məhrum, üzərlərində ağıldankəm damğası olan qızlara qarşı istənilən nadürüstlüyü etmək bizdə gərək ki, çox asan olsun.
Axı çətin tərbiyə olunan uşaqlara rəhbərlik etmiş Makarenko Azərbaycanda çoxdan «xalq düşməni» elan edilib. Sizlə nədən desəniz, mərcləşərəm - Şüvəlandakı o müəllimlər Makarenkodan bir cümlə belə bilmirlər. Böyük pedaqoqun ipə-sapa yatmaz uşaqları necə ram etməsi haqda yazdığı kitabları oxumayan “müəllimin” tabeliyində olanları “şlanq”la, telefon kabeli ilə zopalayıb tərbiyələndirməsi çox adidir, yoldaşlar, çox adi!
Qızlara qarşı təcavüz olubmu? Hər halda, ortada belə bir xoşagəlməz iddia var. İndi bütün nəzərlər prokurorluqdadır. Onlar heç olmasa, bir dəfə hamımızın rəğbətini qazanacaq bir işi tamamlamalıdırlar. Deyilən cinayət baş veribsə, bunun bütün təfərrüatları açılmalı, ən kəskin cəza tədbiri görülməlidir. Hamıya görk olmalıdır. Bu, adi təcavüz deyil, köməksiz, döyməyə bir qapısı olmayan qız uşaqlarına qarşı vandallıqdır.

Şüvəlan olayı medianın üzərinə böyük missiya qoyur. Bu məsələ maksimum ictimailəşdirilməlidir. Biz öz cəmiyyətimizi yaxşı tanıyırıq. Bir qayda olaraq bu cür vəhşiliklərə məruz qalan insanlar abırlarına qısılıb danışmırlar. Bu isə növbəti təcavüzlərə münbit şərait yaradır. Əminəm o qədər qız, qadın var ki, aşağı statusuna görə təcavüzə məruz qalıb, ləyaqəti tapdalanıb. Belələrini tapmaq, danışdırmaq gərəkdir. Onları inandırmaq lazımdır ki, başlarına gətirilənlər onların yox, anormal sistemin üz qarasıdır.

Türkiyənin populyar “Hürriyyet” qəzetinin Ayşə Arman adlı yazarı var. Üç aydır Ayşə Arman eyni bir mövzu üzərində yazır və bütün ölkəni silkələyir. Mövzu aşağı (tabeli, ehtiyaclı) statusuna görə qadınların təcavüzə uğramasıdır. Onun ötən yazılarından biri reanimasiyadakı bir qıza feldşerin əl uzatmasına həsr edilmişdi. Bir az aydın olsun; feldşer xəstə qızla cinsəl təmasda olmayıb, ona ancaq bir neçə xoş sözlər deyib, bədəninə toxunub. Bu kifayət edib ki, qızın anası xəstəxanaya qaşı məhkəmə davası açsın. Şüvəlan olayı ilə analoji özünümüdafiə: feldşer də qızın ağıldankəm olduğunu iddia edir. Proses hələ davam edir. “Hürriyyet” bu işə təcavüz adı qoyub hər gün gündəmində saxlayır. 

Ayşə Arman türk qadını üçün sanki nəfəslik açıb. Hər gün bir qısa girişlə beş-altı qadının maillərini çap edir. Qadınlar heç kömək də istəmirlər. Sadəcə, dərdlərini bölüşürlər, bunun özü böyük psixoloji boşalmadır. İsgəndərin öz dərdini boş quyuya deməsini kimi bir rahatlıqdır.

Adam Ayşənin yazdığı təcavüz hekayələrini oxuyur, ürəyi sıxılır, utanır. “Hürriyyet”i oxuyanların arasında təcavüz edənlərin olması şübhə doğurmur. Amma əminəm ki, qurbanların iztirabla yazdığı qeydləri oxuyanda onların içi tərpənir. Ən azı peşman olurlar, bəlkə də günahlarını yumaq üçün nələrsə etməyə qərar verirlər. Təcavüz söz kimi deyil, hadisə kimi “Hürriyet” oxucularda ikrah yaradır.
Bunları yazmaqda məqsədim Ayşə Armandan az istedadı olmayan Aynur Elgünəşdən bu ağır işi çiyinlərinə götürməyi xahiş etməkdi. Aynur xanım, bizim qadınları danışdırın. Danışdırın və biz öz heyvərəliyimizdən bir az utanaq. Siz bunu bacararsınız…