11.10.09

Mayakovski xiffəti


Bakının müxtəlif yerlərinə çoxsaylı bayraq taxıblar. Milli bayraqlar deyil. Ensiz, uzun xilafət bayraqlarına oxşayır. Ötən həftə Kukla Teatrının yanında bu bayraqların ikisini xarici markalı bir avtomobil vurub yerə sərmişdi. Zərbə o qədər ağır olmuşdu ki, bayraq prezi¬den¬tin "Azərbaycanın inkişafı günün reallığıdır" şüarı yazılmış yeraltı keçidin də mərmərlərini uçurmuşdu. Ayaq altına sərilmiş bayrağın üstündən bu sözləri oxudum: "Bakı - İslam mədəniyyətinin paytaxtı".İşə gəlib dəqiqləşdirdim ki, hökumət bu il Bakını İslam mədəniyyətinin paytaxtı elan edib. Bayraqlar da bu münasibətlə yaradılıb.
İki ildir dalbadal dünyanın nüfuzlu təşkilatları Bakını dünyanın ən çirk¬li şəhəri kimi siyahıya alırlar. Ən çirkli və boğaza qədər zibilə batmış şəhəri İslam mədəniyyətinin paytaxtı elan etmək üçün adamda "padoş"dan sifət lazımdır.
Əgər İslam mədəniyyətinin paytaxtı bu gündədirsə, onda periferiya¬nın halından danışmağa ehtiyac yoxdur. Necə deyərlər, Good bye, İslam və mədəniyyət!
Kitabxanaların sürətlə şadlıq evlərinə, restoranlara, dönərxanalara çevrildiyi ölkəni kim mədəniyyət paytaxtı elan edibsə, onun fantazi¬ya¬sına heyranam. Heç bir ay olmaz "Bizim Yol" keçmiş mədəniyyət (?!) naziri Polad Bülbüloğlunun Ənvər Məmmədxanlı adına kitabxananı "AZAL" Cahangirin turist şirkətinə satdığını yazdı. İçərişəhərdə üç ay əvvəl aşkarlanan yeraltı tunelin üstündə isə fəvvarə tikirlər. Və deyirlər, biz İslam mədəniyyətinin paytaxtıyıq. Kasıb itinin adını Gümüş qoyan kimi…
Bu il Bakını monqol-tatar mədəniyyətinin paytaxtı elan etsəydilər, bu, daha məntiqi və ədalətli olardı.
Yaxınlarda Mayakovsinin Bakı haqda xatirələrini bitirdim. Alovlu, inqilabçı şair iki dəfə Bakıda şeir gecələrində iştirak edib. Zəhmətkeşlər onun dilindən saatlarla şeir dinləyiblər. Adam heyrətə gəlir, o illərin xiffətini çəkirəm. Normalda insan gələcəklə yaşamalıdır, gələcəyin xoş sorağı, ümidləri onu riqqətə gətirməlidir. Lakin bizi elə hala qoyublar ki, 80 il geridən enerji alırıq, gələcəyə boylanmaq belə istəmirik.
80 il əvvəl Bakıda insanlar Mayakovskini dinləyirdi, indi Mahsun Kırmızıgülü. Bu gedişlə 20 ildən sonra yəqin küçük Mahsunu dinləyəcəyik. Açıq görünən bu deqradasiyanı isə mədəniyyətin inkişafı adlandıracağıq.
20 il xilafət ordusuna qarşı döyüşmüş ölkənin indi özünü islam mədəniyyətinin mərkəzi elan etməsi doğrudan da tarixin ironiyasıdır. Babəkə heç Səhl Sumbat da belə xəyanət etməmişdi.
Azərbaycanı o qədər anormallaşdırblar ki, adam bu ölkəyə ad qoymağa da çətinik çəkir. Yeni il bayramı Aşuraya görə ləğv edilirsə, məntiqlə biz bu ölkəni şiə dövləti adlandıra bilərik.
Amma cəfəng dəlillərlə bağlanan "Əbu Bəkr" məscidinin, sökülməsi haqda qərar çıxarılan Yasamaldakı məscidin halını görəndə ölkənin ateist bir quruluşda olduğunu deyə bilərsən.
Hər tin başı heykəlləri görəndə ölkədə bütpərəstliyin hakim olduğunu düşünürsən.
Bakını İslam mədəniyyətinin paytaxtı elan edənlər yəqin İsrail səfirliyinin qarşısında polisin döydüyü, əcdadlarına söydüyü Azərbaycan vətəndaşlarını gördülər. Həmin insanlar Qəzzada müsəlmanların İsrail tərəfindən öldürülməsinə etiraz etmək istəyirdilər. İslama dəxli olmayan, bu inancı, ümumiyyətlə, din saymayan ölkələrdə insanlar öz etirazlarını rahat, maneəsiz ifadə etdikləri halda, "İslam mədəniyyətinin paytaxtı"nda buna görə döyüldülər, söyüldülər, həbs olundular.
Utanım yerinizə…