18.6.11

Eynulla Fətullayev- Həbsdən öncə

Qeyd:   Bu yazı Eynulla Fətullayevin «Realnıy Azerbaydjan» qəzetinin son saylarının (2007) birində dərc edilib.

***
Bir neçə gün sonra gözdən düşmüş digər oliqarx - Fərhad Əliyev üzərində proses başlayacaq və o da hakim elitanın əsəblərini kifayət qədər pozacaq. Özü də Əli İnsanov hakimiyyətin ideoloji cəhətdən dağılmasının və tənqidinin çox yüksək həddini müəyyən edib. F.Əliyev isə bütün həqiqətləri danışmağa, ictimaiyyətə bütün informasiyanı və əlbəttə ki, yeni faktları verməyə cəhd edəcək. Baş prokuror və hakimlər bu faktların hər biri üzrə cinayət işi qaldırmağa borcludur.
Sonra isə Hüseyn Abdullayev - tayfa hakimiyyətinin daha bir ən informasiyalı nümayəndəsi üzərində proses başlayacaq. Bu adamın son dərəcə emosional və impulsiv xarakterini nəzərə alaraq əminliklə söyləmək olar ki, hakimiyyətin onu 5-6 il həbsxanada saxlamaq əhval-ruhiyyəsini yəqin edəndən sonra o da Əliyev hakimiyyətinin gizli bağlarını açmağa başlayacaq. Brejnevsayağı informasiya texnologiyaları və özünü ifşa edən təbliğatla silahlanmış hakimiyyət başında duranlar 2008-ci il prezident seçkilərinə kriminal qalmaqallara aşağılanan və ləkələnən şəkildə qoşulur.
***
Prezidentin baş tutmayan, illüziya olaraq qalan islahat niyyətinin iflasa uğramasının təsiri altında həmin 20 faiz (rusdilli təbəqə, eləcə də hazırkı müxalifəti dəstəkləməyən, lakin bununla yanaşı hakimiyyətdən də narazı olanlar) artıq rejimdən üz döndərib. Özünün korrupsiya piramidasının saxlanılması ideyasından həvəsə gələn və büdcə boşluqlarını bağlamağa çalışan, eləcə də məmurların mənimsədiyi beynəlxalq kreditləri qaytarmamaları üzündən çətin vəziyyətə düşən prezident qiymətlərin qaldırılması kimi qeyri-populyar addım atdı. Xəyali ümidlərini hələ də neft dollarları və İlham Əliyevin islahatçılığı ilə bağlayan cəmiyyətin və həmin 20 faizin narazılığı həm də onsuz da kasıb olan insanların dilənçi kökünə salınmasının əleyhinə çıxan müstəqil ekspertlərin, iqtisadçı-alimlərin əminliyi ilə bağlı idi. Dövlət qiymətlərin belə artırılmasından yayına bilərdi. Lakin prezident partlayış təhlükəsi olan prosesin əsasını qoydu - qiymətlərin sonsuz qaldırılması, 2008-ci ilin ortalarına yaxın daha 20-30 faiz artacaq (müstəqil ekspertlərin hesablamasına görə) dördnala çapan inflyasiya.
Azad İstehlakçılar Birliyinin informasiyasına görə, ilkin tələbat məhsullarının qiyməti bu il 30 faiz, gələn il isə hətta 50 faiz artacaq!!!
Bununla paralel olaraqsa beynəlxalq maliyyə institutları artıq Azərbaycanda Nigeriya modelinin təhlükəsi barədə danışırlar. Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Bazil Zavoyko bu təhlükə barədə açıq danışır. Baş nazir Artur Rasizadə isə «holland sindromunun» əlamətlərinin özünü də inkar edir. Prezident və onun hökuməti Böyük Yalanın girovuna çevriliblər. Və cəmiyyətin böyük hissəsi bu ağır, lakin real həqiqəti anlayıb. Hökumət açıq şəkildə ARDNŞ-dən neft dollarlarını talan edir - bunu bir çox faktlar, o cümlədən körpü və keçidlərin tikintisindəki «şapka»lar, korrupsiyalaşmış «Hazinedaroglu» şirkəti ilə bir yerdə Bakı-Oğuz su kəməri layihəsinin reallaşdırılması göstərir. Oğurluq şok yaradan miqyas alıb. Kasıblıq (hətta rəsmi rəqəmlərə görə, əhalimizin 29 faizi kasıblıq həddindən aşağı səviyyədə yaşayır, lakin bu, saxtalaşdırılmış rəqəmdir və real olaraq əhalinin 60 faizi kasıblıq həddindən aşağı səviyyədə yaşayır), işsizliklə (qeyri-rəsmi məlumatlara görə, ölkədə onların sayı 1,5 milyon nəfərdir) mübarizə əvəzinə xarici qlobal investisiya layihələrinin həyata keçirilməsinə başlanılıb. Hakim Ailə «28 may» və «Neft daşları» Neft-Qaz Çıxarma idarələri istisna olmaqla bütün NQÇİ-ləri (onlar xalqa və yalnız ona məxsusdur!) faktiki olaraq özəlləşdirib (saxta offşorlar vasitəsilə). Kulevi və Ceyhanda iri neftayırma zavodlarının tikintisi başlayıb, Moldovada investisiya layihəsi reallaşdırılıb, tezliklə isə İ.Əliyev İordaniya və hətta Suriyada zavod tikintisinə başlayacaq.
***
Ölkədə dağılan milli təhsil, dilənçi vəziyyətinə düşən əhali və sosial fəlakətin fonunda isə Heydər Əliyev Fondu Rumıniya və Pakistanda orta məktəblərin tikintisi ilə bağlı misli görünməmiş aksiyaya başlayıb! Bu, artıq Azərbaycan cəmiyyətini ələ salmaqdır. Bu faktları başqa cür heç bir şəkildə qiymətləndirmək mümkün deyil.
Bəzən hakim tayfanın bir çox nümayəndələri sadəlövhlüklə güman edirlər ki, gələn il cəmiyyətə bir neçə yüz milyon dollar neft pulunu dilənçi payı kimi tullamaqla hakim Ailə cəmiyyətin bir hissəsinin inamını qaytara biləcək. Lakin bu payı kimə və necə verəcəklər? Əgər söhbət büdcə təşkilatlarında çalışanların məvaciblərinin artırılmasından gedirsə, müəllimin maaşının 40 manat və ya həkimin maaşının 63 manat artırılması günü-günə calayan büdcə təşkilatlarında çalışanların sosial vəziyyətini yaxşılaşdırmayacaq. Əgər İlham Əliyev dövlət idarəçiliyinin korrupsiya prinsipindən imtina edərək islahatlar keçirmək niyyətinə düşsə, onun sadəcə prezident kampaniyasının əvvəlinə kimi vaxtı çatmayacaq.
Beləlikə, simasızlaşmış hakim qruplaşma cəmiyyətin maraqlarını bir kənara ataraq və hakimiyyət olimpində barrikada quraraq 2008-ci ildə prezident seçkiləri uğrunda yeni döyüşə hazırlaşmağa başlayacaq. Hakimiyyət xalqa qarşı. Bu dəfə o, polis zülmünün amansız sisteminin gücünə və saxtakarlığa arxalanır. Pənahovun qanunu fəaliyyətdədir. Müxalifət və YAParteid rejiminin əleyhdarları buna qarşı nə qoya biləcəklər?

Vəziyyətin inkişaf variantları

Müxalifət hələ də darmadağın edilmiş vəziyyətdədir. Ötən il ərzində nə Müsavat Partiyası, nə «Azadlıq» bloku, nə də liberallar düşdükləri komadan çıxa bilmirlər və hələ də bu vəziyyətdədirlər. Onların fədakar mübarizəsini (yaddan çıxarmaq lazım deyil ki, müxalifət liderləri repressiv aparatın daimi və qeyri-insani təzyiqi altındadır) qiymətləndirməklə yanaşı etiraf etmək lazımdır ki, müxalifətin hazırkı səyləri vəziyyətin real dəyişdirilməsi üçün kifayət deyil. Maliyyə resurslarının, xaricdən dəstəyin (yenə də maliyyə dəstəyi) olmaması onları qəzet səhifələri ilə məhdudlaşan və heç bir məna daşımayan bəyanatlar, məhkəmə iddiaları və s. kimi süst, qeyri-effektiv və sistemsiz mübarizəyə məhkum edir. Yəni müxalifət böyük Əliyevin hakimiyyətinin son illərində nümayiş etdirdiyi effektiv mübarizənin reanimasiyası üçün imkanlara malik deyil.
Gözdən düşmüş oliqarxlar Əli İnsanovla Fərhad Əliyevin mövqeləri bu mənada adamı təəccübləndirir. Onlar müxalifət hərəkatını deklorativ bəyanatlarla dəstəkləməklə kifayətləndilər. Onlar indinin özünə qədər də sistemli müxalifətlə səylərini birləşdirməkdən imtina edərək hansısa efemer QHT-lərin və xaricdəki lobbist dəstəyinə ümid edirlər. Həm İnsanov, həm Fərhad Əliyev, həm də Hüseyn Abdullayev anlamalıdır ki, hazırkı hakimiyyət heç bir şəraitdə onların vaxtından əvvəl həbsxanadan buraxılmalarına getməyəcək və onların yeganə xilası Azərbaycanın xilası kimi müxalifət cəbhəsi ilə qüvvələrini birləşdirməkdədir. Özü də 2008-ci il seçkilərinə sanılı aylar qalıb.
Müxalifət partiyalarına isə öz təşkilat strukturlarını və regional komitələrini bərpa etmək lazımdır. Bu, oliqarxların hüdudsuz maliyyə resursları hesabına baş verə bilər. Onlar isə hələlik siyasi proseslərə aktiv qoşulmur. Ənənəvi etirazçı elektoratın liderlərindən hər biri - həm İsa Qəmbər, həm Əli Kərimli, həm də Lalə Şövkət özlərinin ənənəvi elektoral bazalarını (20-40 faiz arasında) hələ də saxlayırlar. Lakin yalnız səslərlə və 2008-ci ildə seçki yarışı ilə kifayətlənmək mümkün olmayacaq. Ciddi təşkilat strukturları və sosial qüvvələrin təşkilatlanması olmadan Viloşun polis rejiminə qarşı müqavimət təşkil etmək çətin olacaq.
Daha bir vacib faktor - 2003-cü ildəki vəziyyətdən fərqli olaraq İ.Qəmbər müxalifətin şəksiz lideri mövqeyini saxlamır. Baxmayaraq ki, onun digər müxalifət liderlərindən bir sıra üstünlükləri var. Birincisi, onun parlamentdə tribunası var. Bəli, MTN-nin xüsusi təyinatlı qüvvələrinin deputatın başına torba keçirərək ona heç bir əsası olmadan Bayıl həbsxanasında saxladığı bir vaxtda həmin tribunanın təsiri və əhəmiyyəti böyük deyil. Lakin vəziyyət köklü şəkildə dəyişə bilər. Yaddan çıxarmaq lazım deyil ki, Mütəllibov parlamentində də müxalifət cüzi azlıq təşkil edirdi. Lakin inqilabi vəziyyət yarananda mayeyəbənzər hakim çoxluğun bütövlüyünü saxlamaq o qədər də asan deyil. İkincisi, hakimiyyətin çoxsaylı böhtanlarına baxmayaraq partiyasının bütövlüyünü qoruyub saxlaya bilib və bu da az əhəmiyyətli deyil.
Bununla yanaşı, parlamentdən sonrakı dövrdə müstəqil ictimai xadim Eldar Namazov da özünün siyasi ambisiyaları barədə niyyətini açıq büruzə verib. O, ilk dəfə niyyətini 2005-ci il parlament seçkiləri zamanı hakimiyyət, klonlar (iki Eldar Namazov), liberallar və «Azadlıq» blokunun nümayəndələri ilə mübarizədə tam qələbə çalması ilə göstərib. Lakin indiyə qədər onun təşkilatlanmış strukturları və aydın planı yoxdur - o, 2008-ci ildə rəngli inqilabı necə həyata keçirməyə hazırlaşır? Hansı qüvvələr və resursların köməyi ilə?
Və nəhayət, Rusiya-Azərbaycan münasibətləri pisləşdikcə Bakıda daha çox rusiyalı general İlqar Qasımov kimi tanınan Kreml namizədinin fəaliyyəti daha aktiv görünür. Onun qeyri-məhdud maliyyə resursları var. O, tədricən ölkənin siyasi məkanını tutur, özünün təşkilat strukturlarını möhkəmləndirir və digər qərbçi partiyalardan bu rejimin əleyhinə olanları hissə-hissə ələ alır. İ.Qasımov hələlik müəmmalı fiqurdur və yəqin ki, daha çox müəyyən Rusiya dairələri tərəfindən dəstəklənir. Kremlin onunla bağlı hansı planlarının olması və onun özünün əsl məqsədinin nə olması hələlik çox böyük sualdır.
Beləliklə, müxalifət hazırkı vəziyyətdə və görünüşdə hakimiyyətə müqavimət göstərmək iqtidarında deyil. Ədalətli və təmiz seçkilərə ümid İlham Əliyevin iqtisadi və siyasi islahatlarına olduğu qədər cüzidir. Hakimiyyət içəridən dağılır, tənəzzül edir və xalqı özünə qarşı çevirir. Müxalifət hələlik küldən doğmaq qüdrətində deyil. Xalq susur. Azərbaycan hələ də dağılır. Nə vaxta qədər?