20.6.11

Siyasətin fövqündə olanlar

Seyyid Camal 
"Kəndinə dön, türk oğlu"

“Təbliğ” İslam Xeyriyyə Vəqfinin rəhbəri, Müsavat Partiyasının tanınan simalarından olan Seyid Camal Əzimzadə əvvəl bizim qəzetə, sonrasa “Azadlıq”a maraqlı bir fikir deyib: “2005-ci il parlament seçkisindən sonra vəqfin idarə heyətinin qərarı ilə mən siyasətin fövqündə dayanıram”. Oxuculara aydınlıq üçün yazım ki, bu sözləri Seyid müsavatdaxili son “razborka”lara bağlı müxbirin verdiyi sual əsasında deyib.
Bu nəyinsə fövqündə durmaq söhbəti qədər məni qıdıqlayan tək-tük söz var. Inandığınız haqqı, nə işdirsə, azərbaycanlılar son illər kütləvi surətdə göylərə qalxmaq, reallıqların fövqündə durmaq xəstəliyinə yüksək intensivliklə yoluxur.

Şairlərimiz heç, onlar binayi-qədimdən bu xəstəliyin ən ağır formasını yaşayırlar. Gözəl insan Vaqif Bayatlı Önərin şeirlərini oxuyun, görün. Bu adamın bir cümləsi də yerlə bağlı deyil, şeirlərdə aşağı söhbət qalaktıkadan gedir. Bir dəfə bunu şairə irad tutanda o, bundan heç kimin narahat olmamasını məsləhət bildi. Dedi ki, mən şeirləri göy üzünün o biri üzü üçün yazıram. Amma Vaqif bəy göy üzünün o biri üzündə yaşayanlar üçün burda niyə kitab çıxardığına hələ ki izahat verməyib. 

 Yaxud Rüstəm Behrudi, onun şeirlərinin ayağı yerə gəlmir. “Behrud” tikinti şirkətini isə, deyəsən, onun ruhu idarə edir.  
2000-ci ildə AXCP daxilində problemlər gərginləşəndə bu gərginliyin baiskarlarından biri, indiki deputat Fazil Mustafayev də yada düşür. Cənab Mustafayevi partiya nizamnaməsini pozmaqda ittiham etdikdə, o, opponentlərinə “mən nizamnamənin fövqündəyəm” demişdi. İllər ötəndən sonra məlum oldu ki, nizamnamənin fövqündə durmaq Fazil bəy üçün İlham Əliyevin arxasında sakitcə durub əl çalmağa bərabər işdir. Axı o, paytaxtda yeni açılan məktəblərdə dövlət başçısının lent kəsməsini alqışlarla müşayiət edir.

Başqa bir cəddinə qurban olduğum, KXCP sədri Mirmahmud Fəttayev də keçən ay “525-ci qəzet”ə verdiyi müsahibədə özünü siyasətin fövqündə dayanan şəxs kimi qiymətləndirib.
Bir aydır, Müsavatda aləm bir-birinə dəyib. Müsavat başqanı ixtilaflarla bağlı heç bir qəzetə müsahibə vermir. Səbəbini soruşsan, o da mütləq deyəcək ki, mən bu hadisələrin fövqündəyəm.

Adamda belə təəssürat yaranır ki, Azərbaycan torpağı üzərində dişə vurulası bir adam da qalmayıb. Hamısı göylərdədir.
 “Fövqəl”lərin iddialarına inansaq, Azəırbaycanın hava məkanında bu dəqiqə “probka” əlindən tərpənməli deyil. A kişi, burda kimlər yoxdur? Şair, siyasətçi, ümummilli lider, musiqiçi, bir sözlə, gözə dəyən bütün tanıdıqlarımız göylərdə cövlan edir. Hacılar da ki, öz yerində.
 Adamı fikir götürür, bəlkə, bizim siyasətimizin, ədəbiyyatımızın, bir sözlə, reallıqlarımızın pis gündə olmasının səbəbini “fövqəlbəşərlərdə” axtaraq?  
Mən başa düşürəm ki, qanad çalıb süzmək qəlb oxşayan məşğuliyyətdir. Amma sənə tapşırılmış taleyüklü işi buraxıb göyə dırmaşırsansa, üzr istəyirəm, bu məsuliyyətsizlik deməkdir. Ona görə də vəziyyət bu cür  ağırdır. Vəziyyətdənsə çıxış yolu var. Şükür Allaha, Azərbaycanda Fövqəladə Hallar Nazirliyi yaradılıb. Bu nazirliyin tərkibində suda xilasetmə xidməti var. İndi nazirlik qaldırdığımız problemi nəzərə alaraq bir göydən xilas xidməti də yaratmalıdır. Qoy öz postlarını tərk edib səmanın ənginliyində “avtoş”luq edənlərin hamısını tutub bir-bir özlərinə qaytarsınlar. Türk oğlu özünə dönəndə böyük olur.

*bu məqaləm 10 -11 -2007 tarixdə "Bizim Yol" qəzetində dərc olunub*