28.1.10

Doğma mübarizəmiz “Yad dildə”

“Sonu mutlulukla bitten kitaplar yollayın bana”
Nazim Hikmet

Son altı ayda yeni nəsildən beş yazarın romanlarını oxudum. Həmid Herisçinin “Əli.Nino.Bakı.”, Əli Əkbərin “Artuş və Zaur”, Taleh Şahsuvarlının “Canlanma”, Seymur Baycanın “Körpüsalanlar” və Pərvizin “Yad dildə”sini. Çox qəribədir, ədəbiyyata yeni nəfəs gəritməkdə israrlı olan müəlliflərin romanları ölümlə bitir. Həmidin, Əli Əkbərin, Seymurun, Pərvzin (istisna Talehin romanıdır. Taleh bəy romanında əskinə, Babəki Xürrəmini reinkarnasiya edib canlandırıb. Lakin, Allah heç kimə o cür canlanma qismət eləməsin. Elə dirilməkdən ölü qalmaq məsləhətdir) qərhəmanları canını tapşıran adamlardır. Əlbəttə, burda heç qərhəman sözü də yerinə düşmür. Çünki adıçəkilən romanlar bu günkü Azərbaycan reallığını əks etdirib və təbii olaraq, müəlliflərin müsbət planda verdiyi, azadlıq, demokratiya tərəfdarı olan insanlar bu ölkədə qəhrəman ola bilmir, elə toxmaqda söndürülürlər.
S.Baycanın Əli Əkbərin yalnız publisistikasına bələd olanlara qəribə gələ bilər lakin,  onların romanlarının faciəviliyi heç müzakirə mövzusu deyil. 
***
Pərvizin “Yad dildə”sini haqdasa ayrıca danışmaq lazımdır. Bu kitab məni çox məyus etdi. Açığı Pərvizdən tam başqa ruhda mətn gözləyirdim. Nikbin, mübarizə alovunu körükləyən bir mətn. Amma bu qardaş da baltanı kökündən vurub, roman nəfəs almağa belə yer qoymayıb. Məğlubiyyət, kədər, şiddətli repressiyadan göz açma imkanının olmaması, bütün həyatı kontrolda saxlayan amansız xunta rejimi-bunlar hamısı “Yad dil”dədir.
“Yad dil”də Azərbaycanın müstəqillik tarixini əks etdirməklə, kifayət qədər cəsarətlə yazılan, təhlükəli kodlara toxunan bir siyasi romandır. Həm də deyəsən, bu cür ilk romandır. Orda hamı özünü görə bilər, müxalifət, iqtidar, satılan, sındırılan, biganələr hətta yeni dövrümüzün baş ağırısı kimi qələmə verilən “qısabalaqlılar” da. 
***
Pərviz Cəbrayıl
Pərviz romanında həqiqətləri pərdələməyib, əksinə bəzi gizliləri aşkarlamaq çabası göstərib. Təzadlı olsa da onun məhz bu cəhdi məni qane etmədi. Məsələn, romanın məntiqini düz tutmuşamsa müəllif demək istəyir ki, hakimiyyəti ələ keçirən Xuntaya qarşı mübarizə imitasiyadan başqa bir şey deyil.  Səmimi qəlbdən, cəsurcasına bu idbar rejimi dəyişmək istəyən ASİlər belə Xuntayla onun öz ideoloqunun (Komandante Çe) cızdığı, yazdığı proqram əsasında fəaliyyət göstərmək zorundadırlar və təbii ki, bu mübarizə öncədən məğlubiyyətə məhkum olub. Xuntanın belə bir istəyi və planı olması çox təbiidir, lakin müəllif istedadının yetdiyi halda alternativi göstərməyib. Bir ovuc ASİ-inin Xuntaya qarşı xalqı səfərbər etmək üçün heç bir işini biz romanda görə bilmirik. ASİ-lər “xalq üçün, amma xalqsız” taktikanı seçmiş kimi görsənirlər və min başqa səbəb olmasına baxmayaraq, məncə, elə buna görə də məğlub olurlar. Xalqdan dəstəyi hiss etməyə-etməyə yalnız bulanıq suda balıq tutmaq niyyətinə oxşar formada üsyana qalxan ASİ-lər qana bələnməli idi, bələnirlər də.
***
 Müəllif insanları suya (su romanda həyatı, azadlığı, rifahı, demokratiyanı simvolizə edib) təşnə qoyan xəstə təfəkkürlü Polkovnikin (Xuntanın rəhbəri) devrilməsini necə deyərlər taleyin ümidinə buraxıb. Daha pisi, romanın sonunda Xuntayla  mübarizə varisliyinin ASİ yoldaşlarını satıb mənsəb yiyəsinə çevirilən birinin övladına keçdiyi göstərilməsidir. Təsəvvür edə bilirsinizmi, fərz edin, 20 ildən bəri davam edən milli demokratik mübarizə, onu aparan adamlar tam söndürülür Əliyev səltənətini dəyişmək fikirinə Fəzail Ağamalının nəvəsi düşür...O da hələ məktəblidir, bilmək olmaz böyüyəndə 2-ci Fəzail Ağamalı olcaq, ya yox. Qarantiya yoxdur. Ya Pərviz abi insafın yoxmu sənin? 
Amma diqqətli oxucu sezir ki, müəllif iki vacib simanı (Mübarizənin əsas rəhbəri Xanı və ASİ-lərin ünlü funksioneri Qaragüneyi) sağ saxlayır, onlar əsər boyu Avropa Şurasının siyasi məruzəçinin nə vaxt gələcəyini gözləyə-gözləyə həbsdə qalır. Bəlkə də, onlar azad olandan sonra daha əvvəlki səhvləri təkrarlamayıb qansız Xuntanı devirəcəklər-mesajını verib bizə Pərviz?
“Yad dildə”ni oxyandan sonra mən Azərbaycanda avtoritarizmin necə dəhşətlə gücləndiyinə şahidlik etdim. Qəlbində zərrə qədər də bu rejimə sayğısı olmayan bir müəllif hətta romanda Xuntanı devirə bilmirsə, deməli onlar bizim şüuraltımızı da zəbt edib. Onlar bizim düşüncə neyronlarımızı da məğlubiyyətə kökləyiblər. Buna inanmaq istəmirəm...
***
“Yad dildə”də Parviz ustalıqla insanların tələyə necə salınmasını, el-obasında qürbətin vəhşi mühitində yaşamağa vadar edilən insanların məşəqqətini, repressiya maşınında insanların necə əzildiyini son zamanlar təşəkkül tapan dini meyillərin arxasındakı saxtakarlığı və bütün qovğaların içində incə bir məhəbbət hekayətini anlatmağı bacarıb.
“Yad dildə” həkəkat adamlarının və mübarizəyə qoşulmaq istəyində olan hər kəsin kədərli bir avtobioqrafik romanı olmağa iddialıdır. Onu oxumağa gecikməyin.


(Bu məqalə yanvar, 2010-cu ildə `Azadlıq` qəzetində çap olub)