19.7.10

Biləcəridən o tərəflər-PARİS

Dərvişin partlatmaq istədiyi şəhərdə


Müdriklər həmişə israfçılığa qarşı olublar. Heç nəyin israfı təqdir olunur, eləcə də xoş sözlərin. Bax bu tövsiyyəyə əməl etmədiyim ucbatından indi pis vəziyyətdəyəm: Fransa qeydlərimi yazarkən Srasburqu elə təriflədim ki, indi növbə Parisə çatıb qalmışam tərif üçün söz tapmıram...


Paris və bayram 

Paris haqda çox oxuyub, çox eşidibsiniz. V. Hüqo, Napaleon, M.Robespiyerin addımladığı bu əsrarəngiz şəhər haqda elə adamlar yazıb ki, adi müxbirin Parisi təqdim etmək kimi məsuliyyətin altına çiyin verəndə istər-istəməz dizləri əsməlidir...
Səhv etmirəmsə, Hemenquey “Paris səni heç vaxt tərk etməyən bayram deməkdir” söyləmişdi. Parisi görmədən bu fikirin nə qədər dəqiq, sərrast deyildiyini izah etmək çətindir. Parisə doğrudan da toy-bayramdır əhval ruhiyyəsi hakimdir. Bunu şəhərə ayaq qoyduğun an hiss etmədinsə, 5 duyğu orqanından azı 3-ü sıradan çıxıb demək ki...

Aqil Xəlildən salam və müjdə var

İyulun 4-i Strasburqda yaşayıb çalışan jurnalist dostumuz Elnur Məcidlinin araçlığı ilə Parisə “Azadlıq”ın yetirməsi Aqil Xəlilin yanına yollandım. Aqili “Azadlıq” oxucusuna tanıtmağa gərək yoxdur. Əliyevçi sistemi bütün təqib və təzyiqlərini dəf edən yoldaşımız cəsur davranışı ilə nə qədər ehtirama layiq idisə, indi Parisdəki fəaliyyəti ilə də bir o qədər öygüyə layiqdir. Aqil indi Parisdə təhsil alır, öz üzərində ciddi çalışır, fransız dilini tam mənimsəyib, bəzi mühacirlərimiz kimi “sistalaşmayıb”, əksinə fəal ictimai-siyasi mövqeyi ilə seçilir. Azərbaycan hakimiyyətinin bu gənc insana qarşı etdiyi nakişilik və qanunsuzluq Avropa Məhkəməsinə çıxmaq ərəfəsindədir. Yaxınlarda bu yüksək məhkəmədən xoş soraqlar alacağınızı indidən müjdələyə bilərəm.


Hər həftəyə bir bayram

İyunun 4-ü bazar günü idi. Biz Fransa senatının yaxınlığındakı küçədən keçəndə böyük magistral boyunca insanların toplaşması həmən diqqətimi çəkdi. Sayı 2-3 minə çatan bu adamların hamısının ayaqlarında diyirçəkli konkilər vardı. Onları eyni konkilərdən geyən polislər yandan və öndən, arxadan isə ambulans avtomobili müşayət edirdi. Aqilin deməsinə görə, bu hər ayın birinci bazar günü keçirilən bir növ idman bayramıdır.
Ümumiyyətlə Parisdə hər bir həftəyə şənbə bazar günüdən başqa istirahət etmək üçün bir bayram salınıb. Sosial məsələlərə ciddi önəm verən ölkə kimi Parisdə hətta şəxsi mağazaları həftədə bir gün istirahət etmədən və saat 19-dan artıq işləməyə heç kimin haqqı yoxdur. Bu əməyin istismartı sayılır. 


Fransız xalqı kef edir

Bazar günü olduğundan Parisdəki qələbəliyi, az qala hər tində, hər küçədə, parkda adamların yeyib –içib şənlənməyini  hardasa bir az təbii qarşıladım amma növbəti gün də eyni mənzərə ilə rastlaşanda dedim ki, hə doğrudan da Fransız xalqı kef eləyir.
Bayram əhval ruhiyyəsi insanların çöhrəsindən tökülür. Hamı pozitiv enerji saçır. Əlbəttə, bunun çox aydın səbəbi var. Fransızlara bu müsbət auranı verən rahat, firavan həyat tərzi gerçək azadlıqdır. Yəni, həmin yaşam tərzi tək fransızların boynuna biçilməyib. Azərbaycanlıları boğan soaisal-siyasi səbəbləri çox yox 30 faiz azaldılsın, hazırda əl ayağımızı dolaşan əsəbi, qaşqabaqlı adamları o zaman gündüz çıraqla gəzsək tapmayacağıq.
Parisin bayram ovqatı elə yüksəkdir ki, deyərdim Himalay dağlarından enən buddist rahib belə birda özü halının dəyişdiyini görər. Şəhər sanki adam diqtə edir: Sən Parisdəsən, sən azad və firavan insanlar əhatəsindəsən, burda yaxanı kənara çəkə bilməzsən...


Avropa standartlı ot

Fransadan dönəndən iki gün sonra Bakı Dənizkənarı Bulvara getmişdik. Gəzib yorulduğumuzdan ağacların altındakı yaşıllıqa əyləşdik. Heç 5 dəqiqə keçmədim ki, başımızın üstünü polis aldı. İnsafən çox mədəni formada bizə otluqdan qalxmağı əmr etdi, bizə başa saldı ki, “yuxarılardan” gələn tapşırığa görə otun üstünə oturmaq olmaz.
Bu hadisə dərhal Paris parklarını yadıma saldı...Geniş və analoqsuz yaşıllıqlı parklardakı yaşıllıqlarda insanlar nəinki oturur, dəstə-dəstə uzanır (bəziləri hətta çimərlik paltarında), yatır, şərab içir, qəlyan çəkir və s... Məni Parisdə xüsusən otların üzərinə lüt uzanan adamlar maraqlandırdı. Yox, maraqıma səbəb insanların alaçılpaqlığı deyildi, yaşıllığın necə təmiz olmasıydı. İsətəsəniz yoxlaya bilərsiniz, bizdə çox yox bir dəfə paltarsız istənilən şəhər parkında, kənddəki çəmənlikdə uzanın. Bədənizə onlarla bit-birə, gənə qurd həmən daraşacaq. Deməli, nəinki insanları hətta otlarımızı da Avropa standartlarına yüksəltməliyik.

Zibilləmə

Paris Sratasburq kimi təmizliyə riayət olunan yer deyil. Xüsusən onun nəhəng, ucu bucağı bilinməyən metrosu, təəccüblənəcəksiniz, Bakı metropolitenindən də səliqəsizdir. Niyə bilmədim. İmmiqratların çoxluğu Parisin baş ağırısıdır. Eyfelin ətrafı Pakistandan, Əfqanıstandan, Arfika ölkələrindən gələnlərlə doludur. Bu zalım uşağı heç saqqallarına da əl gəzdirmədən bir nömrəli ərazidə küçə ticarəti ilə məşğuldurlar. Şəhərin zibillənməsində bu qəbil insanların müstəsna rolu var.
 Bir dəfə parkda dincələrdən orta yaşlı bir kişi əlindəki zibili çox rahatca yerə atıb gedəndə mən Elnur Məcidlidən “bu nə məsələ abi”, soruşdum. Dedi ki, belə hallar olur, amma Bakıdan fərqli olaraq indi sən həmin adamı bir kərə çağırıb nə etdiyini soruşsan, o dəqiqə üzr istəyib zibili yerdən götürəcək , hələ bir xahiş də edəcək ki bu haqda polisə xəbər etməyəsən. Yəni, cəmiyyət üzvlərinin bir birinə qarşı nəzarəti var və bu qətiyyən formal səviyyədə deyil.


Küçə ticarəti

Bakını dünyada analoqsuz etmək istəyənlər, pis-yaxşı şəhərin mərkəzində təmir işləri aparırlar. Amma bu təmir enində sonunda adamlarımızın başında çatlayır. Məsələn, bu yaxınlarda “küçə ticarəti qadağandır” deyib, “Kitab pasajı”ndakı suvenir və rəsm satışını ləğv etdilər. Bununla guya mədəni şəhər obrazı yaratmaq istəyənlərin inanmıram ki, Parisdən xəbəri olmasın. Belədirsə həmin adamlar üçün yazıram. Fransa paytaxtının ən məşhur yerlərindən biri olan Notr Dam Paris kilsəsinin önündə Sena çayı boyunca eynən bizim “Kitab pasajı”nda görülən işi görürlər. Bir allahın qulu onlara  gözün üstə qaşın var demir, nə də şəhərin görkəmini pozmaqda ittiham etmir.

Dilənçilər

Paris dilənçilərdən məhrum deyil. Az saylı da olsa, belələrinə rast gəlinir. Lakin, maraqlı cəhət ondadır ki, cəmiyyətin bu təbəqəsi də hansısa “zəhmət” hesabına əhalidən pul götürür. Məsələn, mənim gördüyüm iki dilənçinin biri özünü Misir Fironu kimi bəzədib sakitcə oturmuşdu, o biri isə özünü tamami ilə qızılı rəngədə boyayaraq heykələ bənzətmişdi. Cəmiyyətin lap aşağı təbəqəsi sayılan bu insanlar da sanki Parisə bir çalar qatmaqda israrlıydılar. Və əlbəttə ki, heç bir dilənçinin yanından keçənlərə bizdəki kimi yalvarış dolu müraciətini də görə bilmədiyimi də yazmalıyam.



P.S Parisdən Bakıya dönərkən yol yoldaşım Vüqar Qocayev  bizlə birgə uçan 30 yaş həndəvərində arıq bir gənclə məni tanış etdi. Onun adı Thronike Gordadze idi. Az əvvəl prezident Saakaşvili onu Avropa Birliyinə üzvlüklə bağlı Şərq tərəfdaşlığı Proqramını üzrə Xarici İşlər nazirinin müavini təyin edib. Cənab Thornike ilə Bakı limanında ayaqüstü bir neçə kəlmə kəsdik və bəlli oldu ki, yolumuz eyni istiqamətədir. Düşündüm ki, bu çox mötəbər diplomatın qarşısına çıxan olacaq, avtomobil filan da daha sözsüz də... Olmadı yoldaşlar. Hərəmizə 7 manat yarım yerib bir “07”-ə əyləşib gəldik şəhərə. Yolda sürücüyə dedim ki, sən maşınında kimi apardığını bilirsənmi. Bilmədi təbii, mən dedim, o isə bu sözləri zarafatcıl oğlanın fikiri kimi qəbul elədi. Halbuki, həqiqət sizə nəql etdiyimdən özdə deyildi.  Xalqın puıluna dədə malı kimi baxmayan yeni Gürcüstan hakimiyyəti bizdən fərqli olaraq tezliklə avropalaşacaq, buna bir daha əmin oldum.

(Məqalə 19 07 2010 tarixdə `Azadlıq` qəzetində dərc olub)